Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Yaraqlılar İdlibdən çıxmaqdan imtina etdi

16.10.18, 10:38
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Soçi razılaşmasında verilən vaxt bitdi, Rusiya və Suriya hücuma hazırdır
Suriyanın İdlib vilayətindəki yaraqlılar oktyabrın 15-nə qoyulmuş son tarixə əməl etməyib, bufer zonadan çıxmayıblar. Bu zona Rusiya və Türkiyənin əldə etdiyi atəşkəs razılaşması çərçivəsində yaradılıb. Beləliklə də, Suriya hökumətinin hərbi kampaniyanı bərpa etmək təhlükəsi yaranıb.
“Azadlıq radiosu” xəbər verir ki, Suriyanın xarici işlər naziri Valid əl-Müəllim deyib ki, Suriya qüvvələri İdlibdə qalan yaraqlıların kökünü kəsməkdən ötrü savaşı bərpa etməyə hazırdırlar. Amma onun sözlərinə görə, Suriya Rusiyaya vaxt verəcək ki, onların sazişə əməl edib-etmədiyini müəyyənləşdirsin.
Ötən ay Türkiyə və Rusiyanın əldə etdiyi razılaşma İdlibdə gözlənən qanlı savaşın qarşısını aldı. 20 kilometr uzunluqda yaradılan bufer zonadan bütün ağır silahlar, İslamçı ekstremistlər oktyabrın 14-ü gecə yarısınadək çıxmalıydılar. Suriyada İnsan Haqlarını Müşahidə Təşkilatının rəhbəri Rami Abdel Rahman oktyabrın 15-də deyib ki, yaraqlılar razılaşmaya əməl etməyiblər. “Neytral zonadan cihadçı yaraqlıların çıxmasını qeydə almamışıq”, – o bildirib.
Müəllim isə Dəməşqdə keçirdiyi mətbuat konfransında qeyd edib ki, indi razılaşmanın necə yerinə yetirildiyinə Rusiya qərar verəcək və bu da vaxt apara bilər. “Rusiyanın cavabını gözləməliyik. Rusiya durumu izləyir, monitorinqini aparır. “İdlib razılaşmasına əməl olunmursa, İdlib ətrafındakı silahlı qüvvələrimiz terrorçuluğun kökünü kəsməyə hazırdır”, – o deyib.
Əl Kaidənin keçmiş Suriya qanadının rəhbərlik etdiyi Təhrir əl-Şam islamçı alyansı isə oktyabrın 14-də yaydığı bəyanatda atəşkəs razılaşmasını alqışlayıb, amma hökumətlə savaşı davam etdirəcəyini bildirib. Təhrir əl-Şam və daha aşırı islamçı digər qruplar bufer zonanın üçdə ikisindən də artığını, İdlibin qalan hissəsinin, demək olar, yarısını tutublar. İdlibin digər əsas üsyançı fraksiyası, Türkiyəyə bağlı Milli Azadlıq Cəbhəsi razılaşmaya dəstəyini bir neçə dəfə dilə gətirib.
Müəllim deyib ki, İdlib üsyançılardan təmizlənəndən sonra hökumətin növbəti hədəfi Fərat çayının şərq hissəsi olacaq. Buraya hazırda Birləşmiş Ştatların müttəfiqi sayılan Suriya Demokratik qüvvələri nəzarət edir. Məlumatlara görə, kürd liderlər Dəməşqə gedərək ötən il İslam Dövləti ekstremist qrupundan azad etdikləri ərazinin gələcəyi ilə bağlı hökumətlə danışıqlar aparırlar. Burada kürdlər ABŞ qüvvələrinin dəstəyi ilə özünüidarə sistemi yaradıblar.
Amma Müəllim bu danışıqlarda elə bir razılaşma əldə olunmadığını vurğulayıb. O, kürdlərin nəzarətində olan ərazinin Suriya Prezidenti Bəşər Əsəd qüvvələri üçün hücum obyekti olaraq qaldığını vurğulayıb, hətta bu, ərazidəki ABŞ hərbçiləri ilə toqquşmayla sonuclansa belə.

Bu xəbər oxundu
- - -