Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycan Qarabağ məsələsini birdəfəlik həll etmək üçün hərbi gücə əl atmalıdır”

18.10.18, 10:45
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Elman Məmmədov: “Başqa çıxış yolu görmürəm”


Son zamanlar beynəlxalq arenada Dağlıq Qarabağla bağlı Azərbaycanın lehinə açıqlamaların sayı çoxalır. Bu da yaxın perspektivdə proseslərin daha ciddi məcraya yönələcəyini ehtimal etməyə əsas yaradır.
Amma Ermənistan tərəfi danışıqlar prosesini pozmaq üçün hər cür təxribatlara əl atır. Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətini davam etdirir.
Ermənsitan kütləvi informasiya vasitələrində Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda Sidney adlı qəsəbənin salınması, həmçinin Araz çayı boyunca işğal olunmuş rayonlarla Ermənistanı birləşdirən yeni yolun çəkilməsi barəsində məlumat verilir.
Azərbaycan tərəfi də bu məsələyə rəsmi münasibətini açıqlayıb.
Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd oılunub ki, danışıqlar prosesinin ruhuna, MDB-nin Düşənbə sammiti əsasında aparılmış müzakirələrə zidd olaraq Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətin davam etdirilməsi münaqişənin həlli istiqamətində beynəlxalq səylərə xələl gətirir: “Bu kimi əməllər Ermənistanın sözü ilə əməlləri arasında ziddiyyətin olduğunu, bu ölkənin qeyri-konstruktivliyini və münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını növbəti dəfə nümayiş etdirir.
Azərbaycanın işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən məskunlaşmanın aparılması, demoqrafik vəziyyətin dəyişdirilməsi və digər bu kimi qeyri-qanuni əməllərin həyata keçirilməsi beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.
Beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri qarşısında Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməlləri məsələsi davamlı surətdə qaldırılır”.
Millət vəkili Azər Badamov bildirib ki, Prezident İlham Əliyevin qəti və prinsipial siyasətinin nəticəsidir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar beynəlxalq ictimaiyyət Azərbaycanın ədalətli və haqlı mövqeyini dəstəkləyir və bu mövqe ardıcıl surətdə daha da güclənir: “Məhz bu siyasətin nəticəsidir ki, bu gün dünya ictimaiyyəti Ermənistanı işğalçı ölkə kimi tanıyıb. Əgər bir qədər bundan əvvəlki dövrə nəzər yetirsək görərik ki, o zaman Azərbaycan heç də dünya tərəfindən geniş şəkildə tanınan ölkə deyildi. Amma uzun illər Azərbaycanın əldə etdiyi uğurlar, beynəlxalq arenada qazandığı nailiyyətlər və Azərbaycanın bir müstəqil ölkə kimi dünya ictimaiyyətinə təqdim olunması və müstəqil siyasətin yeridilməsi təbii ki, dünya ictimaiyyəti tərəfindən də ölkəmizin haqq səsini eşitməyinə müvəffəq olmuşdur. Bu gün Azərbaycanın beynəlxalq diplomatiyasının uğurudur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolu ancaq Azərbaycan torpaqlarının işğaldan azad edilməsində, ərazi bütövlüyünün bərpa olunmasında görünür. Bütün bu uğurlar cənab Prezidentin apardığı düzgün və düşünülmüş beynəlxalq siyasətin göstəricisidir və Azərbaycanın artan beynəlxalq nüfuzunun nəticəsidir”.
Millət vəkili Elman Məmmədov bildirib ki, son dövrlər ərzində beynəlxalq ictimaiyyət tərəfindən müxtəlif səviyyələrdə səslənən bəyanatlar, qəbul edilmiş sənədlər Azərbaycanın haqlı və ədalətli mövqeyinin dəstəklənməsinin və daha da güclənməsinin növbəti göstəricisidir: “Biz beynəlxalq ictimaiyyət deyəndə müvafiq beynəlxalq qurumları – BMT, ATƏT, NATO, İƏT və s. nəzərdə tuturuq”.
Deputatın sözlərinə görə, dünyanın bütün aparıcı dövlətlərinin xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin Azərbaycanın mövqeyinin müdafiəsi təbii ki, uzun illər ərzində cənab Prezidentimizin apardığı çox uğurlu siyasətinin nəticəsidir: “Vaxtilə başqa fikirdə olanlar bu gün artıq birmənalı Azərbaycanın mövqeyini müdafiə edirlər. Bu cənab Prezidentimizin zərgər dəqiqliyi ilə bu sahədə gördüyü işlərin artıq bəhrəsidir. Son vaxtlar Almaniya kimi Avropanın aparıcı bir dövlətinin, Böyük Britaniyanın rəsmi nümayəndəsinin, bu günlərdə ABŞ-ın Ermənistandakı səfirinin və s. Azərbaycan parlamentinin 100 illik təntənəli iclası zamanı Dağlıq Qarabağ məsələsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi, müdafiə etməsi təbii ki, ölkə başçısı cənab İlham Əliyevin gördüyü işlərin səmərəsidir, nəticəsidir”.
Millət vəkili deyib ki, cənab prezidentin apardığı məqsədyönlü, uğurlu siyasətin, işin nəticəsində dünyanın aparıcı dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan edirlər: “İşğal faktını vurğulayırlar. Deyirlər ki, işğal edilmiş ərazilər Azərbaycana qaytarılmalıdır. Bunu Almaniya da, İtaliya da, İngiltərə də, Amerika da deyir”. Onun sözlərinə görə, Azərbaycan tərəfi ötən illər ərzində torpaqların işğaldan azad edilməsi ilə bağlı kifayət qədər hüquqi baza yaradıb: “Beynəlxalq qurumların işğal faktı və ərazi bütövlüyünün pozulması ilə bağlı rəyləri, bəyanatları, qətnamələri var. Digər tərəfdən, sabah hərbi güc tətbiq edərək ərazilərimizi işğaldan azad etmək üçün fəaliyyətə başlayanda bu məqam bizə çox kömək edəcək. Yəni, müharibə baş verərsə, biz deyəcəyik ki, sizin dedikləriniz əsasında biz bunu edirik. Rusiya ilə Ukrayna arasında baş verənlərdən çox da uzun müddət keçməyib. Amma dünyanın yarısı bu məsələyə görə Rusiyaya qarşı ən ağır sanksiyalar tətbiq edib. Bəs bizim ərazilərimizi 30 ildir işğal altında saxlayan Ermənistana qarşı niyə sanksiyalar tətbiq olunmur?! Burada “xoruzun quyruğu görünür”. Deməli, beynəlxalq qurumlar, həmsədr dövlətlər sözlərində, verdiyi bəyanatlarda səmimi deyillər. Biz onlarla səmimi əməkdaşlıq edirik, səmimi tərəfdaşıq. Amma onlar bizə qarşı riyakarlıq və saxtakarlıqla məşğuldurlar. Ona görə də bütün bunlar rəsmi Bakını təhrik edir ki, Azərbaycan hərbi gücə əl atsın”.
Millət vəkili bildirib ki, hazırda status-kvonu dəyişmək və işğal faktını sona çatdırmaq üçün Azərbaycan alternativ varianta əl atmalıdır: “Bu mövzuda konkret və birmənalı olan fikrimi səsləndirmək istəyirəm; Azərbaycan Dağlıq Qarabağ məsələsini birdəfəlik həll etmək üçün mütləq hərbi gücə əl atmalıdır. Başqa çıxış yolu görmürəm. Ermənistanın əvvəlki rəhbərliyinin də, bu günkü dövlət adamlarının da, başqa siyasətçilərinin də apardığı işlər, verdiyi bəyanatlar, səsləndirdiyi fikirlər, mövqeləri, bütün beynəlxalq normalara olan hörmətsizlikləri, Azərbaycanın ərazi bütövlüyünə günü-gündən artan təcavüzlər bu cür düşünməyə əsas verir. Artıq işğal etdikləri Arazboyu ərazilərdə ermənilər üçüncü yol çəkirlər. Orada qeyri-qanuni məskunlaşmalar aparırlar. Bu proses günbəgün artır. Ermənistan Daxili İşlər Nazirliyinin daxili qoşunlar hissəsi Dağlıq Qarabağa xidmət çəkməyə göndərilir. Hətta bu günlərdə Ermənistanın prezidenti qeyri-qanuni olaraq Dağlıq Qarabağa səfər edib. Bütün bunların hamısı onu göstərir ki, Ermənistan ermənilərinin, Qarabağ ermənilərinin, dünya ermənilərinin işğal etdikləri Azərbaycan torpaqlarından çıxmaq fikirləri yoxdur. Burada beynəlxalq qurumlar, həmsədr dövlətlər, həmsədr olmayan digər ölkələr də bəyan edirlər ki, onlar Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar və buna hörmətlə yanaşırlar. Bir neçə gün əvvəl Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfiri bəyan etdi ki, problemin həlli üçün işğal edilmiş torpaqlar Azərbaycana geri qaytarılmalıdır. Bunu Amerika da, Rusiya da deyir. Ancaq bu deyilən sözlərin arxasında əməl, fəaliyyət dayanmır”.
Elman Məmmədov deyir ki, biz bu sözləri, bəyanatları artıq 30 ilə yaxındır ki, eşidirik. İndi sual olunur, əgər siz bu fikirdəsinizsə, üstəlik səlahiyyət sahibisinizsə, Birləşmiş Millətlər Təşkilatı, ATƏT olaraq niyə beynəlxalq qanunlara, hüquq normalarına əməl etməyən işğalçı ölkəyə qarşı tələbkar deyilsiniz?! İşğal faktının davam etdirilməsinə görə, işğalçı Ermənistana bu günə kimi cəza tətbiq olunmayıb. Sanksiya tətbiq edilməyib: “Buradan çıxan məntiq ondan ibarətdir ki, həmin ölkələr dedikləri ilə əməllərində səmimi deyillər. Riyakarlıq edirlər. Bizi aldatmağa çalışırlar. Vaxt uzatmaqla məşğuldurlar. Vaxt uzandıqca isə ermənilərin işğal olunmuş ərazilərdə tikib-qurduqlarının sayı artır. Qeyri-qanuni məskunlaşma daha da çoxalır. Onların ümidləri daha da artır. Bütün bunlara görə, bir daha qeyd edirəm ki, biz müharibə yolu ilə torpaqlarımızı düşməndən azad etməliyik. Çünki həmsədr dövlətlərin riyakarlığı, qeyri-səmimiliyi, işğalçı tərəfin, yəni Ermənistanın həyasızlığı, əxlaqsızlığı Azərbaycanı hərbi yola əl atmasına məcbur edir. Başqa çıxış yolu yoxdur. Biri var demək, biri var əməl etmək. Birləşmiş Millətlər Təşkilatı 25 ildir 4 qətnamə qəbul edib. Amma bu qurum 25 il ərzində cırtdan işğalçı dövlətə qarşı heç bir tədbir görməyib. Əslində isə soyqırım törətmiş işğalçı ölkə rəhbərlərinə istədiklərini söyləmək üçün tribuna veriblər”.
Millət vəkili Məlahət İbrahimqızı isə deyib ki, Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda Sidney adlı qəsəbənin salınması, həmçinin Araz çayı boyunca işğal olunmuş rayonlarla Ermənistanı birləşdirən yeni yolun çəkilməsi Azərbaycana qarşı təxribatdır. Deputat bildirib ki, Ermənistanın əvvəlki və indiki rejimləri avantüra ilə məşğuldurlar:
“Onlar Azərbaycan ordusunun gücünü, xalqın torpağını azad etmək uğrunda əzmini görüblər. İstər 2016-cı ilin aprel müharibəsində, istərsə də bu il Naxçıvan sərhəddində baş verən döyüşlərdə ordumuz öz gücünü göstərdi. Azərbaycan xalqı daim beynəlxalq hüquqa sayğı göstərib. Bu qanunlara riayət etməklə konfliktin sülh yolu ilə həllinə çalışır. Amma qarşı tərəf işğalçıdır və işğalçı siyasətini ört-basdır etmək üçün müxtəlif tədbirlər həyata keçirir. Bu yaxınlarda Paşinyanın xanımı bir dəstə qadınla Qarabağa səfər edir və guya sülh kampaniyası aparır. Bunlar o qədər riyakardır ki, dəvəquşu kimi başlarını gizlədirlər, amma düşünmürlər ki, quyruqlarını hər kəs görür. İşğal siyasətinə don geyindirmək mümkün deyil. Bu təxribatçı hərəkətdir və beynəlxalq hüquqa zidd addımdır. Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, danışıqlar vasitəsilə problemin həllinə sadiqdir, amma bu alınmasa, digər variantlarla bir ovuc torpağı da işğalda qoyulmayacaq. Qarşı tərəf nə zaman avantüra edirsə, dərhal cavabını alır. Bir vaxt helikopterlə sərhədi pozdular və cavablarını aldılar”.
Məlahət İbrahimqızı əlavə edib ki, Azərbaycan Xarici İşlər Nazirliyi erməni tərəfinin son təxribatı ilə bağlı bəyanat yayıb: “Hesab edirəm ki, indi konfliktin həllinə dair görəvləndirilən ATƏT-in Minsk qrupunun həmsədrləri də fakta münasibət bildirməlidir. Heç bir tədbir görmürlər. ATƏT, Avropa Şurası, NATO və digər beynəlxalq qurumlar bu məsələdə mövqe ifadə etməlidir. Onlar anlamalıdır ki, bölgədə müharibə başlaya bilər. Azərbaycan xalqının səbri tükənməz deyil. Azərbaycanın Ali baş Komandanı bəyan edib ki, Azərbaycan xalqının və elitasının səbri tükənə bilər. O zaman aprel müharibəsindən daha ciddi hadisələr baş verəcək, Azərbaycan bayrağı Kəlbəcərdə dalğalanacaq. Mən ermənilərin son hərəkətini provokasiya, təxribat adlandırıram”.


Əli

Bu xəbər oxundu
- - -