Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Melburn Azərbaycan bayrağı ilə bəzədilib

12.11.18, 10:35
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

9 noyabr - Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə Avstraliyanın Melburn şəhərinin mərkəzində yerləşən Federasiya meydanında Azərbaycan Dövlət Bayrağının qaldırılması mərasimi təşkil edilib. Azərbaycanın Avstraliyadakı səfirliyinin təşəbbüsü, eləcə də Viktoriya-Azərbaycan Mədəniyyət Assosiasiyası və Melburndakı Azərbaycan icmasının təşkilatçılığı ilə keçirilən tədbirdə Melburn şəhərində yaşayan həmvətənlərimiz, burada təhsil alan azərbaycanlı tələbələr və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Mərasim Azərbaycanın dövlət himninin sədaları altında dövlət bayrağımızın Federasiya meydanında ucaldılması ilə başlayıb. Ümumilikdə həmin gün şəhərin mərkəzi meydanında dörd Azərbaycan bayrağı ucaldılıb ki, bu bayraqlar da gün ərzində Avstraliyanın dövlət bayraqları ilə bərabər dalğalanıb.
Tədbirdə çıxış edən ölkəmizin Avstraliyadakı müvəqqəti işlər vəkili Elcan Həbibzadə Azərbaycan Hökuməti adından Dövlət Bayrağı Günü münasibətilə soydaşlarımızı təbrik edib və mərasimin təşkilində əməyi və dəstəyi olan hər kəsə təşəkkürünü çatdırıb. Azərbaycan Dövlət Bayrağının qaldırılması mərasiminin Avstraliyada ilk dəfə keçirildiyini qeyd edən diplomat, bunun iki ölkənin əlaqələrinin tarixində əlamətdar hadisə olduğunu vurğulayıb və belə tədbirlərin bundan sonra da xoş ənənəyə çevriləcəyinə ümidvar olduğunu qeyd edib.
Diplomat bu kimi tədbirlərin Azərbaycanın Avstraliyada daha yaxından tanıdılmasına, eləcə də bu ölkədə yaşayan soydaşlarımızın həmrəyliyinin möhkəmləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıb. Avstraliyadakı Azərbaycan icmasının iki ölkə arasında mövcud olan dostluq münasibətlərinin inkişafında mühüm rol oynadığını bildirib.
Elcan Həbibzadə indiki Dövlət bayrağının 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edildiyini xatırladaraq, Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncama əsasən hər il 9 noyabrın ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edildiyini bildirib. Diplomat üçrəngli bayrağımızın bütün dünyada yaşayan azərbaycanlılar üçün dövlətçiliyimizin və suverenliyimizin rəmzi olduğunu vurğulayıb. Eyni zamanda, o, dövlət başçısının digər sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edildiyini qeyd edərək, bugünkü mərasimin Cümhuriyyətimizin 100 illiyi çərçivəsində keçirildiyini qeyd edib və Bayraq Gününün əhəmiyyətindən danışıb.

Bu xəbər oxundu
- - -