Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Namiq Kamal - türk ədəbiyyatının qüdrətli nümayəndəsi, xalqa azadlıq, vətən sevgisi aşılayan şair

12.11.18, 11:33
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

2-ci yazı

Namiq Kamalın ortaya atdığı ideya müəyyən əqidə yaxınlığında olduğu Şinasinin “bütün millətlər üçün tək bir vətən” fıkrindən kəskin şəkildə fərqlənir. Namiq Kamal “tək bir vətəndə savaş halında olan fərd və zümrələrin olduğunu” nəzərə aldığından bu düşüncələrin həqiqətlə heç bir əlaqəsi olmadığı fıkrinə gəlir. Onun düşüncələri osmançılıq, islamçılıq və türkçülük ideyaları şəklində əksini tapır.

Qalxın, ey əhli vətən, biz də şadan olalım,
Dini-millət uğrunda, haydı, qurban olalım.
Şan günü bu gündür, bu millətin aslanları,
Çəkəlim qılıncları, tökəlim al qanları.

Lakin o, yuxarıda deyilən “dil birliyi, fıkir və sevgi qardaşlığı” prinsipinə bağlılığını nümayiş etdirdiyindən osmançılıq və islamçılığı türkçülüyə nisbətən şərti və zahiri formada götürür, bütün ideyaları türkçülüyə xidmət şəklində qəbul edir. Ona görə də N.Kamalın millətçilik düşüncələri onun osmançılıq və islamçılıq fikirlərini tamamlayır, haradasa bir-birinə keçid və bir-birinin davamı təsirində görünür: İzzi dareyni fədadır məqsədim İslam üçün Xalqı təmin eylərəm dinimlə, imanımla mən.
Namiq Kamal yaradıcılığında hürriyyət xalqın yeganə qurtuluş yolu kimi səciyyələndirilir və göstərilir ki, bu yolu tutmağa xalqın haqqı böyükdür. Şairin poemada əks etdirilən hürriyyət düşüncələri Londonda nəşr olunan “Hürriyyət” qəzetində çap olunmuş bir məqalədəki fikirlərilə eyniyyət təşkil edir. Məqalədə “xalqın hakimiyyət haqqı təsdiq olunduğu təqdirdə cümhuriyyət yapmağa da haqqı olduğunu” irəli sürən Namiq Kamal zülm və əsarətə qarşı siyasi mübarizədə xalqın qəti və sərt addım atacağına haqlı olduğunu bəyan edir. Şair “Hürriyyət qəsidəsi” əsərində xalqın haqqını onlara verən şəxsləri yüksək qiymətləndirir, insanları yalnız və yalnız xalqa xidmətə çağırır: Usanmaz kəndini insan bilənlər xalqa xidmətdən, mürüvvətmənd olan, məzlumə əl çəkməz ianətdən. Müini zalımın dünyada ərbabi dənaətdir,
Köpəkdir zövq alan səyyadi-biinsafa xidmətdən. Heç şübhəsiz, Namiq Kamal “zalım”, “biinsaf”- adlandırdığı şəxsləri daha çox hakim təbəqələr içərisində axtarır, onların xalqa yabançılığını tənqid edirdi. O, ölkəsinin düşdüyü ən çətin şəraiti də, dövlətin hərbi uğursuzluqlarını da belə şəxslərin fəaliyyəti ilə bağlayır. Şair 1877-1878-ci illər türk-rus müharibəsində uğursuzluğa düçar olmuş Türkiyənin vəziyyətinə acıyır, məğlubiyyətin əsas səbəbkarı kimi Sultan Əbdülhəmidi tənqid obyektinə çevirirdi və bu ağır vəziyyəti belə əks etdirirdi.

Vətənin paraladı sinəsini düşmən əli,
Səryeyi matəm imiş talemizin ta əzəli
Vətənin bağrına düşmən dayadı xəncərini,
Yox imiş qurtaracaq bəxti qara madərini.

Dəli Hikmətlə birlikdə yazılmış 26 bəndlik “Vətən mərsiyəsi” adlı şeirin bütün misralarında kədər motivi hökm sürür. Müqəddəs vətən torpağının düşmən tapdağı, millətin düşmən təzyiq və təhqirləri altında olması şeirdə təkcə şairin daxili narahatçılıqlarının deyil, həm də ümumən düşmənə qarşı qəzəb və nifrətinin ifadəsidir. Düşmənin amansızlığı, rəhmsizliyi, millətin naçar qalması, vətən torpağının qan içində boğulmasının şairdə doğurduğu sarsıntı və gərginlik onu hətta Allaha üz tutub etiraz etməsindən belə çəkindirmir:

Ah Rəbbim, var isə maili fəryad oldun,
Vətəni qəhr ilə tahkir ilə mutad oldun.
Həpimiz zalım isək, sən də mi cəllad oldun...
Yox imiş qurtaracaq bəxti qara madərini.

Şeirdə N.Kamalın düşmən təcavüzünə düçar olan millətin hər bir nümayəndəsini Beytullaha daş atan Həccac bin Yusif əl-Sakafi ilə müqayisə etməsi təsadüfi görünmür. Çünki bu vəziyyətdə o, vətən sevgisinə rəğmən psixi gərginliyin onda yaratdığı milli, eyni zamanda, ruhi-mənəvi duyğuların assosiasiyasını nümayiş etdirir, şair-vətəndaş mövqeyini ortaya qoyur:

Vətənin cövhəri namusunu biz mi satalım?
Ya bini hakda Həccac ilə bir miyatalım?
Xalıqa qarşı durub Kəbəyə daş mı atalım?

Maraqlı faktdır ki, Namiq Kamalın hürriyyət, istiqlal, türkçülük ideyalarının gerçəkləşməsində böyük xidməti olan, Türkiyə Cümhuriyyətinin yaradıcısı Mustafa Kamal Atatürk dövlət yaratdıqdan sonra Böyük Millət Məclisinin 1 mart, 1922-ci il tarixli iclasında Namiq Kamalın yuxarıdakı misralarını real vəziyyətə uyğunlaşdıraraq aşağıdakı dəyişiklikdə oxumuşdu:

Vətənin bağrına düşmən dayasın xəncərini,
Bulunur qurtaracaq bəxti qara madərini.

Qeyd edək ki, Güney Azərbaycan milli-azadlıq hərəkatının rəhbəri Ş.M.Xiyabani ölümcül yara alanda Namiq Kamalın yuxarıdakı misralarını oxuyaraq həyatdan gedib. Ümumiyyətlə, Azərbaycanda N.Kamal yaradıcılığına böyük maraq göstərilib. İslamçılıq Namiq Kamalda bir dini görüş olmaqdan başqa, həm də siyasi xəttdir. Namiq Kamal dünya İslam birliyində osmanlıların aparıcı mövqedə olmasına önəm verir, İslam birliyi ölkələrində mənəvi-mədəni əlaqələrin möhkəmlənməsini vacib hesab edirdi. Bu kimi hallar Namiq Kamala bütün türk dünyasında olduğu kimi, Azərbaycanda da rəğbəti artırıb, əsərlərinin çapına ehtiyac doğurub. Şairin Azərbaycanda “Dəbistan” jurnalının 1907-ci il 5-ci sayında çap olunan “Vətən” şeiri siyasi-dini səciyyə daşıyır. Bu şeirdə islamçılıq-osmanlıçılıq görüşləri şairin digər görüşlərini üstələyir:

Get Vətən, Kəbədə siyahə bürün,
Bir qolun rövzeyi-nəbiyə uzat.
Birini Kərbəlada Məşhədə at,
Kainata o heyətinlə görün.
O tamaşaya haqq da aşiq olur,
Gözə bir aləm eyləyir izhar.
Ki, cahanda böyük lətafəti var,
Bu lətafət olunsa gər inkar…

Lakin bəzi ümidsizlik və kədər motivlərini çıxmaq şərti ilə, Namiq Kamal yaradıcılığında vətənin sabahına, onun gələcəyinə inam hürriyyət və istiqbal düşüncələri qədər güclüdür. Türkiyənin düşmən qüvvələrlə üzləşdiyi ən çətin məqamlarda belə şair sabaha olan inamını itirməyib, xalqının qələbə çalacağını ön plana çəkib. Namiq Kamal yaradıcılığında aparıcı yer tutan, hazırda türk gəncliyinin dillər əzbəri olan, milli duyğu və hisslərin tərənnümü baxımından əvəzsiz nümunəyə çevrilən “Nam alırız biz” şeiri bu cəhətdən xarakterikdir:

Amalımız, əfkarımız iqbali-vətəndir,
Sərhədimizə qələ bizim xaki bədəndir.
Osmanlılarız, zinətimiz qanlı kəfəndir,
Qovğada şəhadətlə bütün kam alırız biz,
Osmanlılarız, can veririz, nam alırız biz.
Qan ilə qılıncdır görünən bayrağımızda,
Can qorxusu girməz ovamızda, dağımızda,
Hər guşədə bir şir yatar torpağımızda,
Qovğada şəhadətlə bütün kam alırız biz,
Osmanlılarız, can veririz, nam alırız biz.
Namiq Kamal torpağının “hər guşəsində şir kimi yatan” igidləri ilə fəxr edir, vətən naminə döyüşlərdə “can qorxusu” bilməyən oğulları ilə öyünür, belə bir vətənin heç vaxt basılmayacağına əmin olduğunu ifadə edir. Ona görə də, şair vətənin düşmən təhlükəsi ilə üz-üzə dayananda yeganə ümidi olan “zinnətlərini qanlı kəfən” bilən igidlərə üz tutur, pənahını onlara bağlayır:

İştə adu qarşıda hazır silah,
Arş igidlər, vətən imdadına.
Arş irəli, arş bizimdir felah,
Arş igidlər, vətən imdadına.

Onu da qeyd edək ki, “yeni türk ədəbiyyatında gözəl bir qadın şəklində təsəvvür edilən, sevgili vətən və ana vətən anlayışı ilk dəfə Namiq Kamalla başlayıb.” Ona görə də, Mustafa Kamal Atatürk Namiq Kamalın əsərlərində olan vətən sevgisini və bunun timsalında milli azadlıq ruhunu yüksək qiymətləndirmiş, xalqın mübarizə əzminin artırılmasında Namiq Kamalın rolunu xüsusi qeyd edib.
Namiq Kamal Tənzimat ədəbiyyatının tələblərinə uyğun olaraq yaradıcılığında roman janrına da yer verib. Cəmi iki roman “İntibah” (1876) və “Cəzmi” (1880) yazmasına baxmayaraq, onun romanları türk ədəbiyyatında özündən əvvəlki və özündən sonrakı romanlara nisbətən orijinallığı ilə seçilir. Məsələn, prof.dr. Mehmet Kaplan yazır ki, “Namiq Kamalın türk romanına gətirdiyi ən mühüm ünsürlərdən biri “İntibah”da çeşidli örnəkləri olan ruh təhlillərinin verilməsindədir”.
“İntibah” Namiq Kamalın ilk romanıdır. Əsəri müəllif Maqosda olarkən yazıb. Əsərin mövzusu ailə-məişət və sosial problemlər zəminindədir. Müəllif ilk olaraq əsəri “Son peşmanlıq” adı ilə qələmə alsa da, sonralar əsər “İntibah” şəklində çap olunmuşdur. Əsərin əsas qəhrəmanı Əli bəydir. Hadisələr onun ətrafında cərəyan edir. Atası öldükdən sonra Əli bəy anası ilə tək qalır. Əli bəy darıxır. Onu darıxmamaq üçün işə göndərsələr də, bu iş onun mənəvi sarsıntılarına son qoymur. Təsadüfən o, Mahpeykər adlı düşgün, pozğun bir qadınla tanış olur. Hiyləgər Mahpeykər ilk andan onu öz toruna sala bilir. Əli bəy düçar olduğu mənəvi sarsıntılara sanki son qoyulduğunu zənn edir və bu qadınla evlənir. Lakin dostlarının köməyi ilə bu qadının kimliyini bildikdən sonra Əli anasının yanına gəlir. Mahpeykərin hiyləsi nəticəsində uzun müddət anasını unudan və onun yanına gəlməyən Əli bəyin bu gəlişi ana üçün çoxdan gözlədiyi planı həyata keçirməyə şərait yaradır. Ana oğlunu Mahpeykərdən uzaqlaşdırmaqda yeganə yol kimi onu bir başqası ilə evləndirməkdə görür. O, Dilaşup adlı bir cariyə ilə oğlunu evləndirir. İntiqam hissi ilə yaşayan Mahpeykər Dilaşupun namussuz, əxlaqsız olduğu barədə iftiralar uydurur. Gənc Əli bəy bunlara inandığı üçün Dilaşupdan uzaqlaşır. Dilaşupu bir şəxsə satırlar. Qəlbi intiqam almaqdan ötrü od püskürən Mahpeykər Dilaşupu həmin şəxsdən satın alır və ona olmazın işgəncələr verir. Lakin mətin və məsum qız bunlara dözür. Mahpeykər isə bununla kifayətlənməyib Əli bəyi öldürtmək qərarına gəlir. Bunu eşidən Dilaşup Əli bəyin nahaq ittihamlarının qurbanı olsa da, ona olan daxili sevgi və rəğbəti sayəsində ərini - Əli bəyi xilas etmək istəyir. Mahpeykərin qurduğu plana görə Əli bəy gecə evə gedərkən öldürülməli idi. Lakin Əli bəy hadisədən xəbər tutduğu üçün buradan qaçır və onun qaçdığı zaman yerə atdığı paltoya bürünən Dilaşup xüsusi tutulmuş qatil tərəfindən Əli bəy sanıldığı üçün öldürülür. Hadisə yerinə qayıdan Əli bəy Dilaşupu ölüm ayağında qolları arasına alaraq, etdiyi səhvləri anlayır, lakin hər şeyin gec olduğunu da başa düşür. Qəzəblənmiş Əli bəy Mahpeykəri öldürür. Həbsxanaya düşən Əli bəy 6 ay sonra məhbəsdə vəfat edir.


Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor

Bu xəbər oxundu
- - -