Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Sürüşmə zonasındakı yaşayış evləri söküləcək

15.10.18, 14:08
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Bakı şəhəri, Badamdar qəsəbəsi, 20-ci sahə avtomobil yolunun sağ kənarındakı ərazidə sürüşmə davam edir, gərginlik azalmayıb”.
Bunu Baş nazirin müavini Hacıbala Abutalıbov deyib.
O qeyd edib ki, həmin ərazidə olan 11 evin 8-nin divarındakı çatlar böyüyüb: “Bilirsiniz ki, həyətlərdə çatlar var, hamısına mayaklar qoyulub. Ərazidə çökmə də var”.
Baş nazirin müavininin sözlərinə görə, ərazidə yaşayan sakinlər çıxarılıb: “Əsas işimiz insanların köçürülməsi idi. Ərazinin su, elektrik və qaz təchizatı tamamilə dayandırılıb. Çalışırıq ki, gərginlik azalmasa da, artmasın. Ərazidəki 6 quyudan suyun çəkilməsinə başlanılıb. Bunun nəticəsidir ki, suyun səviyyəsi 232 metrdən 64 metrə enib. Amma bu, sünidir, nasosların fəaliyyətini dayandırsaq, yenidən suyun səviyyəsi qalxacaq”.
Hacıbala Abutalıbov deyib ki, Bakının Badamdar qəsəbəsi, 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasının yaxınlığında yaşayış binası var: “Həmin binaya təhlükə yoxdur, amma sakinlərinə xəbərdarlıq edilib”.
O bildirib ki, yaşayış binası sürüşmə zonasından kənardadır, ona görə də bu saat orada təhlükə yoxdur, amma gələcəkdə hansısa hadisənin baş verib-verməyəcəyini mütəxəssislər deyə bilər.
Hacıbala Abutalıbov bildirib ki, oktyabrın 14-də Xəzər dənizində 2,7 bal gücündə zəlzələ olub, bu zəlzələnin də sürüşməyə təsiri olub: “Ona görə də biz hərtərəfli işləyirik. Əlimizdən gələni edirik. Yaponiyalı mütəxəssislərin verdiyi məlumat əsasında addımlar atacağıq”.
Baş nazirin müavininin sözlərinə görə, Bakının Badamdar qəsəbəsi, 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasındakı yaşayış evləri söküləcək: “Bu, vacibdir. Evlər sökülməli, ağırlıq oradan götürülməlidir ki, gərginlik müəyyən qədər azalsın”.
Hacıbala Abutalıbov qeyd edib ki, söküntü işləri indi aparıla bilməz, çünki hazırda əraziyə hər hansı müdaxilə yolverilməzdir.
Baş nazirin müavini bildirib ki, sürüşmə ərazisində araşdırılma aparılmalıdır, öyrənilməlidir, sonra nəticəyə gəlmək olar: “Qərara gəlinib ki, ərazidəki quyuların suyu analiz edilsin. Analizlərin nəticəsi oktyabrın 16-da bizə təqdim ediləcək. Bu, bizə kömək olacaq”.
Qeyd edək ki, dünən Seysmoloji Mərkəz Badamdar şossesinə mobil seysmik stansiyalar quraşdırıb.
Aparılan tədqiqatlar zamanı toplanmış materiallar elmi baxımdan təhlil edildikdən sonra ərazidəki vəziyyətə dair hesabat hazırlanaraq hökümətə təqdim ediləcək.

Bu xəbər oxundu
- - -