Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ölkədə 1 milyondan çox qeyri-leqal məşğulluq var”

08.11.18, 10:02
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Hadi Rəcəbli: “Bunun sığortaya cəlb olunması gözlənilir”


Dünən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında büdcə zərfinə daxil olan “2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələrinin müzakirə edilib.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib ki, ölkədə 1 milyondan çox qeyri-leqal məşğulluq var: “Bunun sığortaya cəlb olunması gözlənilir”. Komitə sədri bildirib ki, buna görə də sahibkarlar üçün sığorta faizinin aşağı düşməsi gözlənilir: “Ehtimal var ki, bu rəqəm pensiya ödəməyə çatmasın. Bundan sonra sığortanı da, vergini də bir qurum yığacaq. Bunu da Vergilər Nazirliyi həyata keçirəcək”. Hadi Rəcəbli deyib ki, yeni doğulan uşaqlara təyin edilən birdəfəlik müavinətin həcmi artırılacaq. Komitə sədri bildirib ki, yeni doğulan uşaqlara təyin edilən birdəfəlik müavinətin həcminin artırılması nəzərdə tutulur: “Təklif edirəm ki, 3 yaşına qədər uşaqlara da müavinət verilsin. Hətta bununla bağlı yeni qanun da hazırlana bilər”.
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, 2019-cu ildə Azərbaycanda yaşayış minimumu 180, ehtiyac meyarı isə 143 manat müəyyən edilib.
Tahir Budaqovun çıxışından sonra isə Əmək və əhalinin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli 180 manat yaşayış minumumunun 190 manata çatdırılmasını təklif edib. Tahir Budaqov deyib ki, növbəti ildə Azərbaycanda yaşayış minimumu 180, ehtiyac meyarı isə 143 manat müəyyən edilib. Komitə sədri bildirib ki, yaşayış minimumu ilə bağlı təklif olunanlar, reallığa adekvat rəqəmdir: “Hesab edirəm ki, yaşayış minimumunun bu həddə müəyyən edilməsi ölkədəki yoxsulluq səviyyəsinin 5,4 faizdən 5,1 faizə endirilməsinə öz təsirini göstərəcək”.
O həmçinin deyib ki, hökumətin siyasəti ehtiyac meyarının yaşayış minimumuna uyğunlaşdırılması və yaxınlaşdırılmasıdır: “Bu proses gedir. Növbəti ilə ünvanlı sosial yardımların müəyyən edilməsi ilə əlaqədar olaraq ehtiyac meyarının artırılması nəzərdə tutulub. Belə ki, növbəti ildə ehtiyac meyarının 143 manat müəyyən edilməsi təklif olunur”.
Əmək və Əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev isə müzakirələt zamanı növbəti ildə əlillərin pensiyasının artımı ilə bağlı sualı cavablandırıb. Nazir müavini bildirib ki , əlillər daim diqqət mərkəzindədir. “Bizim pensiya sistemimiz sığorta prinsiplərinə əsaslanır. Bura əlilliyə, yaşa və ya ailə başçısını itirməyə görə pensiyaya çıxanlar daxildir”.
Nazir müavini bildirib ki, pensiya fərdi şəxsə hesabda toplanılan məbləğdən asılı olaraq təyin edilir: “Əlillər də bu kateqoriyadan olan şəxslərdir. Sadəcə fərq odur ki, onlar əlillik səbəbindən pensiyaya çıxırlar. Həmin şəxsin fərdi hesabında nə qədər vəsait toplanıbsa, ona uyğun da pensiya alır. Burada sığorta prinsipləri nəzərə alınmalıdır”.
O həmçinin qeyd edib ki, Azərbaycanda əlillər pensiya ilə yanaşı müavinət də alırlar. “ Əlillərin sosial müavinətinin artırılması ilə bağlı növbəti ildə tədbirlər keçiriləcək. Onların məbləği kapitaldan asılı deyil, fiks rəqəmlə ifadə olunur. Biz həmin vəsaitin artırılması ilə bağlı ciddi addım atacağıq”.
İdris İsayev əlavə edib ki, gələn il üzrə Azərbaycanda orta aylıq əmək pensiyası 241 manat təşkil edəcək. Nazir müavini bildirib ki, yaşa görə əmək pensiyasının orta aylıq məbləği 272 manata çatacaq: “Bu isə həyata keçirilən siyasətin ana məqsədidir. Digər tərəfdən, işsizlikdən Sığorta Fondunun büdcəsi 83 milyon 451 min manat məbləğində proqnozlaşdırılır. Bu qiymətləndirmə cari ilin göstəricilərindən 4.7 faiz artıq olacaq”. O həmçinin qeyd edib ki, 2019-cu il ərzində Azərbaycanda məşğulluq tədbirlərinin təxminən 250 min nəfəri əhatə etməsi gözlənilir: “Gələn il pensiya alanların sayı təxminən 1 milyon 294 min nəfər, sosial müavinət və təqaüd alanların sayı isə 571 min nəfər olaraq proqnozlaşdırılır”.
Nazir müavini əlavə edib ki, cari ilin 10 ayında muzdla işləyənlərin sayı 1 milyon 540 min nəfər olub, 3.3 milyon nəfər isə sərbəst məşğul olanlardır: “Bu ilin 10 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun gəliri 3 milyard 187 milyon manat təşkil edib. Bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 9.7 faiz artım deməkdir”. O bildirib ki, Azərbaycanda demoqrafik göstəricilər müsbətdir, əhali cavandır, 15-64 yaş arasında olan əhali 71 faiz təşkil edir. “65 yaşdan yuxarı olan əhali isə növbəti ildə 6.3 faiz təşkil edəcək: “Bu, çox müsbət göstəricidir. Qeyd edim ki, əmək qabiliyyətli əhali bizim üçün əhəmiyyət kəsb edir, çünki əmək qabiliyyətli əhali işləyən əhali deməkdir. İşləyən əhalinin sayı nə qədər çox olacaqsa, pensiya sisteminin maliyyə dayanıqlığı daha möhkəm olacaq. Çünki ödənilən sosial sığorta haqları bu insanlardan asılıdır. 0Növbəti ildə məşğul əhalinin sayının 5 milyona çatacağı qeyd olunur. Gələn il əhalinin gəlirləri 9 faiz artacaq, 54.4 milyard manata çatacaq. Bu da müsbət göstəricidir. Növbəti ildə orta aylıq əməkhaqqı 5.7 faiz artaraq, 642 manata çatacaq. 2019-cu ildə inflyasiya 3.8 faiz səviyyəsində nəzərdə tutulur. Pensiyaçıların sayı 1 milyon 294 min təşkil edəcək. Bunun 58.3 faizi yaşa görə, 30.8 faizi əlilliyə görə, 10.9 faizi isə ailə başçısını itirməyə görə pensiya alanlardır. Yaşa görə pensiya alanların sayında azalma müşahidə olunur, pensiya yaşının artırılması buna təsir edib”.
Deputat Elmira Axundova deyib ki, bu gün Azərbaycanda doğum əvvəlki illərlə müqayisədə aşağı düşüb: “Bunun qarşısının alınması istiqamətində yeni doğulan uşaqlara ayrılan müavinətin həcmi artırıla bilər”. Deputat bildirib ki, bu gün bir çox ailələr yeni doğulan uşağa ayrılan birdəfəlik müavinəti əldə etməyi özünə sığışdırmır: “Çünki hər birimizə məlumdur ki, bu gün yeni doğulan uşağın xərci ona ayrılan müavinətin rəqəmindən 10 dəfə çoxdur. Bu baxımdan heç olmasa ailələrdə ikinci və üçüncü uşaqlar dünyaya gələndə onlar üçün birdəfəlik müavinətin məbləği birinci uşaqla müqayisədə 100-200 manat artıq olsun. Bu, gənclərimizi stimullaşdıra bilər”. E. Axundova qeyd edib ki, bu gün ən çox rast gəlinən problemlərdən biri ünvanlı sosial yardımla bağlıdır: “Ünvanlı sosial yardım birdəfəlik ləğv olunsa daha yaşı olar. Bunun tamamilə özünüməşğulluqla əvəz olunması daha təqdirə layiq olar. Ünvanlı sosial yardım uşaq pulu ilə də əvəz oluna bilər”.
Deputat Aytən Mustafazadə əlillərin və ehtiyacı olan ailələrə ayrılan müavinətin artırılmasını təklif edib. Aytən Mustafazadə bildirib ki, 50-60 manat olan müavinətlər artırılmalıdır: “Evdə oturan əlillər, pensiya alan ahıllar bunu hiss etmir. Lakin hər il artırılan 5-10 manatla heç nə etmək mümkün deyil. 144 manat alan pensiya alan o pulu kommunal xərclərə verir, dərmanlarına kifayət etmir. Nə qədər bu məsələni qaldırmaq olar... Demək olar ki, hər il bu məsələlər qaldırılır. Amma ortada heç bir nəticə yoxdur. Biz deyirik ki, büdcəmiz sosialyönümlüdür. Ancaq sosialyönümlü büdcə konkret maaşlarda, pensiyalarda özünü göstərməlidir.

Səttar müəllim (Səttar Möhbalıyev) çıxışına yaxşı başlamışdı. Amma sonra qayıtdı ki, biz bunların hamısını edə bilmərik. Ötən gün də büdcə müzakirələri zamanı Azərbaycan Belarusla müqayisə edildi. Lakin buna cavab olaraq maliyyə naziri Samir Şərifov bildirdi ki, Azərbaycanı Belarusla müqayisə etmək olmaz. Mən Samir müəllimin (Samir Şərifov) bu fikrinin əleyhinəyəm. Niyə Azərbaycanı belə ölkələrlə müqayisə etmək olmaz?! Azərbaycan bu gün geostrateji layihələrin həm təşəbbüskarı, həm də maliyyəçisidir”.
A.Mustafayeva deyib ki, ölkəmizin neft, qaz, qızıl ehtiyatları olmaqla yanaşı, kənd təsərrüfatı sahəsi inkişaf edir, insan kapitalına fikir verilir: “Azərbaycanın beynəlxalq reytinqlərdə mühüm yerləri tutur. Belə olan halda, ölkəmizi nəinki Belarusla, digər ölkələrlə də müqayisə etmək olar. 10 milyonluq Azərbaycan kiçik olmasına baxmayaraq, qüdrətli dövlətdir . Bu baxımdan vətəndaşlarımıza onlara layiq olan qayğını göstərə bilərik. Sosial yönümlü büdcə konkret rəqəmlərlə göstərilməli, maaş və müavinətlər artırılmalıdır”.
Daha sonra çıxış edən Hadı Rəcəbli söyləyib ki, tələbatla təminat düz mütənasibdir: “İldən-ilə rəqəmlər artır. Lakin bunlar gündəlik tələbata cavab vermir. Bu istiqamətdə addımlar davam etdirilməlidir”.
Deputat Yaqub Mahmudov bildirib ki, Qarabağ müharibəsinin nə qədər veteranı var? Axı müharibədə bu qədər adam iştirak etməyib: “Elələri var ki, bir dəfə də döyüşdə iştirak etməyib, amma əlillik vəsiqəsi var. Ona görə də bu sahədə islahatlar aparılmalıdır. Bu millətin nə qədər əlili, ələbaxımlısı var? Millət işləməyə vərdiş etməlidir. İndi də bir tendensiya yaranıb, hamı haradansa nəsə qoparmaq istəyir. Əlildirsə, əlillik, zəlildirsə, zəlillik-hər şeyə razıdır ki, nəsə qopara bilsin. Bu, millət üçün fəlakətdir. Tutaq ki, bir şəxsin ayağı yoxdursa, ona əlillik təyin etmək doğrudur. Söhbət saxta vasitələrlə əlilliyə çıxanlardan gedir. Bu qədər əlilin, Qarabağ müharibəsi veteranının olması cəmiyyətdə şübhə doğurur”.

Bu xəbər oxundu
- - -