Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Biz prinsipial siyasət aparırıq

09.10.18, 17:13
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Prezident İlham Əliyev: “Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqların predmeti olmayıb, bu gün də deyil və heç vaxt olmayacaq”

Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
İclası giriş nitqi ilə açan dövlətimizin başçısı 2018-ci ilin ölkəmiz üçün uğurlu il olduğunu bildirib. Prezident İlham Əliyev qeyd edib ki, ilin əvvəlindən qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla və vaxtında icra edilir: “Azərbaycan 2018-ci ildə də öz dinamik inkişafını təmin etmişdir və ölkəmiz əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşamışdır”.

Azərbaycanda sabitlik qorunur, möhkəmlənir

Bugünkü dünyada vəziyyəti nəzərə alsaq, deməliyik ki, bu gün sabitlik, təhlükəsizlik hər bir ölkə üçün əsas amillərdən biridir. Azərbaycanda isə təhlükəsizlik, əmin-amanlıq, sabitlik qorunur, möhkəmlənir. Sabitliyin, uğurlu inkişafımızın təməlində bizim düşünülmüş siyasətimiz dayanır, eyni zamanda, xalq tərəfindən bizim siyasətimizə göstərilən dəstək dayanır. Dünyada və xüsusilə yaşadığımız bölgədə vəziyyət gərgin olaraq qalır, yeni qarşıdurma, münaqişə ocaqları yaranır. Əvvəlki illərdə yaranmış gərgin vəziyyət əfsuslar olsun ki, aradan qaldırılmır. Belə olan vəziyyətdə biz əlbəttə ki, özümüzü mümkün olan xarici risklərdən daha da ciddi qorumalıyıq və qoruyuruq. Bir daha qeyd etmək istəyirəm, Azərbaycanda daxili risklər mənbəyi yoxdur və biz öz siyasətimizlə, görülən işlərlə özümüzü mümkün olan təhlükələrdən qoruyuruq və qoruyacağıq. Azərbaycan xalqının rahat həyatını təmin edirik və edəcəyik”.

Sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur

Dövlətimizin başçısı 2018-ci ildə Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmləndiyini qeyd edib: “Mənim həmkarlarımla həm ikitərəfli, həm çoxtərəfli formatlarda bir çox görüşlərim olub. Doqquz ay ərzində mən 12 xarici səfər etmişəm və 15 dövlət və hökumət başçısı Azərbaycana səfərlər etmişdir. Bu, onu göstərir ki, Azərbaycanın çox çevik və çoxşaxəli xarici siyasəti vardır. İkitərəfli formatda əldə edilmiş razılaşmalar icra edilir, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və bizim sözümüzə inanırlar. Çünki sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur.
Hesab edirəm ki, bu il qonşu ölkələrlə əlaqələrimiz yeni pilləyə qalxıbdır. Mənim qonşu ölkələrin dövlət, hökumət başçıları ilə çoxsaylı görüşlərim olub. Əldə edilmiş razılaşmalar həm ikitərəfli əlaqələrimizi möhkəmləndirir, eyni zamanda, regionda sabitliyin, təhlükəsizliyin, əməkdaşlığın inkişafına xidmət göstərir. Müsəlman ölkələri ilə bizim əlaqələrimiz həmişə olduğu kimi diqqət mərkəzindədir. Bu, bizim xarici siyasətimizin prioritet məsələlərindən biridir”.

Torpaqlarımız tezliklə işğalçılardan azad olunacaq

Azərbaycan Prezidenti bu il ölkəmizin iştirakı ilə bir neçə önəmli beynəlxalq hadisənin baş verdiyini xatırladıb: “Onların arasında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın qəbul edilməsini mən xüsusilə qeyd etmək istərdim. Hesab edirəm ki, bu, tarixi sənəddir və bu sənəddə Azərbaycanın milli maraqları tam şəkildə öz əksini tapıb. Xəzəryanı beş ölkə uzun danışıqlardan sonra razılığa gəlibdir. Yəni, bu, onu göstərir ki, bütün ölkələrin maraqları bu Konvensiyada təmin edilib. Hesab edirəm ki, bu, bölgənin, regionun inkişafı, iqtisadi imkanlarının genişləndirilməsi üçün çox önəmli bir sənəddir, çox ciddi hüquqi sənəddir.
Bu il Azərbaycanda Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin böyük konfransı keçirilmişdir. Azərbaycan bu təşkilatda uğurla fəaliyyət göstərir və gələn ildən başlayaraq bu təşkilata, dünyanın ən böyük təşkilatlarından biri olan Qoşulmama Hərəkatına sədrlik edəcəkdir. Bakıda Qoşulmama Hərəkatının Zirvə görüşü keçiriləcəkdir. Biz bu il Avropa İttifaqı ilə əlaqələrimizin inkişafı istiqamətində növbəti ciddi addım atdıq. Bu ilin yayında Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq prioritetləri sənədi imzalanmışdır və hesab edirəm ki, bu, çox önəmli addımdır, önəmli sənəddir. Bu sənəddə bir çox önəmli məsələlər öz əksini tapır. O cümlədən bu sənəddə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olan müddəalar həm ədalətlidir, həm də bizim mövqeyimizi və maraqlarımızı tam şəkildə ifadə edir. Bu sənəddə göstərilir ki, Azərbaycanın suverenliyi, sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü Avropa İttifaqı tərəfindən dəstəklənir. Eyni zamanda, NATO-nun Zirvə görüşünün yekununda qəbul edilmiş bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə dəstək bir daha ifadə edilmişdir. Bütün bu sənədlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində bizim mövqeyimizi daha da möhkəmləndirir. Onsuz da münaqişənin həlli üçün kifayət qədər geniş hüquqi baza vardır, eyni zamanda, yeni addımlar, xüsusilə ölkəmizin suverenliyi, sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü ilə bağlı mötəbər beynəlxalq təşkilatların qərar və qətnamələri, sazişlərdə əks olunan müddəalar bizim mövqeyimizi daha da möhkəmləndirir.
Münaqişə ilə bağlı indiki danışıqlar mərhələsi ictimaiyyət üçün bəllidir. Ermənistan tərəfinin cəhdləri nəticə vermədi, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqların formatı dəyişməz olaraq qalır. Bu danışıqlar Ermənistan və Azərbaycan arasında aparılıb, aparılır və aparılmalıdır. İki ölkənin xarici işlər nazirlərinin iki görüşü bunu bir daha sübut edir. Son vaxtlar baş vermiş digər hadisələr onu göstərir ki, danışıqlar formatı dəyişməz olaraq qalır və bu münaqişə tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqların predmeti olmayıb, bu gün də deyil və heç vaxt olmayacaq. Ona görə biz bundan sonra da öz prinsipial mövqeyimizdə qalacağıq. Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi öz siyasətində konstruktivlik nümayiş etdirəcək və torpaqlarımız tezliklə işğalçılardan azad olunacaqdır”.

“Yalnız ən müasir texnikanı, silahları almaq fikrindəyik”

Dövlətimizin başçısı Azərbaycanın öz hərbi qüdrətini artırdığını və bundan sonra da artıracağını deyib. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır və beynəlxalq reytinqlər də, həyat da bunu göstərir, bizim hərbi uğurlarımız da buna dəlalət edir: “Eyni zamanda, bu il Bakıda iki dəfə möhtəşəm hərbi parad keçirilmişdir və bu paradlarda bizim hərbi qüdrətimiz həm xalqımıza, həm dünyaya nümayiş etdirilmişdir. Bu gün Azərbaycan Ordusu ən müasir silahlarla, texnika ilə təchiz edilib, bu proses davam etdirilir. Biz bundan sonra da ən müasir hərbi texnikanı alacağıq, yeni kontraktlar imzalanır. Əvvəlki illərdə imzalanmış kontraktlar əsasında ən müasir silahlar ölkəmizə gətirilir, onların bir hissəsi hərbi paradlarda göstərilib, bir hissəsi göstərilməyib. Demək olar ki, biz bu gün öz hərbi potensialımızı maddi-texniki təchizat baxımından tam təmin etmişik. Biz bundan sonra yalnız ən müasir texnikanı, silahları almaq fikrindəyik və bu texnikanı bizə satmaq istəyən ölkələrin sayı artır. Onsuz da bu məsələ ilə bağlı heç bir çətinlik yoxdur. Əvvəlki illərlə müqayisədə bu gün biz seçim edirik, nəinki hansısa bir təchizatçıya bağlıyıq. Ona görə biz bu gün bir çox ölkələrdən hərbi təyinatlı məhsullar alırıq. Bu il Bakıda üçüncü müdafiə sənayesi sərgisi uğurla keçirilmişdir. Bir çox aparıcı şirkətlər öz məhsullarını nümayiş etdirmişlər. Azərbaycan öz hərbi-texniki potensialını ortaya qoydu. Bu gün biz hərbi texnikanın istehsalı işində uğurla inkişaf edirik. Azərbaycanda mindən çox adda hərbi təyinatlı məhsul istehsal olunur. Hərbi texnikanın, sursatların istehsalı ilə bağlı bizim yeni planlarımız var və biz onları da həyata keçirəcəyik. Bir sözlə, bu gün ölkəmizin hərbi potensialı ən yüksək səviyyədədir. Ordumuzun döyüş qabiliyyəti də yüksək səviyyədədir. Bizim ordumuz bunu döyüş meydanında da göstərib və nümayiş etdirib”.

Maliyyə vəziyyətimiz çox sabitdir

Prezident İlham Əliyev qeyd edib ki, qarşıda duran bütün planları həyata keçirmək üçün iqtisadiyyatımız uğurla inkişaf etməlidir və bu istiqamətdə ardıcıl addımlar atılır: “Əgər bizim güclü iqtisadi imkanlarımız olmasaydı, heç bir planımızı icra etmək mümkün olmazdı. Bizim iqtisadiyyatımız siyasi maraqlarımızı təmin edir. İqtisadi müstəqillik imkan verir ki, biz beynəlxalq müstəvidə də müstəqil siyasət aparaq. Əgər biz iqtisadi cəhətdən kimdənsə asılı olsaydıq, belə imkanlar məhdud ola bilərdi. Biz isə iqtisadi cəhətdən heç kimdən asılı deyilik. Hesab edirəm ki, bu, bizim tarixi nailiyyətimizdir”.

Biz istəyirik ki, Azərbaycandan daha çox məsələlər asılı olsun və buna nail oluruq

Azərbaycan Prezidenti 2018-ci ilin ölkəmiizin enerji siyasətinin inkişafı üçün önəmli il olduğunu vurğulayıb: “Bu ilin may ayında biz Bakıda Cənub Qaz Dəhlizinin rəsmi açılışını qeyd etdik. Bu, tarixi hadisədir. Ondan bir ay sonra Türkiyədə TANAP layihəsinin açılışını etdik və “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir. Bütün bu dörd layihənin hamısında çox gözəl nəticələr var. Bu il biz qaz hasilatımızı artıracağıq, artıq “Şahdəniz-2”dən qaz gəlir. Gələn il, ondan sonrakı illərdə daha da artacaq. Yəni, biz tam hədəfə çatmaq üçün bütün işləri görürük və mənə verilən son məlumatlara görə, Cənub Qaz Dəhlizinin son hissəsi olan TAP layihəsinin icrası ilə bağlı da heç bir problem yoxdur.
Cənub Qaz Dəhlizinin uğurla başa çatması bizim üçün yeni imkanlar, yeni üfüqlər açacaq. Biz bir çox ölkələrin bazarlarına öz resurslarımızla çıxacağıq. Ondan sonra bunu nəzərə alaraq, biz o ölkələrdə yeni infrastruktur layihələri icra edə bilərik. Bu barədə danışıqlar gedir və əvvəlcədən bir şey demək istəmirəm. Amma hesab edirəm ki, biz, sadəcə olaraq, digər ölkələrə qazı təchiz edən ölkə kimi yox, ondan sonra qaz təsərrüfatının idarə edilməsi ilə bağlı da məşğul olmaq istəyirik. Bu, səmərəliliyi, gəlirimizi daha da artıracaq və çalışacağımız ölkələrdə də yeni infrastruktur yaradılmasına gətirib çıxaracaq.
Əlbəttə ki, ilin doqquz ayının yekunları haqqında danışarkən Ələt Beynəlxalq Dəniz Ticarət Limanını qeyd etməmək mümkün deyil. Bu da tarixi layihədir, Xəzər dənizinin ən böyük limanıdır. Liman may ayında istifadəyə verildi. Beləliklə, Şərq-Qərb nəqliyyat dəhlizinin uğurlu fəaliyyəti üçün çox önəmli infrastruktur layihəsi həyata keçirildi. Bundan sonra biz əlbəttə ki, öz tranzit imkanlarımızı artıracağıq. Bu gün biz nəinki Şərq-Qərb, eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin fəal iştirakçısıyıq. Bu dəhliz vasitəsilə göndərilən yüklərin həcmi artır. Mən bu rəqəmi səsləndirmişdim, bir daha demək istəyirəm ki, ilin əvvəlindən Şimal-Cənub nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən daşınan yüklərin həcmi yüz dəfədən çox artmışdır. Bu, hələ başlanğıcdır. Biz indi tərəfdaş ölkələrlə bu layihənin tam həyata keçirilməsi üçün çox ciddi danışıqlar aparırıq. Azərbaycanın həm texniki təcrübəsi, həm də mütəxəssisləri və maliyyə resursları var. Azərbaycan ərazisində bütün işləri biz özümüz gördük və başqa yerlərə də öz maliyyə imkanlarımızı cəlb edə bilərik ki, bu dəhliz tam gücü ilə işləsin və ölkəmizə əlavə valyuta gətirsin. Bizim əsas məqsədimiz budur. Əlbəttə ki, tranzit ölkələrin siyasi çəkisi də, siyasi imkanları da artır. Regionda əməkdaşlığın inkişafı üçün o ölkələrin rolu artır. Biz istəyirik ki, bizim rolumuz artsın. Biz istəyirik ki, Azərbaycan ilə daha çox hesablaşsınlar. Biz istəyirik ki, Azərbaycandan daha çox məsələlər asılı olsun və buna nail oluruq.
Regionda baş verən hadisələr, bizim təşəbbüsümüzlə icra edilən nəhəng enerji, nəqliyyat layihələri, digər sahələrdə apardığımız işlər siyasi çəkimizi böyük dərəcədə artırıb. Bu gün Azərbaycan çox dəyərli, böyük hörmətə, yüksək beynəlxalq nüfuza malik olan bir ölkədir. Təkcə bizim yaratdığımız imkanlara görə yox, eyni zamanda, bəlkə də, ilk növbədə, ona görə ki, bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Biz prinsipial siyasət aparırıq. Bütün prinsipial məsələlərlə bağlı öz mövqeyimizi ortaya qoyuruq, ölkəmizin milli maraqlarını layiqincə yerinə yetiririk və bundan sonra da bu yolla gedəcəyik”.
Azərbaycan prezidentinin giriş nitqindən sonra Vergilər naziri Mikayıl Cabbarov,
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov çıxış ediblər.
Daha sonra dövlətimizin başçısı iclasda yekun nitqi söyləyib.
Prezident İlham Əliyev ilin sonuna qədər nəzərdə tutulan bütün işlərin görüləcəyini, o cümlədən Dövlət İnvestisiya Proqramı tam icra ediləcəyini bildirib: “Mənə bu yaxınlarda məruzə edildi, Dövlət İnvestisiya Proqramının icrası ilə bağlı vəziyyət yaxşıdır. Cədvəl üzrə nəzərdə tutulmuş bütün layihələr icra edilir.
Bir neçə ay bundan əvvəl biz büdcəyə dəyişiklik etdik. Çünki əlavə vəsait daxil edildi. Hesab etdik ki, bu il görülə biləcək işlərin icrası üçün əlavə vəsait ayıraq, o cümlədən sosial məsələlərin həlli üçün. Dürüstləşmə edildi və büdcəmizin həcmi artırıldı. Bu, özlüyündə bir göstəricidir, onu göstərir ki, bizim maliyyə vəziyyətimiz daha da yaxşılaşır. Elə imkanlar yaranıb ki, biz il ərzində büdcəyə dəyişiklik edərək büdcəmizin həcmini artıra bilərik. Dünya miqyasında belə hallara çox da tez-tez rast gəlinmir. Azərbaycan iqtisadiyyatı istənilən dövrdə öz dayanıqlılığını nümayiş etdirir. Hətta bir neçə il bundan əvvəl dünyanı bürümüş maliyyə-iqtisadi böhranının ikinci dalğası dövründə də Azərbaycan iqtisadiyyatı dayanıqlılığını təmin etmişdir.
Bu il iqtisadi sahədə köklü islahatlar davam etdirilir. Biz bu islahatların nəticələrini görürük. Xüsusilə vergi və gömrük sistemində aparılan islahatlar böyük dəyişikliyə, müsbətə doğru dəyişikliklərə səbəb olur. İslahatlar davam etdirilməlidir. Bu gün sahibkarları, ictimaiyyəti narahat edən vergi və gömrük sahəsində işlərlə, məsələlərlə bağlı bütün lazımi addımlar atılmalıdır ki, bu xoşagəlməz hallara son qoyulsun.

Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir

Gömrük orqanları bu il 800 milyon manatdan çox əlavə vəsait toplamışlar. Mən bunu yüksək qiymətləndirirəm. Əminəm ki, ilin sonuna qədər bu məbləğ daha da artacaq. Bu, onu göstərir ki, ilk növbədə, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir, idxal artır və idxalın artımı da sənayenin inkişafı ilə bağlıdır. Nəzərə alsaq ki, ixrac idxalı böyük dərəcədə üstələyir, biz idxalın artımına müsbət hal kimi yanaşmalıyıq. Bizim xarici ticarətimizin müsbət saldosu 9 ayda 6,5 milyard dollar təşkil edir. Bilirəm, bəziləri hesab edirlər ki, idxalın artımı müəyyən problemlər yarada bilər. Təbii ki, bu, belədir. Amma o təqdirdə ki, ixracımız artmasın. İxracımız idxaldan daha yüksək templərlə artır. Əgər altı ay ərzində 6,5 milyard dollar müsbət saldomuz varsa, deməli, ilin sonuna qədər bu, daha da artacaq. İdxalın artımı sənayenin inkişafı ilə bilavasitə bağlı olan məsələdir, insanların rifah halının yaxşılaşması ilə bağlıdır. Gömrük rüsumlarının artırılmasının səbəblərindən biri də məhz idxalın artımıdır. Ancaq, eyni zamanda, deməliyəm ki, digər amillər də müsbət rol oynayır. O cümlədən struktur islahatları, şəffaflıq, korrupsiyaya, rüşvətxorluğa qarşı ciddi mübarizə gömrük orqanlarında 800 milyon manatdan çox əlavə vəsaitin toplanmasına səbəb olubdur.

“Əsas vəzifəmiz kölgə iqtisadiyyatının aradan qaldırılmasıdır”

Vergi orqanlarında da ciddi struktur islahatları aparılır. Bu barədə nazir məlumat verdi. Mən qeyd etməliyəm ki, bizim əsas vəzifəmiz kölgə iqtisadiyyatının aradan qaldırılmasıdır. Düzdür, heç bir ölkədə buna 100 faiz nail olunmayıb, hər bir ölkədə kölgə iqtisadiyyatı var, amma bunun dərəcəsi var. Azərbaycanda kölgə iqtisadiyyatının kəskin şəkildə azalması üçün çox ciddi addımlar atılır. Vergidən yayınma halları əvvəlki illərdə kütləvi xarakter daşıyırdı. Bu, əlbəttə, imkan vermirdi ki, biz öz potensialımızı tam gücü ilə işə salaq. Bu gün bu hallara son qoyulur. Bütün dövlət orqanları vergi orqanlarına kömək göstərməlidirlər. Müvafiq göstərişlər verilir. Vergidən yayınmaya son qoyulmalıdır. Bu, həm iri, həm kiçik sahibkarlara aiddir. Sahibkarlar da bilməlidirlər ki, əgər onlar sahibkarlar kimi öz fəaliyyətini davam etdirmək istəyirlərsə, vergiləri tam ödəməlidirlər. Heç kimə heç bir güzəşt edilmir və edilməyəcək. Bilirəm ki, bəzi sahibkarlar bəzi dövlət məmurlarına arxalanırlar, o dövr artıq keçibdir. Heç kimə arxalanmasınlar. Əgər hansısa bir dövlət məmuru sahibkarlara xüsusi şərait yaratmaq üçün qanunsuz əməllər edəcəksə, çox ciddi şəkildə cəzalandırılacaq. Bütün müvafiq qurumlara göstəriş verildi, ilk növbədə, Vergilər Nazirliyinə. Bu nazirlik heç nəyə baxmadan, dövlət maraqlarını rəhbər tutaraq öz siyasətini aparmalıdır. Bütün dövlət qurumları, o cümlədən sahibkarlar bu sahədə öz dəstəyini verməlidirlər. Dəstək verməyən isə cəzalandırılacaq.
Uçot sisteminin yaradılması prioritet məsələlərdən biridir. Mən əvvəlki illərdə də bu məsələni dəfələrlə qoymuşdum. Ancaq əfsuslar olsun ki, biz müəyyən səbəblərə görə uçot sisteminin yaradılmasına çata bilməmişik. İndi bu sistem yaradılır. Qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün də praktiki addımlar atılır. Hesab edirəm ki, biz doqquz ayda vergilərin bu səviyyədə toplanmasına, - nəzərə alsaq ki, əvvəlki illərdə bu sahədə çox böyük pozuntular olub, - vergi orqanlarının çox fəal və məqsədyönlü fəaliyyəti nəticəsində nail ola bilmişik.
Şəffaflıq vergi və gömrük orqanlarında tam təmin edilməlidir, struktur islahatları davam etdirilməlidir. Korrupsiyaya, rüşvətxorluğa qarşı ən ciddi mübarizə aparılır və aparılacaqdır. Bu kompleks tədbirlər biznes mühitinin yaxşılaşdırılmasına öz dəstəyini verəcək. Sağlam rəqabətin təmin edilməsi üçün indi şərait yaradılır. İnhisarçılığa qarşı mübarizə çox ciddi xarakter alıbdır. Bir daha demək istəyirəm ki, bütün aidiyyəti qurumlar, özəl və dövlət şirkətləri mənim sözlərimdən nəticə çıxarsınlar. Vergi və gömrük sistemləri Azərbaycanda şəffaflığın nümunəsi olmalıdır. Mən göstəriş vermişəm ki, bu sahədə Avropanın aparıcı dövlətlərinin təcrübəsi Azərbaycanda tam tətbiq edilməlidir. Bu istiqamətdə işlər gedir”.

Sosial sahədə ciddi islahatlar aparılır

Prezident İlham Əliyev sosial sahədə ciddi islahatların aparıldığını bildirib: “Nazirliyin yeni rəhbərliyinə mənim tərəfindən çox ciddi tapşırıqlar verildi ki, sosial ədaləti pozanlara qarşı çox ciddi tədbirlər görülsün. Bu sahədə rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə çox ciddi aparılmalıdır və hazırda aparılır, şəffaflıq təmin edilir, bu sahədə yol verilmiş pozuntular aradan qaldırılır. İnzibati və institusional yollarla bu sahədə də ən müasir elektron texnologiyalar tətbiq olunmalıdır ki, şəffaflıq və ədalət tam təmin edilsin. Mənə görülən işlərlə bağlı müntəzəm olaraq məlumat verilir. Sosial sahədə biz “ASAN xidmət”in analoqunu yaradırıq - Dayanıqlı və Operativ Sosial Təminat mərkəzləri, bunun adı da yaxşıdır - DOST mərkəzləri, mənası da yaxşıdır. Hesab edirəm ki, bu sahədə vətəndaşlar yaxın gələcəkdə müsbət dəyişiklikləri görəcəklər, artıq görürlər. İndi yerlərdən məlumat gəlir, ancaq biz hələ islahatların birinci mərhələsindəyik.
Eyni zamanda, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün evlərin tikintisi daha da sürətlə gedəcək. Mən bu il bir evin açılışında iştirak edərkən bildirdim ki, bu sahədə işləri sürətləndirmək üçün əlavə vəsait veriləcək. Ondan sonra bu il bu məqsədlər üçün Prezidentin ehtiyat fondundan 20 milyon manat ayrıldı ki, şəhid ailələrinə, müharibə veteranlarına, əlillərinə yüzlərlə mənzil və maşın verilsin.
Məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Deyə bilərəm ki, artıq 100-dən çox şəhərcik salınıb. Bu il əlamətdar hadisə baş verib, ilk dəfə olaraq özəl sektor məcburi köçkünlər üçün böyük şəhərcik salıb, Qobu qəsəbəsində mindən çox mənzil özəl sektor tərəfindən inşa edilib və köçkünlərə təqdim olunub. Mən bunu çox alqışlayıram. Hesab edirəm ki, bu proses Azərbaycanda vüsət almalıdır. Bizim iri şirkətlərimiz, böyük maliyyə imkanlarına malik olan şirkətlər var. Onlar gərək sosial məsuliyyətlərini göstərsinlər.
Bu il Sumqayıt şəhərində, Kürdəxanı, Mehdiabad, Ramana, Masazır qəsəbələrində, Abşeron, Tərtər, Qaradağ rayonlarında məcburi köçkünlər üçün binalar, evlər tikilir və onların sərəncamına verilir. Doqquz ayda 2900 məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunub. İlin sonuna qədər əlavə 2800 ailə evlərlə, mənzillərlə təmin ediləcək. Beləliklə, bu il 5700 ailə - təxminən 25 min insan evlərlə, mənzillərlə təmin olunacaq. Bax, bu, görülən işlərin nəticəsidir. Belə olan halda, ilin sonuna qədər evlərlə, mənzillərlə təmin edilmiş məcburi köçkünlərin sayı 300 minə çatacaq”.

“Qanunsuz tikililərə son qoyulmalıdır”

Dövlətimizin başçısı qeyd edib ki, Bakı şəhərində və digər şəhərlərdə qanunsuz tikililərə son qoyulmalıdır və son qoyulur: “Müvafiq Sərəncam imzalanıb, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan bir dənə də bina tikilə bilməz. Bu məsələ ilə bağlı mən əvvəllər də fikirlərimi bildirmişəm. Bu gün deyə bilərəm ki, artıq bu məsələ öz həllini tapıb. Çünki əvvəlki dövrlərdə təqsiri bələdiyyələr rayon icra hakimiyyətlərinin, rayon icra hakimiyyətləri Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı Şəhər İcra Hakimiyyəti bələdiyyələrin, yəni, bir-birinin üstünə atırdılar. Amma əslində hamısı əlbir idilər. Çünki qanunsuz tikililərdən böyük qazanc əldə edirdilər. Buna son qoyulub, artıq Sərəncam imzalanıb. Yəni, bu qaydanı pozan cinayət məsuliyyətinə cəlb ediləcək və qanunsuz tikilən binalar dərhal söküləcək.
Bakı dünyanın ən gözəl şəhərlərindən biridir və kiminsə tamahı naminə biz şəhərimizi eybəcər hala sala bilmərik. Şəhərsalma qaydaları var, mərtəbələrin yerə görə hündürlüyü var. Hava axınının müvafiq qaydaları var. Bizdə isə bu, pozulurdu. Elə bil ki, böyük bir sədd tikirdilər. Havanın keçməsi üçün heç bir imkan qalmırdı, həyətlərdə ağacları qırıb binalar tikirdilər. Yerli orqanlar buna həm göz yumurdular, həm də yəqin ki, əlbir idilər. İndi buna son qoyulub. Mən bunu bildirmək istəyirəm. Vətəndaşlara da mən müraciət etmək istəyirəm, ilk növbədə, təşəkkürümü bildirmək istəyirəm. Çünki bir çox hallarda vətəndaşların fəallığı nəticəsində o tamahkar adamlar istədiklərinə nail ola bilməmişlər. Çünki vətəndaşlar dururdular, keşik çəkirdilər, qoymurdular, xəbər verirdilər və onların fəallığını mən alqışlayıram. Dəfələrlə demişəm ki, ictimai nəzarət güclü olmalıdır, artıq biz bunu görürük. Ona görə, bir daha vətəndaşlara müraciət edirəm. Əgər haradasa görsələr ki, qanunsuz nəsə tikilir, dərhal məlumat versinlər, ilk növbədə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı Şəhər İcra Hakimiyyətinə və Prezident Administrasiyasına. Bu sahədə də qayda-qanun yaradılır”.
Azərbaycan Prezidenti şəhər nəqliyyatı sahəsində də irəliləyişin olduğunu deyib: “Biz şəhər nəqliyyatının təkmilləşdirilməsi işində islahatlar aparırıq, həm yol-nəqliyyat hərəkətinin tənzimlənməsi, eyni zamanda, yeni yolların açılması, nəqliyyat vasitələrinin alınması istiqamətində. Bu il şəhərimizə əlavə 300 yeni müasir avtobus gətiriləcək. Mən göstəriş vermişəm, gələn il də, minimum 300, əgər maliyyə imkanımız olsa, 500 yeni avtobus gətirilməlidir. Dövlət bu sahədə öz liderliyini göstərməlidir. Çünki son vaxtlar baş vermiş dəhşətli qəzalar bizim hamımızı çox üzür və bu, vətəndaşlar üçün çox böyük faciədir, böyük itkidir. Nəyə görə? Çünki sükan arxasında oturan öz məsuliyyətini dərk etmir. Onun psixoloji, narkoloji durumuna, peşəkarlığına lazımi qaydada nəzarət olunmur, sadəcə olaraq pul naminə. Şirkətə pul lazımdır. Ona görə də bədbəxt hadisələr baş verir. Avtobus qatara çırpılır, günahsız insanlar həlak olur. Mühafizə orqanları belə hallara çox ciddi reaksiya verməlidir və belə hallar nəzarətdə olmalıdır. Çünki bəzi hallarda bu hadisəni törədənlər müəyyən müddətdən sonra məsuliyyətdən yayınırlar. Ona görə, buna son qoymaq üçün müvafiq qurumlar tərəfindən çox ciddi təftiş aparılmalıdır. Avtobusları idarə edən şirkətlər çox ciddi nəzarətə götürülməlidir. Avtobusların texniki parametrləri ilə bağlı çox ciddi təftiş aparılmalıdır. Mən bir daha demək istəyirəm, əfsuslar olsun ki, özəl sektor bu sahədə istədiyimizə nail ola bilmədi. Bu sahə, ümumiyyətlə, özəl sektorun ixtiyarına buraxılmışdı. Belə bir fikir var idi ki, onlar bunu yaxşı idarə edəcəklər, məsuliyyətlə. Amma biz nəyi görürük? Gedirlər sıradan çıxmış, sınıq-salxaq avtobusları gətirib salırlar bizim küçələrimizə. Həm insanlar, həm hava üçün təhlükədir, həm də ümumiyyətlə, heç bir normaya sığmır. Ona görə, bizim dövlət qurumumuz var – “Bakubus” şirkəti. Onların xətti ilə biz bu işi davam etdirməliyik. Əgər özəl şirkətlər bu sahədə işləmək istəyirlərsə, öz işlərində çox ciddi dəyişiklik etməlidirlər və dövlət orqanları onlara çox ciddi nəzarət etməlidir”.

Qarşımızda duran bütün vəzifələr icra edilsin

Azərbaycan Prezidenti qeyd edib ki, bu ilin sonuna qədər Bakı-Gəncə sürət qatarının işə salınması prosesi başa çatmalıdır: “İlin sonuna artıq az vaxt qalıb. Yəqin ki, biz bunu görəcəyik. Hər halda, kifayət qədər vəsait ayrılıb. Digər istiqamətlər üzrə - Bakı-Yalama dəmir yolunun yenidən qurulması istiqamətində, Bakı-Qəbələ dəmir yolunun çəkilişi ilə bağlı işlər gedir. Eyni zamanda, Bakı dairəvi avtomobil yolunun tikintisi davam edir. Bu da şəhər nəqliyyatı üçün çox önəmli bir layihə olacaq və bunu biz metro tikintisi ilə uzlaşdırmalıyıq. Onu da qeyd etməliyəm ki, bu ilin Dövlət İnvestisiya Proqramında metro tikintisi üçün də kifayət qədər vəsait ayrılmışdır.
Gələn ilin əvvəlində biz növbəti regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını qəbul edəcəyik. Bu il üçüncü proqramın icrası başa çatır. Proqram demək olar ki, artıqlaması ilə icra edilib. İndi dördüncü proqram hazırlanır, son mərhələdədir. Dördüncü proqramda bu gün hələ də görə bilmədiyimiz işlər öz əksini tapmalıdır ki, qarşımızda duran bütün vəzifələr icra edilsin”.

Bu xəbər oxundu
- - -