Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycan “Bir kəmər - Bir yol“ layihəsi çərçivəsində Şərqi Avropa üçün ən cəlbedici ölkədir”

15.11.18, 11:23
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin müəllifi olduğu “Çin-Azərbaycan-Gürcüstan-Ukrayna: "Bir kəmər - Bir yol" layihəsi çərçivəsində əməkdaşlığın perspektivləri” sərlövhəli geniş məqaləsi ABŞ-ın Harvard Universitetinin rəsmi saytında dərc olunub. Səfirlikdən bildiriblər ki, ingilis və rus dillərində yayımlanan məqalədə "Bir kəmər - Bir yol" layihəsi çərçivəsində “Cənub Qaz Dəhlizi” enerji layihəsi və Avropa-Qafqaz-Asiya və Çin-İran-Avropa nəqliyyat marşrutlarının həyata keçirilməsinin xüsusi əhəmiyyət daşıdığı qeyd edilir. Bu marşrutlar müxtəlif tranzit axınlarını Azərbaycanın ərazisində vahid sistemə birləşdirməyə imkan verir. Bildirilib ki, hələ 1994-cü ildə BMT Baş Assambleyasının 49-cu sessiyasında ümummilli lider Heydər Əliyev bu layihənin yaradılmasının vacibliyini vurğulayıb.
Müəllif qeyd edir ki, "Bir kəmər - Bir yol" layihəsində iştirak edən bütün ölkələri özündə birləşdirən prosesdə Azərbaycan özü mühüm və həlledici geosiyasi, siyasi, mədəni və nəqliyyat məkanına çevrilir. Çünki müxtəlif tranzit marşrutlarını birləşdirərək və geosiyasi bir mərkəz rolunu oynayaraq, ölkəmiz bu marşrutları müxtəlif istiqamətlərdə genişləndirə bilir. Bu baxımdan Azərbaycan "Bir kəmər - Bir yol" layihəsi çərçivəsində Şərqi Avropa ölkələri üçün ən cəlbedici ölkədir. Ekspertlər ölkəmizin mədəni əməkdaşlıqda maraqlı olan bütün dövlətlər üçün təhlükəsiz, sabit və etibarlı tərəfdaş olduğunu qeyd edirlər.
Qeyd edək ki, Çin dövlət başçısı Si Cinpin “Bir kəmər - Bir yol” iqtisadi inkişaf strategiyasını 2013-cü ildə elan edib. Çin ilə Avrasiya və Afrika ölkələri, o cümlədən qədim İpək Yolu üzərində yerləşən dövlətlər arasında qarşılıqlı əlaqələrin inkişafına və ticari-iqtisadi əməkdaşlığın inkişafı ilə bağlı müvafiq infrastruktur yaradılmasına yönəlmiş bu strategiya iki mühüm inkişaf istiqamətini əhatə edir: “İpək Yolu İqtisadi Kəməri” və “Dəniz İpək Yolu”. Söhbət malların güzəştli şərtlərlə Şərqdən Qərbə göndərilməsi üçün ticarət dəhlizlərinin yaradılmasından gedir.
Azərbaycan Çinin bu strategiyasını dəstəkləyən ilk ölkələrdən biridir. Prezident İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə dövlət səfəri çərçivəsində “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb. Bundan başqa, 2017-ci il oktyabrın 30-da istifadəyə verilən və Avropa ilə Asiya arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu, habelə Bakı limanı Çinin “Bir kəmər - Bir yol” strategiyasının həyata keçməsində əhəmiyyətli rola malikdir.

Bu xəbər oxundu
- - -