Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İrəvan xanlığı Hüseynqulu xanın dövründə

15.11.18, 10:34
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

18-ci yazı
Əhməd xan vəfat etdikdən sonra şah hökuməti Hüseynqulu xanı (1806-1827) İrəvana xan təyin edir. Yeni xan beynəlxalq vəziyyətin mürəkkəb olduğu bir vaxtda hakimiyyətə gəlmişdi. Qafqazda Qacar İran dövləti, Osmanlı dövləti ilə Rusiya arasında müharibə davam edirdi. Qeyd etmək lazımdır ki, birinci İrəvan müharibəsində rus qoşunu məğlubiyyətə düçar olsa da, Azərbaycanın digər ərazilərində təşəbbüsü ələ ala bilmişdi. 1805-ci ilin may və dekabr aylarında Qarabağ, Şəki və Şamaxı xanlıqları Rusiyanın təbəəliyinə keçdi. P.D.Sisianov Bakı xanlığını işğal etdikdən sonra İrəvana qoşun göndərmək niyyətində idi. Lakin 1806-cı il fevralın 8-də onun Bakı xanı Hüseynqulu xanla danışıqlar zamanı sui-qəsd nəticəsində öldürülməsi bu planın həyata keçməsinə mane oldu.
Bir müddət rus qoşunlarına general-mayor Nesvetayev başçılıq etsə də, 1806-cı il iyunun 2-də Qafqazda yerləşən rus qoşunlarına general-feldmarşal qraf Qudoviç yeni baş komandan təyin olundu. Yeni baş komandanın dövründə rus qoşunlarının Azərbaycana təcavüzü daha da genişləndi. Qraf Qudoviçə verilmiş təlimata görə, rus qoşunları Cənubi Qafqazda mövqeyini möhkəmləndirməklə kifayətlənməməli, Azərbaycan xanlıqlarının hamısını işğal etməli idi. 1806-cı ildə onun komandanlığı ilə rus qoşunları tərəfindən Dərbənd, Bakı, Salyan, Muğan işğal olundu.
Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında bildirilir ki, Rusiyanın Cənubi Qafqazdakı müvəffəqiyyətləri Osmanlı Türkiyəsini narahat etməyə bilməzdi. Digər tərəfdən, Napoleon Fransası sultanı Rusiya ilə müharibəyə təhrik edirdi. Beləliklə, 1806-cı ilin dekabrında Osmanlı dövləti Rusiyaya müharibə elan etdi. Osmanlı Türkiyəsinin müharibəyə qoşulması şah qoşunlarının Cənubi Qafqaza yeni hücumlara ruhlandırdı. Baş komandan vəzifəsinə başlayan qraf Qudoviç iki cəbhədə müharibə aparmaqdan çəkinərək vəziyyəti yüngülləşdirmək üçün şah hökuməti ilə danışıqlara başladı. Danışıqlar aparmaq üçün tərcüməçi praporşik Baluyev şah sarayına göndərildi. Qraf Qudoviç Qacar dövlətilə sülh şərtlərini Abbas Mirzənin, vəzir Mirzə Şəfinin və şahzadənin vəziri Mirzə Bözyurqun adına yazılmış məktublarda açıqlayırdı. Məktubların məzmunu demək olar ki, eyni idi. Baş komandan hər üç məktubda guya şah qoşunlarının və Dağıstan hakimlərinin Kartli-Kaxetiyanı talan etdiyini, rus tacirlərinin bundan əziyyət çəkərək ziyana düşdüklərini bəhanə gətirərək, şah hökumətinə Rusiya ilə Qacar İran dövlətləri arasında sərhəddin Naxçıvan və İrəvan xanlıqları daxil olmaqla Kür və Araz çaylarından keçməsi şərtilə sülh bağlanmasını təklif edirdi. Lakin şah sarayı Rusiya dövlətinin bu ağır şərtlərini əsassız olduğunu, Cənubi Qafqazın onlara məxsusluğunu iddiya edərək hər iki dövlət arasında sərhəddin məlum olduğunu və Şimali Qafqazda Mozdok ərazisindən keçdiyini bildirmişdi.
Şərqdə Rusiyaya qarşı özünə müttəfiq axtaran Napoleon Fransası bu danışıqlara mane oldu. Bu dövrdə şahı öz tərəfinə çəkmək üçün Fransa ilə İngiltərə dövlətləri arasında rəqabət gedirdi. Fransız diplomatları müxtəlif vədlərlə Fransa hökuməti ilə Qacar İranı arasında müqavilə bağlamağa nail oldular. Müqavilə 1807-ci il mayın 4-də bağlandı. Napoleon Fransası rus qoşununa qarşı mübarizədə şaha kömək etməyi öhdəsinə götürürdü. Müqavilə bağlandıqdan sonra general Qardanın başçılığı ilə bir dəstə mühəndis Tehrana gəldi. Şah rus qoşununa qarşı mübarizədə İrəvan xanlığının strateji əhəmiyyətini başa düşərək qalanı möhkəmləndirmək üçün bu mühəndislərin bir hissəsini oraya göndərdi.
Tezliklə, çarın əmrinə əsasən, qraf Qudoviç Türkiyənin şərq sərhədlərinə qoşun yeritdi. Lakin rus qoşunu 1807-ci il may ayının əvvəllərində Axalsıx qalasında biabırçı məğlubiyyətə uğrayaraq Tiflisə qayıdır. Lakin hərbi əməliyyatlar davam edirdi. Bu dəfə onlar arasında döyüş İrəvan xanlığı ərazisində baş verdi. Belə ki, sultan Ərzurum hakimi Yusif paşanı baş komandan təyin edərək rus qoşunlarına qarşı müharibə aparmaq göstərişini verdi. Yeni baş komandan 2 minlik qoşunla Qarsa gəldi. Öz qüvvəsinə arxayın olmayan osmanlı paşaları kənardan müttəfiq axtarmağa başladı. Qars hakimi Osman paşa Abbas Mirzəyə və İrəvan sərdarı Hüseynqulu xana məktub yazaraq birlikdə rus qoşununa qarşı çıxmağı təklif etdi. Hüseynqulu xan onun təklifinə müsbət cavab verərək, Nağı bəyin başçılığı ilə 200 nəfərlik İrəvan qoşununu Qarsa göndərdi. Abbas Mirzə də bu xəbəri eşidərək oraya tələsdi. Qraf Qudoviç hazırlıq görərək Gümrüyə doğru hərəkət edir.
1807-ci il iyunun 18-də Gümrüdə Arpa çayı sahilində yerləşən Kiçik Qarakilsə kəndində rus qoşunu ilə Osmanlı qoşunu üz-üzə gəldi. Döyüş rus qoşununun qələbəsi ilə başa çatdı. Ruslar osmanlı düşərgəsindən 10 top və 2 mortir (qısalüləli top-E.Q.) daxil olmaqla çoxlu qənimət ələ keçirdi. Bu döyüşdə rus qoşunundan 82 nəfər ölən və yaralanan olmuşdu.
Osmanlı qoşununun məğlubiyyəti Rusiyanın Cənubi Qafqazdakı fəaliyyətini daha da genişləndirdi. Rus qoşununun hədəfə aldığı xanlıqlardan biri də İrəvan xanlığı idi. Qacar İranı ilə müvəffəqiyyətsiz danışıqlara baxmayaraq, rus qoşunlarının baş komandanlığı İrəvan xanlığına hücum etmək üçün 1808-ci ilin bütün qışını hərbi hazırlıq görməyə başladı. Lakin yazda nəzərdə tutulmuş yürüş müəyyən səbəblərə görə bir qədər gecikdi. Nəhayət, 1808-ci ilin sentyabrın əvvəllərində rus qoşunu İrəvan sərhəddinə doğru hərəkət edərək Pəmbəkdə düşərgə saldı. Bu xəbər yerli əhalini bərk təşvişə salmışdı. Qorxuya düşən irəvanlılar kəndlərini başlı-başına buraxaraq qalalara, əlçatmaz dağlara və Araz çayının cənubuna çəkildilər. S.A.Portnyaginin 1808-ci ilin martında İ.V.Qudoviçə göndərdiyi məktubda rus qoşunlarının hücumu ərəfəsində xanlıqda baş verən hadisələri daha ətraflı təsvir etmişdi. O, əhalinin qala və dağlarda gizləndiyini qeyd edərək açıq yazırdı ki, sərhəddə yaşayan əhali İrəvan qalasına, Zəngibasar əhalisi Qaraqala qalasına, Gərnibasar əhəlisi isə isə İmamverdi qalasına sığınmışdı. Öz növbəsində İrəvan hakimi Hüseynqulu xan müəyyən müdafiyə tədbiri görə bilmişdi. O, İrəvanda hakimiyyətə gələn kimi, qalanın müdafiəsini gücləndirərək, Zəngi çayından başlayan qala ətrafında olan xəndəyi daha da dərinləşdirmiş və qalanın qarnizonunu əlavə qoşunla artırmışdı.
E.Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında daha sonra bildirilir ki, fransız mühəndisləri buraya gəldikdən sonra İrəvan qalası Avropa qaydasıilə möhkəmləndirilmişdi. Bunun şahidi olan qraf Qudoviç yazırdı: «İrəvan qalası Avropa hərbi qaydaları üzrə möhkəmləndirilmiş, iki divarı, xəndəyi və torpaqdan düzəldilmiş səddi vardı. Təpənin üstünə əvvəllər burada yerli hərbiçilər tərəfindən tətbiq edilməyən kirteçlə işləyən toplar qoyulmuşdu. İrəvanlılar fuqas bombalarından istifadə edirdilər ki, bu da fransız mühəndislərinin fəaliyyətinin bəhrəsidir». İrəvan qalasının hərbi cəhətdən möhkəmləndirilməsində fransız mühəndislərindən başqa rus qoşunundan qaçmış podpolkovnik Koçnev də fəal iştirak etmişdi.
Bundan əlavə, Hüseynqulu xan öz əmlakının təhlükəsizliyinin də qayğısına qalmışdı. Xan mülkiyyətinin böyük və qiymətli hissəsini Xoya göndərmiş, az bir hissəsini arvadı ilə birlikdə İrəvanda saxlamışdı. Bu vaxt şah qoşununun bir hissəsi İrəvan yaxınlığında Şorlu kəndində düşərgə salmışdı. Xanın əmri ilə rus qoşununun hərəkətini izləmək üçün 600 nəfərlik İrəvan süvari dəstəsi Abaran düzündə, 15 nəfərdən ibarət süvari dəstə isə Sudakənd kəndində keşik çəkirdi. Əli silah tutan yerli əhali orduya cəlb olunurdu. Hüseynqulu xan kəndlərə adamlar göndərərək silahlı qüvvə toplamağa başlamışdı. Onun 6000 silahlı süvari dəstəsi vardı. Xan maldarlıqla məşğul olan kürdləri də öz tərəfinə çəkməyə cəhd göstərdi. Lakin onların rəisi Hüseyn ağa əvvəl razılıq versə də, sonradan gözləmək mövqeyində qaldı. O, qalib gələn tərəfə qoşulmaq niyyətində idi. Hətta Abbas Mirzə 4000 süvari dəstə ilə Xoydan Naxçıvana gələrək burada duşərgə salmışdı. Hüseynqulu xan şahzadə ilə əlaqə yaradaraq rus qoşununun Pəmbəyə gəlməsi haqqında onu məlumatlandırmışdı.
Qraf Qudoviç Pəmbək və Şuragöldə lazımi qədər qüvvə saxlayaraq sentyabrın 25-də 6 minlik qoşun və 12 top ilə İrəvan qalasına doğru hərəkət etdi. Başqa bir məlumata görə, rus qoşunu 240 zabit heyətindən və 7506 sıravi əsgərdən ibarət olmuşdu. Rus komandanlığı şah qoşunun diqqətini İrəvandan yayındırmaq üçün Naxçıvana da hücum planı hazırlamışdı. Bu planı Qarabağda Tərtər çayı sahilində dayanmış general Nebolsin icra etməli idi. Onun sərəncamında 78 zabit və 3062 əsgər vardı. Bu qoşuna Şəki hakimi Cəfərqulu xanın dəstəsi də qoşulmuşdu.
Sentyabrın 26-da rus qoşunu dağıdılmış Abaran kəndinə gəlib çatdı. Onların hərəkətini izləyən 500 nəfərlik İrəvan dəstəsi əkin sahələrini və bir neçə kəndi yandıraraq döyüşsüz geri çəkildi. Düşmən qüvvələrinin yaxınlaşdığını eşidən Hüseynqulu xan 5000 qoşunla onları sərhəddə qarşılamağı qərara aldı. Sentyabrın 29-da Əştərək (Qarababa-E.Q.) kəndində irəvanlılarla rus qoşununun ön dəstəsi arasında döyüş baş verdi. Döyüşdə Hüseynqulu xan məğlub olaraq qoşunu ilə geri çəkildi. Səhəri günü rus qoşunu Eçmiədzinə döğru hərəkət edərək müqavimətsiz onu ələ keçirdi. Rus qoşununa rəğbət bəsləyən ermənilər onları təntənə ilə qarşıladı.
Rus qoşunu ilə ilk döyüşdə məğlub olan Hüseynqulu xan İrəvan qalasına çəkilmişdi. Lakin o, burada çox ləngimədi. Rus qoşunu gələnə qədər qardaşı Həsən xanı iki minlik İrəvan qoşunu və şahzadə tərəfindən burada saxlanmış bir dəstə şah qoşunu ilə qalada saxlayaraq, qalan qoşunla Gərni çayını keçərək Vedi dərəsinə çəkildi.
İki gün Eçmiədzində dincəldikdən sonra qraf Qudoviç yüksək rütbəli zabitləri, artilleriya hissələrini və ağır ərzaq arabalarını bir dəstə qarnizonla burada saxlayaraq, İrəvan qalasına doğru hərəkət etdi. Oktyabrın 3-də rus qoşunu Zəngi çayını keçərək İrəvan qalasını mühasirəyə aldı. İlk növbədə qraf Qudoviç qalanı döyüşsüz təslim etmək üçün komendant Həsən xana və sakinlərə hədə-qorxulu məktublar göndərməyə başladı. O, oktyabrın 4-də qala sakinlərinə bəyannamə göndərdi. Rus qoşunlarının baş komandanı bəyannamədə irəvanlıları müqavimətsiz təslim olmağa çağıraraq, özlərinin və əmlaklarının toxunulmazlığına söz verirdi. Müqavimət göstərəcəkləri halda isə onlara aman verilməyəcəyi ilə hədələyirdi…

Elçin Qaliboğlu

Bu xəbər oxundu
- - -