Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ədalət gec-tez zəfər çalacaq!”

23.10.18, 11:05
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Xocalı soyqırımı sənədli-sübutlu, şahidləri yaşayan, ağrı-acıları hələ sağalmamış bir insanlıq dramıdır. 26 il bundan öncə baş vermiş Xocalı soyqırımını dünyanın bir neçə parlamenti, uluslararası təşkilat və başqa qurumlar tanıyıb, müvafiq qətnamələr qəbul edilib. Çox təəsüflər ki, hələlik ATƏT-in Misk Qrupunun üç həmsədrindən heç biri, özəlliklə də, sərhəd qonşumuz və uzun illər bir ittifaqda olduğumuz Rusiya Federasiyası Xocalı soyqırımını dövlət səviyyəsində tanımayıb; ona görə də, bir rusiyalı deputatın haqqı müdafiə etməsi, Azərbaycan xalqının məruz qaldığı soyqırımın dünyada tanınmasına çağırış etməsi önəmli hadisədir".
Bunu Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə heyətinin üzvü Əkbər Qoşalı deyib.
Onun sözlərinə görə, Dmitri Savelyev sıradan biri deyil, həm Dövlət Dumasının deputatı, həm də, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun başçısıdır: "Cənab Savelyevin bu sözləri Türkiyədə - Kayseri şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəsinin açılışında deməsi də diqqətəlayiq hadisədir, deyərdim.
Rusiyalı deputatın Kayseridə təhsil alan, Xocalı soyrıqımı qurbanlarının xatirə abidəsinin açılışında iştirak edən, fərqli ölkələri təmsil edən tələbələrə müraciət edərək, "Bu cür faciələr təkrarlanmalıdır" deməsi, cənab Savelyevin haqpərəst, dürüst bir şəxsiyyət olmasını göstərir. Onun tələbələrə, "Təhsil almağınızı bitirib, ölkələrinizə qayıdanda, Azərbaycanda 26 il bundan əvvəl törədilən dəhşətli faciə barədə siyasətçilərinizə, deputatlarınıza danışın. Bundan ötrü danışın ki, sizin parlamentlər rəsmi olaraq bu faciəni Azərbaycan xalqının soyqırımı kimi tanısın" deyə səslənməsi haqqın nazilsə də, üzülməyəcəyinə inamın ifadəsidir. Bir də, həmin tələbələrin yalnız Xocalı haqqında danışmaqla qalmayıb, bir neçəsinin öz ölkəsində önəmli mövqe sahibi ola biləcəyini də düşünsək, məncə Kayseridə sıradan bir iş baş vermədiyini vurğulaya bilərik. O tələbələr, açılışdakı bir çox başqa şəxslər o abidəni dəfələrlə görəcək; böyük bir ölkənin deputatının, digər önəmli çağırışların fərqinə varanlarsa, nə zamansa öz əsərində, çıxışında, qərarında, hazırlayacağı qanun layihəsində haqqı nahaqqa verməmək üçün əsaslara, bilgilərə sahib olacaq.
Əlbəttə, bir deputatın çağırışı, hələ onun dediklərinin, mənsub olduğu dövlətin də rəsmi mövqeyi kimi təsbit olunması demək deyil, ancaq sadəlöhv olmasaq, bilirik ki, daha öncələr baş verməyən bir çağırışın günümüzdə, Türkiyədə, Xocalı abidəsinin açılışında səslənməsi təsadüfi sayıla bilməz. Elə bilirəm, bu barədə işğalçı Ermənistan da, qondarma rejim də bilir və nə qədər gec deyil, işğalçılıq siyasətindən imtina edib, adam kimi yaşamaq yolunu tutmalıdırlar.
Cənab Savelyevin Nürnberq məhkəməsini xatırlatması, II Dünya muharibəsi zamanı dinc sakinlərin öldürməsinə əmr verənlərlə bağlı o zaman qəbul edilmiş tarixi qərara vurğu yapması da diqqətdən qaçmamalıdır. Yəni bu mövzuda çox da uzaq olmayan tarixi təcrübə mövcuddur. Deputın da dediyi kimi, Xocalı soyqırımı baiskarlarının bir çoxu hələ yaşayır, üstəlik, öz ölkələrində və qondarma rejimdə siyasi post tuturlar. Deməli, növbəti Nürnberq məhkəməsinin başlaması dünya gücləri, uluslararası qurum və quruluşlar üçün başucalığı deyil.
Arzu edərdim ki, Savelyevin çağırışı ilk növbədə onun öz həmkarları tərəfindən müsbət cavab bulsun; haqq söz dalğa-dalğa yayılsın və işğalçı ölkə, həm bu çağırışlardan, həm də Azərbaycan ordusunun artan gücündən özü üçün tarixi nəticə çıxarıb, daha artıq qan tökülmədən, öz sınıq-salxaq qüvvələrini Azərbaycan ərazilərindən çəksin. Təbii, biz hər bir haqq sözə, o sözü deyən insanlara sayğı duyuruq, lakin biz ilk növbədə, öz ordumuza, öz dövlətimizə arxalanırıq və bilirik ki, ədalət gec-tez zəfər çalacaq!".

Bu xəbər oxundu
- - -