Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

ADNSU-da akademik Murtuza Nağıyevin adını daşıyan auditoriya açılıb

23.10.18, 12:42
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Oktyabrın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) görkəmli kimyaçı alim, akademik Murtuza Nağıyevin adını daşıyan auditoriyanın açılışı olub. ADNSU-dan bildiriblər ki, tədbir Prezident İlham Əliyevin “Akademik Murtuza Nağıyevin 110 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq reallaşdırılıb.
Tədbirdə çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı Prezident İlham Əliyevin “Akademik Murtuza Nağıyevin 110 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının əhəmiyyətini vurğulayıb. M.Babanlı görkəmli alimin elmi yaradıcılığından, kimya elminə verdiyi dəyərli töhfələrdən danışıb. Akademik M.Nağıyevin xatirəsinin ADNSU-da daim əziz tutulduğunu deyən rektor onun vaxtilə bu ali məktəbdə dosent vəzifəsində çalışdığını xatırladıb.
ADNSU-nun neft-kimya texnologiyası və sənaye ekologiyası kafedrasının müdiri, professor Ələkbər Həsənov kimya-texnologiyası nəzəriyyəsinin yeni bir elm sahəsi kimi yaranması və inkişafının akademik Murtuza Nağıyevin adı ilə bağlı olduğunu bildirib. O, görkəmli alimin kimyada resirkulyasiya prosesləri nəzəriyyəsinin yaradıcısı olduğunu diqqətə çatdırıb. AMEA-nın Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev Azərbaycanda kimya elminin inkişafında Murtuza Nağıyevin müstəsna xidmətlərinin olduğunu vurğulayıb. Görkəmli alimin elmə gətirdiyi yeniliklərdən bəhs edən V.Fərzəliyev onun tədqiqatlarının nəticələrinin dəyərli elmi mənbə olduğunu söyləyib.
ADNSU-nun akademik Murtuza Nağıyev adına təqaüdünü alan tələbələr Elnur Cəbrayılzadə və Aydın Səmədov ölkəmizdə elmə, təhsilə göstərilən böyük diqqət və qayğıdan danışıblar. Görkəmli alimin oğlu, AMEA-nın vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, akademik Tofiq Nağıyev tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib. Akademik Murtuza Nağıyev adına auditoriya ADNSU-nun neft-kimya texnologiyası və sənaye ekologiyası kafedrasının balansında istifadəyə verilib.

Bu xəbər oxundu
- - -