Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Səudiyyənin varis şahzadəsi “Qırmızı xətti” keçib

08.11.18, 11:31
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Amerika bu ölkədə hər an hakimiyyəti dəyişə bilər

Səudiyyə Ərəbistanı dünya ictimaiyyətinin güclənən hiddətinə baxmayaraq, qonşu Yəmənə qarşı hərbi əməliyyatı genişləndirir. Səudiyyəlilərin başçılıq etdikləri koalisiya Hodeydaya – ölkənin ən böyük limanına növbəti hücuma başlayıb. Nəticə misli görünməmiş humanitar fəlakət ola bilər, amma bu, Səudiyyə rəhbərliyini durdurmur. Hodeydaya həmlə ər-Riyad üçün çətin zamanda genişlənir: Səudiyyə jurnalisti Camal Xaşuqci İstanbulda vəhşicəsinə qətlə yetirildikdən sonra faktiki ölkəni yönəldən gənc varis şahzadə Muhəmməd bin Salmanın avantürist siyasətindən qəzəb artır. Səudiyyə rəhbərliyi dünya birliyi və Qərb ölkələrinin çağırışlarına hələlik məhəl qoymur, amma çox şey ər-Riyadın xarici siyasətdə “qırımızı cızığı” keçdiyi və nəticələrin lap ciddi olacağına işarə edir.
“Strateq” İnosmi.ru-ya istinadən yazır ki, Hodeydanın götürülməsi üzrə aparılan əməliyyatın məqsədi üsyançı husilərə – şimali Yəmənin üsyançı şiələrinə silah və ərzaq tədarükünü tam bağlamaqdır. Koalisiya 600 mindən atıq əhalisi olan şəhərə qarşı aviasiya və artilleriyadan istifadə edir, dinc əhali praktik olaraq mühasirəyə alınıb. Hodeyda strateji baxımdan bütün şimali Yəmənin ərzaq təchizatının həyata keçirildiyi önəmli limandır, onun mühasirəsi görünmməmiş miqyasda humanitar fəlakət demək olacaq. Şəhərdə döyüşlərin başlanacağı halda əsas zərbələr dinc sakinlərə dəyəcək. Husilər Hodeydanın BMT nəzarətinə verilməsini nəzərdə tutan güzəştli variant təklif ediblər, lakin Səudiyyə koalisiyası qəbuledilməz şərtlər irəli sürüb: husi birləşmələrinin Qırmızı dənizin bütün sahillərindən çəkilməsi.
Yəməndə uzanan münaqişə dünya ictimaiyyətinin getdikcə daha çox narahatlığını doğurur. BMT baş katibi Antoniu Quterreş Yəməndəki durumu dünyada ən ağır humanitar böhran adlandıraraq zorakılığı bir anda dayandırmağa çağırıb. BMT-nin məlumatına görə, Yəmən əhalisinin dörddə biri (haradasa 7 milyon adam) aclıq çəkir, ölkədə vəba tüğyan edir, cəmi 22 milyondan çox adamın isə təcili humanitar yardıma ehtiyacı var. Qadın və uşaqların taleyi özəl təşviş doğurur. Bu yaxınlarda taleyini dünya ictimaiyyətinin izlədiyi 7 yaşlı qız Amal Hüseyn yarıac-yarıtoxluqdan ölüb və bu ölüm qeyri-adi rezonans doğurub. Amma barışa çağırışlara baxmayaraq, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya hərbi əməliyyatı sürdürür. BMT-nin ekspert qrupu bu günlərdə koalisiyanın mülki hədəflərə aviazərbələrinin, habelə Yəmənin dənizdən və qurudan mühasirəsinin beynəlxalq humanitar hüququn pozulduğundan danışan məruzə dərc edib.
Yəmənə müdaxilə artıq üç il yarım davam edir, təkcə döyüş əməliyyatları nəticəsində 30 minə yaxın adam həlak olub. Səudiyyə HHQ Bəhreyn, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri aviasiyalarının dəstəyi ilə 2015-ci il martın sonunda Yəmən ərazisinin önəmli qismi üzərində nəzarət quran husilərin (şiələrin) “Ənsari Allah” birləşmələrinə qarşı “Qətiyyət tufanı” kod adlı əməliyyata başlayıb. Husiləri bölgədə İranın əlinə oynamaqda ittiham edirlər. Səudiyyəlilər Qərbin aparıcı ölkələrinin – ABŞ, Böyük Britaniya və Fransanın dəstəyini əldə edərək sünni ərəb dövlətlərindən koalisiya düzəltməyə nail olublar. Yəmənin “qanuni” prezidenti Əbdürrəbbi Mənsur Hadinin müdafiəsi üzrə əməliyyatda Səudiyyə Ərəbistanının tərəfində cəmi doqquz ölkə, o cümlədən Fars körfəzi ölkələri və Misir iştirak edib. Amma əməliyyatın genişliyinə və nəhəng məsrəflərə baxmayaraq, liman şəhəri Ədəni saymasaq, koalisiyanın uğurları cüzidir.
Təcavüzkar xarici siyasət kursunu kralın oğlu – müdafiə naziri və vəliəhd Muhəmməd bin Salman aparır. Qoca və əldən düşmüş kral Salman deyil, məhz 33 yaşlı Muhəmməd krallığın siyasətini müəyyən edir. O, Yəməndə savaş başlayıb, Qətərlə münaqişə törədib, Suriya və İraqda islamçılara fəal əl tutub. Muhəmməd yenilməz savaşla hakim rəhbərliyi və xalqı birləşdirməyə ümid edirdi. Amma səudiyyəlilər tələyə düşüblər: Yəməndə perspektivsiz savaşa dolaşıblar, qonşu Qətəri diz üstə qoymağı bacarmayıblar. Bu siyasətin iflası krallıqdakı duruma qarışdırıcı təsir göstərir, çünki hakimiyyət uğrunda çapışmanı kəskinləşdirir. Axı qoca kral Salman öz doğma oğlunu qabağa çəkmək naminə vəliəhdlik qanunu pozub – bu qanuna əsasən, kral ailəsinin əsas qanadları böyüklük üzrə hakimiyyətdə təmsil olunub. O, başqa şahzadələri qıraqda qoyaraq Muhəmməd bin Salmanı öz varisi edib. Bu qərar – bərkimiş ənənənin radikalcasına sındırılması kral ailəsinin bir çox üzvlərinin etirazını doğurub.
Vəliəhd Muhəmməd dünyadakı etirazlara məhəl qoymadan öz avantürist siyasətini bundan sonra da davam etdirə bilərdi. Lakin “Xaşuqci işi” – səudiyyəli jurnalistin İstanbulda xaincəsinə öldürülməsi – durumu kökündən dəyişib. Qərb, nəhayət, praktik olaraq bütün əməlləri – Yəməndə savaş, Qətərin mühasirəsi, Səudiyyə müxaliflərinə divan tutulması – cəzasız qalmış Muhəmməd bin Salmanın ipini çəkməyi qət edib. Qərb xeyli qabaq reaksiya verərdi, amma neft fövqəldövləti və silah alıcısı kimi Səudiyyə Ərəbistanının önəmi bütün əxlaqi dəlilləri üstələyib. Lakin Qərb dövlətləri Yəmənin dinc sakinlərinin soyqırımına çevrilən savaşın üç il yarımından sonra hərəkətlənmək qərarına gəlib. ABŞ müdafiə naziri Ceyms Mettis Yəməndə barışığı bir ay ərzində yoluna qoymağı tələb edib, Böyük Britaniya rəhbərliyi onu dəstəkləyib. Qətərlə bağlı münaqişəli durum narazılığın əlavə amilinə çevrilib. Səudiyyə Ərəbistanı tərəfindən bu olduqca varlı əmirliyin mühasirəyə alınması, demək olar, artıq bir ildir sürür və dalandan çıxış yolu görünmür. Qətəri dəstəkləyən və Yaxın Şərqdə öz geopolitik rəqibinin mövqeyini zəiflətməyə çalışan Türkiyənin də mövqeyi təsir edir. Məhz Türkiyə “Xaşuqci işi”nə belə geniş rezonans verib.
Bu arada indiki kral və oğlunun “qırağa itələdiyi” kral ailəsi üzvləri də kral ehramının xəlvətlərində öz saatlarını gözləyirlər. Avropalı müşahidəçilər qeyd edirlər ki, indiki kralın doğma qardaşı Əhməd xarici sürgündən Səudiyyə Ərəbistanına qayıdır. Qərb ölkələri ona təhlükəsizlik zəmanəti verib. Hamı bilir ki, Əhməd həmişə vəliəhd Muhəmmədin namizədliyinə qarşı çıxış edib. Ola bilər ki, ABŞ-ın basqısı altında kral ailəsi daxilində qalaqurma hazırlanır? Bu zaman nəzərə almaq gərəkdir ki, tez özündən çıxan və məkrli Muhəmməd hakimiyyəti saxlamaq naminə ən ifrat tədbirlərə əl ata bilər – hətta “Xaşuqci işi”ndən sonra da.

Bu xəbər oxundu
- - -