Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Dağları duman bürüdü, əğyar seçilməz…”

11.10.18, 10:06
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

3-cü yazı

Ziya Paşa şeirlərində zəmanədən şikayət, dövrə qarşı etiraz özünəməxsus bir deyimdə əksini tapa bilir. Əslində bu cür deyimlərdə zülm altında inildəyənlərin həyatının ümumi bir mənzərəsi diqqəti cəlb edir.

Bibəxt olanın bağına bir qətrəsi düşməz,
Baran yerinə dürrü gövhər yağsa səmadan,
Ərbabi kəmali çəkəməz naqis olanlar.
Rəncidə olur dideyi huffaş ziyadan.

Ziya Paşa bir maarifçi və demokratik görüşlü şəxsiyyət kimi cəmiyyətdə hökm sürən sosial ədalətsizliklə barışmayıb, həmişə zəhmətkeşlərin haqqını müdafiə edib. Lakin zalımların haqqa etinasızlığını, insanlara qəddar münasibətini görəndə Allaha üz tutur, haqq ilə divan etməsini arzulayır:

Zalımları ədlin nə zaman haqq edəcəkdir?
Məzlumların çıxmaqdadır göylərə ahı.

Şair yaşadığı cəmiyyətdə hər cür eyib və qüsurlara qarşı barışmaz mövqe tutur. Ziya Paşa nəinki öz ölkəsində, bütün dünyada zülmün icraçısı olan zalımların məhvinə inam nümayiş etdirir.

Zalım yenə bir zülmə giriftar olur axır,
Əlbəttə olur, ev yıxanın xanəsi viran.

Digər bir şeirində isə şairin bu məsələyə münasibəti başqa bir formada əksini tapır:

Daşlar yedirtdi nan yerinə bir zaman fələk,
Nan verdi şimdi də ah ki, dəndanə qalmadı.
Nikübəd hər kəs bulur aləmdə, bir gün etdiyin,
Kəndi çəkməzsə cəza miras qalır övladına.

Ziya Paşa bu inamın davamı kimi hələlik mövcud olan, sadə və işgüzar xalqın başına gətirilən olmazın müsibətləri müvəqqəti hesab edir. Onun inamı belədir ki, hər bir şey həyatda ömrünü başa vurduğu kimi, zülmün də, zülmkarın da həyatda yaşamaq, mövcud olmaq müddəti var. O nə qədər “fəaliyyətdə” olsa da, “atdığı hər bir addımla” özünün sonuna doğru gedir:

Çox müqbili gördüm ki, gülər, içi qan ağlar,
Xəndan görünən hər kəsixürrəmmi sanırsan?

Ziya Paşa əsərlərində xalqın haqq işinin qalib gələcəyinə inamını bildirsə də, faktiki vəziyyət onu daim narahat etmiş, zülmdən əzab-əziyyət çəkənlərin halına acımış, xarabazara çevrilmiş əyalətlərin mənzərəsinə, müsəlman dünyasının inkişaf və tərəqqi baxımından “küfür diyarı” hesab etdiyi Avropadan geri qalmasına təəssüf etmişdir.

Diyari-küfri gəzdim, bəldələr, kaşanələr gördüm,
Dolaşdım mülki-islamı, bütün viranələr gördüm.

Başqa bir nümunədən göründüyü kimi, “mülki-İslam” dövlətləri sırasında Osmanlı dövlətinin mövcud durumu şairi narahat etmiş və Ziya Paşa doğma vətəninin pərişanlığını əks etdirən ictimai-siyasi düşüncələrini aşağıdakı şəkildə qələmə almışdır:

Deyildi dövlətin əvvəldə halı gerçi çox yaxşı,
Yazıqlar, ah kim oldu yamanlardan yaman şimdi.

Həyatından məlumdur ki, Ziya Paşa dövlət daxili ictimai-siyasi proseslərin avropasayağı təkmilləşdirilməsinin tərəfdarı olub, bir mənada bu səbəbdən sarayda müəyyən qrup şəxslərlə mübarizə aparıb. Onun ciddi şəkildə rəqabətdə olduğu şəxs sədrəzəm Ali Paşa olub. Qeyd edildiyi kimi, şair onun bu vəzifədən uzaqlaşdırılmasını və özünün sədrəzəm olmasını istəsə də, buna nail ola bilməyib.
Şairin həyatının və ölkədaxili siyasi proseslərin müəyyən cəhətlərini əks etdirmək baxımından xarakterik olan əsərlərdən biri də “Röya”dır. Əsər 1869-cu ildə Londonda yazılmış və həmin ildə “Hürriyyət” qəzetinin 68 və 69-cu saylarında dərc olunub. Mənsur və fantastik olan bu əsər bir növ xəyali formada yazılıb. Lakin əsərin ən başlıca xüsusiyyəti şəxsi məsələlər deyil, məhz Ziya Paşa üçün aktual görünən Türkiyənin problemlərinin əks etdirilməsidir. Əsərdə göstərilir ki, Londonda qəriblikdə olan şair parkda gəzir və yorulduqdan sonra bir otura-caqda oturaraq yuxuya gedir. Yuxuda vətəni görür. İşlədiyi sarayı gəzir. Elə olur ki, o, Sultan Əbdüləzizlə görüşür. Türkiyənin problemlərini açıqlayır. Türkiyənin düşdüyü vəziyyətin ağırlığı, səbəbkarların kim olması barədə Sultana məlumat verir. Şair Sultana bu səbəblərin bir neçəsini sadalayır və əsas səbəb kimi Türkiyədə yüksək məmurların dövlətə xəyanət etməsini göstərir. Bu məsələdə Ziya Paşa Sultana Ali Paşanın daha çox günahı olduğunu söyləyir. Çıxış yolunu onu sədrəzəm vəzifəsindən azad etmək və Kiprə vali təyin etməkdə görür. Sultan Əbdüləziz Ziya Paşa ilə razılaşır və onun Kiprə vali təyin edilməsi barədə fərman verir. Artıq Ali Paşa möhürü təhvil verib, onun Kiprə yola salınması baş tutub.
Ziya Paşa möhürü Sultan Əbdüləzizə gətirir. Onu Sultana təhvil vermək istərkən yuxudan oyadıldığını görür. Və əsər bu şəkildə tamamlanır. Məzmundan göründüyü kimi, əsər yarı fantastik, yarı xəyali bir formada yazılmış, lakin saf və real düşüncələri ifadə etmişdir. Əslində, şair yuxu prosesindən bir vasitə kimi istifadə edir. O, hadisələrə öz maraqları daxilində müdaxilə edir. Lakin nəzərə almaq lazımdır ki, bu maraqlar dövlət maraqları daxilində özünə yer tapan, bir növ onu tamamlayan maraqlardır. Elə bu səbəbdəndir ki, əsərdə Türkiyə-Avropa,Türkiyə Rusiya münasibətlərinə, Türkiyənin nüfuzunun artırılması məsələsinə geniş yer verilir. Krit adasında və Misirdə Türkiyə əleyhinə baş vermiş üsyanların yatırılması, onlara dəstək verən xarici dövlət və daxili casuslara qarşı planların müzakirəsi daha çox maraq doğurur. Ziya Paşanın Sultan Əbdüləzizlə mükaliməsində Yeni Osmanlılar Cəmiyyətinin yaranması və onun qarşıya qoyduğu məqsədi də müzakirədən yan keçmir. Əslində, Türkiyənin qarşılaşdığı problemlər və onlardan qurtarmaq məqsədilə yaradılan bu cəmiyyət Türkiyə həyatında elə bir mühüm işlər görməsə də, demokratik bir təşkilat idi. Yeni Osmanlılar Cəmiyyətinin planlarının şair tərəfindən hökmdara çatdırılması fərdi yox, ictimai səciyyə daşıyır.
Ziya Paşa yaradıcılığında vətənpərvərlik motivi əsas yerlərdən birini tutur. Türkiyənin zəfər tarixi bu yaradıcılıq üçün həmişə aparıcı mövzuya çevrilmiş və şairin hadisələrə birbaşa müdaxiləsi şəklində əksini tapmışdır. Düzdür, bu cür nümunələrdə də şairin sənəti üçün səciyyəvi olan tənqiddən yan keçilmir, ayrı-ayrı şəxslər tənqid obyektinə məruz qalır. Məsələn, mövzusu 1866-cı ildə Krit üsyanı zamanı baş vermiş hadisələrdən götürülmüş “Zəfərnamə” belə əsərlərdəndir.
Tarixdən məlumdur ki, Rusiya və Yunanıstanın dəstək və himayəsi nəticəsində 1866-cı ildə Krit adasında Türkiyənin əleyhinə üsyan edilib, yalnız onlara muxtariyyət verildikdən sonra üsyan yatırılıb. Əlbəttə, bunu türk tarixində ağıllı və uğurlu siyasət kimi qəbul etmək olar. Çünki İngiltərə, Fransa, Rusiya, Yunanıstan və s. dövlətlərin anti-türk birliyi mövcud Krit üsyanının başqa cür yoluna qoyulmasını qeyri-mümkün edirdi.
Əsərə verilən ad ilk anda adamda elə bir fikir oyadır ki, “Zəfərnamə’’də Türkiyənin böyük uğur və qələbəsi öz bədii əksini tapıb. Lakin Ziya Paşa bu əsərdə öz yaradıcılıq üslubuna uyğun olaraq satirik tərzi ön plana çıxarmış, Krit adasına muxtariyyət vermək plan və layihə¬sinin memarı olan sədrəzəm Ali Paşanı tənqid obyektinə çevirmişdir. Bu mənada qəbul olunan qərar müəllifin nəzərində sətiraltı mənada, dırnaqarası zəfər qiymətini alır, mənfi şəkildə ifadəsini tapır. Deyilən cəhət əsərdə müəllifin müqayisə və münasibətində aşkar şəkildə üzə çıxır:

Kimsələr olmadı bu fəthi mübinə məzhər,
Nə İsgəndər, nə Hülaki, nə Sezarü Anibal.
Kriti aldı geri savleti-seyfü qələmi,
Xalqına gəlmiş ikən dayəyi-istiqbal.
Bu nə qeyrət, nə həmiyyət, nə cəsarətdir bu,
Heç görülmüşmü təvarixi seleftə əmsal.

Ziya Paşanın lirikasında fəlsəfi dərinlik mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdəndir ki, onun poeziyasında adi lirizm müxtəlif çalar komponentinə çevrilir.
Şairin nəzərində insan heç vaxt vəzifə və sərvətinə, gənclik və sağlamlığına güvənməməlidir. Bunların hamısı ötəridir. İnsan öz xeyirxah əməllərinə güvənməlidir.

Bir gün gələcək sən də pərişan olacaqsan,
Ey qönçə, bu cəmiyyəti hər dəmmi sanırsan?

Ziya Paşa əsl insanlığın şərtini dünya malından əl çəkməkdə, sadə, təbii olmaqda, yalnız xeyirxahlıq göstərməkdə görür. Ona görə də, şairin bu ideyalarının təbliği kimi səslənən bir çox şeiri insan probleminə, onun cəmiyyətdə yeri və rolu məsələlərinə fəlsəfi münasibət bildirmək baxımından xarakterikdir:

Hürr olmaq istər isən, olma cahanın,
Zövqündə, səfasında, qəmində, kədərində.
Ayinesi işdir kişinin, lafa baxılmaz,
Şəxsin görünür rübteyi-ağlı əsərində.
İnsana sədaqət yaraşır, görsə də ikrah,
Yardımçısıdır doğruların həzrəti Allah.

Ziya Paşa həyatını yalnız və yalnız xalqının xoşbəxtliyinə həsr etmiş və yaradıcılığını da bu istiqamətdə davam etdirib. Aydın məsələdir ki, şair bu yolda böyük əziyyətlər çəkib, xalqa əks olan qüvvələrin təqiblərinə məruz qalıb. Lakin tutduğu yolun haqq olduğu üçün inamını itirməmiş və mübarizəsindən dönməyib:

Bir zamanlar mən daha düşdüm bəlayi-qeyrətə,
Doğruluqla uğradım min türlü dərdi-zəhmətə.
Gah vətəndən ayrılıb, getdim diyari-qürbətə,
Aqibət oldum giriftar, işbu mühlik illətə.
Yaxud:
Xanumanım tarümar oldu həmiyyət uğruna,
Bərkü barım həp pərişan oldu qeyrət uğruna,
Nəfsimə zülm eylədim xalqa ədalət uğruna,
Cismücan etdim fəda bu mülkü millət uğruna.

Qeyd etmək lazımdır ki, Ziya Paşa divan ədəbiyyatı üslubunda yazdığı şeirlərində də klassik ənənənin çətin söz və ifadə deyimlərindən uzaqlaşıb, nisbətən sadə deyimlərdən istifadə edib.

Əksər kişinin surətinə surəti uymaz,
Yarəb, bu nə hikmətdir, ilahi, bu nə halət.
Yaxud:
Dərdə uğrar kim sədaqət etsə, əlbət, dövlətə,
İstiqamət məhzi cənnətdir bu mülkü millətə.

Ziya Paşa XIX əsrin elə bir sənətkarıdır ki, yaradıcılığında istər klassik, istərsə də Tənzimat ədəbiyyatının xüsusiyyətlərini paralel olaraq inkişaf etdirmiş, sə nətdə uğurlar qazanıb.

Elman Quliyev
filologiya üzrə elmlər doktoru,
professor

Bu xəbər oxundu
- - -