Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Vəkilliyin müstəqilliyi məsələsinə kompleks yanaşılmalı və bu müstəqillikdə dövlətin özü bilavasitə maraqlı olmalıdır”

15.11.18, 7:32
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Bu gün istənilən ölkədə olduğu kimi, Azərbaycanda da vəkilliyin müstəqilliyinin təşəkkül tapması yalnız Vəkillər Kollegiyasının əlində olan məsələ deyil”.
Bu barədə Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Vəkillərin rolu və müstəqilliyi: müqayisəli perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
O bildirib ki, vəkilliyin müstəqilliyi məsələsinə kompleks yanaşılmalı və bu müstəqillikdə dövlətin özü bilavasitə maraqlı olmalıdır:
"Əslində normal, demokratik və tarazlı dövlət idarəçiliyi, habelə cəmiyyətdə sivil hüquqi münasibətlərin bərqərar olmasında vəkil peşəsinin rolu əvəzsizdir. Bu mənada vəkillik ictimai münasibətlərin daha təkmil fazaya keçidində və onun təkamülündə faydalı institutdur, hətta antibiotikdir desəm, yanılmaram. Mənə görə vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur. Bu mənada, praqmatik idarəçiliyi olan ölkələrdə dövlət vəkilliyin inkişafında, şübhəsiz ki, maraqlı olacaq. Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22 fevral 2018-ci il tarixli sərəncamı bizim institutun inkişafında dövlətin nə dərəcədə maraqlı olduğunu sübut edir və həm vəkilliyin, həm də insanlar üçün keyfiyyətli hüquqi yardımın əlçatan olması baxımıdan bu sənəd əvəzsizdir. Dövlət özü vətəndaşının hüquqlarının keyfiyyətli müdafiəsində maraqlı olmalıdır. Bu, onun ən azından konstitusion vəzifəsidir".
A.Bağırovun sözlərinə görə, bu gün Vəkillər Kollegiyası əlindən gələni edir ki, həm vəkillərin öz aralarında, həm vəkillərlə Vəkillər Kollegiyası arasında, həm də vəkillərlə üçüncü tərəflər arasında yaranan münasibətlər daha peşəkar və korporativləşmiş olsun:
"Unutmayaq ki, bu gün vəkillər məhkəmə hakimiyyətinin özünü idarə etməsi işində - Məhkəmə Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin işində iştirak edir".

Bu xəbər oxundu
- - -