Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət”

23.10.18, 12:41
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Oktyabrın 23-də Bakı Konqres Mərkəzində “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və AMEA-nın birgə təşkilatçılığı ilə reallaşan konfransda 30 ölkədən 150-dək xarici qonaq iştirak edir. Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə İslam aləmində ən uzunmüddətli hakimiyyətə malik Şirvanşahlar dövlətinin tarixinin öyrənilməsi baxımından konfransın əhəmiyyətini vurğulayıb.
Bu gün qədim və orta əsrlərdə yaşayıb yaratmış ədiblərimizin yaradıcılığının alimlərimiz tərəfindən geniş şəkildə araşdırıldığını deyən AMEA rəhbəri Şirvanşahlar dövlətinin bütün atributlara sahib dövlətçilik ənənələri ilə tanındığını və hər zaman dahi şair və alimlərin yaşadığı bir mərkəz rolunu oynadığını vurğulayıb. O, Şirvanşahlar dövründə Bakı, Şamaxı və Dərbənddə çox böyük mədəniyyət nümunələrinin yaradıldığını diqqətə çatdırıb.
"Prezident İlham Əliyev Şirvanşahlar Sarayının yenidən qurulmasına xüsusi göstəriş verib. Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva elmə və milli-mədəni irsimizə böyük diqqət və qayğı göstərirlər. Mehriban Əliyevanın köməyi sayəsində Şirvanşahlar Saray Kompleksi UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib. Son illər dünya dövlətlərinin tanınmış elm adamlarının xalqımızın zəngin və mədəni irsinin tədqiqinə maraqları artıb" - deyə akademik A.Əlizadə vurğulayıb. AMEA prezidenti maddi-mədəniyyət abidələrimizin, xalqımızın zəngin mənəvi irsinin qorunması və təbliği istiqamətində həyata keçirilən ardıcıl işlər nəticəsində Azərbaycan mədəniyyətinin dünya miqyasında tanındığıını qeyd edib.

Sonra çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, konfransın keçirilməsi dövlətçiliyin dərk edilməsi istiqamətində çox böyük addımdır. Tarixən Azərbaycan öz müstəqilliyini qoruyub saxlayıb. Şirvanşahlar Asiya ilə Avropanın kəsişdiyi bir coğrafiyada öz dövlətini yaradaraq inkişaf etdiriblər. Nazir qeyd edib ki, müasir Azərbaycan hər zaman tarixinə, mədəniyyətinə həssaslıqla yanaşır. Ulu öndər Heydər Əliyevin dövründə İçərişəhər UNESCO-nun Mədəni İrs Siyahısında yer alıb.
Şirvanşahlar dövlətinin tarixi haqqında iştirakçılara məlumat verən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin (DTMQ) rəisi Əsgər Ələkbərov deyib ki, o dövrdə inşa edilmiş memarlıq abidələri, yazılmış ədəbi əsərlər dünya irsinin mükəmməl nümunələri sırasında xüsusi yer tutur. Qeyd olunub ki, Şirvan şahlarının iqamətgahının, minillik Şirvan tarixinin ən göz oxşayan tikililərinin İçərişəhər ərazisində yerləşməsi bu konfransın keçirilməsi ilə bağlı ideyanın yaranmasının ən başlıca səbəblərindən olub. Azərbaycan, eləcə də dünya ədəbiyyatının dahi simalarından olan Xaqani Şirvani və İmadəddin Nəsiminin o dövrdə yazıb yaratmaları Şirvan şahlarının poeziya, elm və yaradıcılığa göstərdikləri qayğının bariz nümunələrindən biridir.
Tədbir çərçivəsində tanınmış elm adamları Şirvanşahlar dövlətinin (VI-XVI əsrlər) minillik tarixi, memarlığı, arxeologiya, etnoqrafiya, ədəbiyyat, epiqrafiya və fəlsəfəsinə dair müxtəlif mövzularda məruzələrlə çıxış edəcəklər. Beynəlxalq konfrans oktyabrın 24-dək davam edəcək.

Bu xəbər oxundu
- - -