Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“İlkin təhsil mütləq şəkildə ana dilində olmalıdır”

12.10.18, 12:32
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Gövhər Baxşəliyeva: “Uşaqların rus sektoruna meyllənməsi kökündən yanlışdır”

Dünən Milli Məclisin növbəti plenar iclası keçirilib. Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyinə 54 məsələ daxil edilib.
Gündəlikdən öncə cari məsələlər müzakirə edilib
Deputatı, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Sevinc Hüseynova deyib ki, Azərbaycanla Rusiya arasında münasibətlər yüksək səviyyədədir: “Prezident İlham Əliyevlə Rusiya Federasiyasının prerzidenti Vladimir Putinin sonuncu görüşləri də bunu bir daha göstərir. Amma təəssüflə deməliyəm ki, oktyabrın 7-də bir qrup rusiyalı qadın Azərbaycanın işğal olunmuş ərazisinə, Dağlıq Qarabağa qanunsuz səfər edib. Onların arasında Rusiya Dövlət Dumasının Beynəlxalq komitəsinin sədr müavini Svetlana Jurova da olub. Onlar səfərlərini "sülhlə bağlı" adlandırırlar. Amma bütün dünya ictimaiyyəti bilir ki, Qarabağ müharibəsini Ermənistan və Qarabağdakı erməni separatçıları başlayıblar”.
Deputat daha sonra bildirib: “Onlara məlum deyilmi ermənilər tərəfindən Xocalı soyqırımında 106 qadın, 63 uşaq qətlə yetirilib?!”
Sevinc Hüseynova qeyd edib ki, Qarabağ müharibəsi zamanı erməni separatçıları tərəfindən qətlə yetirilən insanlar arasında yalnız azərbaycanlılar deyil, rus millətinin nümayəndələri də olublar.
Deputat Gövhər Baxşəliyeva vurğulayıb ki, bu terrorçu əməlləri ilə ermənilər onlarla rus analarını da gözüyaşlı qoyublar: “Jurovanın bu aksiyaya qoşulması Rusiyanın Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi ölkə kimi mövqeyi və rolu haqqında Azərbaycan ictimaiyyətində xoşagəlməz təsəvvür yarada bilər. Ona görə də mən onları bu qanunsuz səfərlərdən çəkinməyə çağırıram”.
“Bu gün Azərbaycanda rus dilində təhsil alanların sayında artım müşahidə olunur. Nədənsə, ölkəmizdə uşaqların ilkin təhsil olaraq rus bölmələrində təhsil almasına daha çox üstünlük verilir. Bu, yanlış meyldir”, - deyən deputat bildirib ki, Azərbaycanda uşaqların rus dilində təhsilə meyllənməsinin qarşısı vaxtında alınmalıdır: “Bunu rus dilinə qarşı çıxmağım kimi qiymətləndirilməsini istəmirəm. Rusiya Azərbaycanla dost dövlətdir. Rus dili də ingilis dili kimi xarici dil kimi tədris olunmalıdır. Bunun saatlarının artmasının heç kim əleyhinə olmamalıdır. Lakin uşaqların birinci sinifdən rus sektoruna meyllənməsi kökündən yanlışdır. Ziyalılar bu istiqamətdə iş aparmalıdır. İlkin təhsil mütləq şəkildə ana dilində olmalıdır. Çünki ilkin təhsil uşaqların şəxsiyyət kimi formalaşması dövrünə təsadüf etdiyindən bu, gələcəyimiz üçün çox vacibdir. Sual oluna bilər ki, SSRİ dövründə çoxları rus dilində təhsil alırdılar. O dövrdə karyera qurmaq, yüksək elmi dərəcə əldə etmək üçün bu dil lazım idi. Amma bu gün biz müstəqilik və ölkəmizdə karyera qurmaq üçün bütün lazımi şərait var".
Qanun layihələrinin müzakirəsi zamanı çıxış edən deputat Elman Məmmədov isə bildirib ki, cəzaların humansitləşdirilməsi istiqamətində bütün addımları alqışlayıram. Deputat bildirib ki, həbsdən azadlığa çıxan insanlar iş tapa bilmirlər: “Qanunda göstərilib ki, onlara bu istiqamətdə köməkliklər göstərilməlidir. Ancaq məmurlar niyə buna əməl etmirlər? O adamlar necə işsiz qala bilər? Onlar nə ilə dolansınlar?
Bəyənmədiyimiz Sovet dövlətinin belə bir şey vardı ki, həbsdən azadlığa çıxan insan yaşadığı yer üzrə nəzarətə götürülürdü. Və işlə təmin olunurdu. Bu insanların bir daha həbsə qayıtmaması üçün bu addımı atmalıyıq”.
Parlamentin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli deyib ki, Milli Məclisin deputatlarının oktaybrın 7-də bir qrup rusiyalı qadının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfəri ilə bağlı mövqelərini bölüşürəm: “Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu həm Rusiya parlamentinin sədri Volodinə, eyni zamanda digər komitələrə səsləndirilən kəskin arqumentlərlə birlikdə müraciət hazırlayıb. Bu müraciəti həm mən, həm də Azərbaycan-Rus icmasının sədri Mixayıl Zabelin imzalayacaq. Biz buna münasibət bildirmək istəməzdik, amma Rusiya Dövlət Dumasının xarici əlaqələr komitəsi sədrinin birinci müavininin səfəri bizi buna məcbur edib”.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, Azərbaycanda mənzil problemləri ilə bağlı tez-tez müraciət alırıq: “Bir qrup insan bir mənzili bir neçə nəfərə satır, burada vətəndaşların vəsaitləri mənimsənilir. Onlara hüquqi əsası olmayan müqavilə verilir. İnsanlar belə hallarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edirlər, onlar məsuliyyətə cəlb edilirlər. Bəzi hallarda məlum olur ki, həmin şirkətlər məsuliyyətə cəlb edilənin adına deyil. Soruşanda da məlum olur ki, bunun heç prosesdən xəbəri yoxdur. İnsanları aldadanlar məcburi köçkünlərin adından da sui-istifadə edirlər ki, güzəştlər əldə etsinlər”. Siyavuş Novruzov qeyd edib ki, insanları aldadan, vəsaitini mənimsəyən bir kənarda qalır, günahsız adamı həbsə salırlar: “Belə halların qarşısını almaq üçün bina tikilməsi üçün müraciət edən insanlar yoxlanılmalıdır. Araşdırılmalıdır ki, bu insanın daxma tikməyə imkanı var, yoxsa yox? Düzdür, buna qadağa qoymaq olmaz, amma hansısa formada nəzarət olmalıdır. Qanunvericilikdə edilən dəyişikliyə əsasən, həbs edilən şəxs dəymiş ziyanı ödəyirsə, azadlığa buraxılır. Amma başa düşmək lazımdır ki, onlar insanların 20-30 ilini oğurlayırlar. Bunu miqdarla hesablamaq düzgün deyil”. Deputatın sözlərinə görə, burada maraqlı və narahatlıq doğuran bir məqam da odur ki, çox zaman aidiyyəti olmayan adamlardan, qaçqın-köçkünlərdən istifadə olunur: “Yəni, guya onlar mənzil tikintisi ilə məşğuldurlar. Amma onların heç birinin buna aidiyyəti yoxdur, başqaları pul qazanır, pul oğurlayır, insanların əməyini oğurlayır, günahasız insanlar isə həmin dələduzların yerinə cəza çəkməli olurlar. Ona görə bu məsələ ilə bağlı icazə, lisenziya verilərkən müəyyən edilməlidir ki, əvvəla, kimdir əsl sahbkar, ikincisi də, həmin adamın ümumiyyətlə, tikintidən anlayışı varmı, başı çıxırmı? Deməkdə məqsədim odur ki, bu məsələ çox ciddi narahatçılıq doğurur. Bizə, millət vəkillərinə qalaq-qalaq məktublar gəlir, insanların aldadıldıqlarını bildirirlər, imdad diləyirlər. Ona görə həmin şəxslərə qarşı daha ciddi cəzalar nəzərdə tutulmalıdır”.

Bu xəbər oxundu
- - -