Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

AMEA-nın Ədəbiyyat İnstitutunun 85 illik yubileyi qeyd olunub

15.11.18, 12:10
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Noyabrın 15-də Mərkəzi Elmi Kitabxanada AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 85 illiyinə həsr olunan yubiley tədbiri keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, professor Fərəh Əliyeva, Milli Məclisin deputatları, tanınmış elm, ədəbiyyat və mədəniyyət xadimləri, həmçinin xarici ölkələrdən gəlmiş qonaqlar iştirak ediblər. İştirakçılar əvvəlcə foyedə Ədəbiyyat İnstitutunun alimləri tərəfindən nəşr etdirilən kitablarla tanış olublar.
Yubiley tədbirində Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Ədəbiyyat İnstitutunun 85 illik yubileyi münasibətilə fəxri ad və medallarla təltif olunan əməkdaşlara mükafatları təqdim edilib. Daha sonra Rusiya Elmlər Akademiyasının Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun direktoru, professor Vadim Polonskiyə və Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru, professor İrma Ratianiyə Ədəbiyyat İnstitutunun fəxri doktoru adı verilib.
Tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq Ədəbiyyat İnstitutunun 85 ildə keçdiyi şərəfli yola nəzər salıb, müəssisənin görkəmli alimlərinin Azərbaycan ədəbiyyatşünaslıq elminə verdiyi töhfələrdən danışıb, quruma rəhbərlik etmiş elm xadimlərindən söhbət açıb. Bildirib ki, Ədəbiyyat İnstitutu bu gün AMEA-nın Humanitar Elmlər Bölməsinin aparıcı elmi-tədqiqat müəssisələrindən biridir. AMEA-nın prezidenti əlavə edib ki, ölkəmizdə ədəbiyyatşünaslıq elminin baş qərargahı funksiyasını yerinə yetirən institut ədəbiyyatın müxtəlif sahələrində elmi potensialın yaradılmasında əhəmiyyətli rol oynayıb. A.Əlizadə zamanın tələbləri və ədəbiyyatın əsas vəzifələri haqqında danışaraq bu istiqamətdə Ədəbiyyat İnstitutunun əməkdaşlarının da üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb, onlara fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli rəhbərlik etdiyi qurumun ölkəmizin elm tarixində müstəsna xidmətləri olduğunu vurğulayıb. Bildirib ki, institut 1933-cü ilin mart ayından başlayaraq SSRİ Elmər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsinin bazasında Ədəbiyyat sektoru kimi fəaliyyət göstərib. Akademik 1935-ci ildə Ədəbiyyat sektorunun bazasında Dil və Ədəbiyyat İnstitutunun təşkil olunduğunu diqqətə çatdırıb. Əlavə edib ki, Azərbaycan EA 1945-ci ildə yarandıqda Dil və Ədəbiyyat İnstitutu İctimai Elmlər Bölməsinin tərkibində fəaliyyətini davam etdirib, 1969-cu ildən isə müstəqil Ədəbiyyat İnstitutuna çevrilib. AMEA-nın vitse-prezidenti bildirib ki, institut ötən 85 il ərzində Azərbaycanda filologiya elminin mərkəzinə çevrilib, milli-mənəvi mədəniyyətin, folklorun, klassik və müasir ədəbiyyatın, xarici ədəbiyyatın öyrənilməsi ilə ardıcıl məşğul olub, onun tədqiqi, nəşri və təbliği sahəsində genişmiqyaslı tarixi işlər görüb.
Akademik qeyd edib ki, ədəbiyyatşünaslıq elmi müstəqillik dövrü Azərbaycan ədəbiyyatının və ictimai fikrinin inkişafına xidmət etmək vəzifələrini məsuliyyətlə yerinə yetirir. Azərbaycançılıq ideyasının, milli maraqların ön mövqeyə çəkilməsi, dünyanın əsas elmi mərkəzləri ilə əlaqələrin genişləndirilməsi, açılmamış səhifələrin tədqiqata cəlb olunması Ədəbiyyat İnstitutunun müasir mərhələsinin əsas istiqamətlərini müəyyən edir. Hazırda bütövlükdə Azərbaycan Milli Elmlər Akademiyasında olduğu kimi, Nizami adına Ədəbiyyat İnstitutu da yeni islahatlar dövrünü yaşayır. Bu elmi-tədqiqat institutunda aparılan yeniləşmə və dəyişikliklər müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslıq elminin daha dərindən və əsaslı şəkildə, ölkənin milli maraqlarına və dünya elmi-ədəbi mühitində gedən proseslərlə əlaqəli şəkildə öyrənilməsinə geniş şərait yaradır.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq yazıçısı Sabir Rüstəmxanlı, Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Qəzənfər Paşayev, Rusiya EA Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun direktoru, professor Vadim Polonski, Tatarıstan EA-nın vitse-prezidenti, akademik Daniya Zaqidullina, Belarus EA Yanka Kupala adına Ədəbiyyatşünaslıq İnstitutunun direktoru, professor İvan Saverçenko, Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru, professor İrma Ratiani, Bolqarıstan EA Ədəbiyyat İnstitutunun direktoru Yelka Traykova, Özbəkistan Elmlər Akademiyasının həqiqi üzvi Naim Kərimov, Monqolustan EA Ədəbiyyat İnstitutunun direktoru Bilquudei Qaadamba, Rostov İdarəetmə, Biznes və Hüquq İnstitutunun rektoru, professor İmran Əkbərov, Tatarıstan EA Dil və Ədəbiyyat İnstitutunun direktoru, müxbir üzv Kim Minnullin, Qazaxıstan Muxtar Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun direktor müavini Almira Kaliyeva, Qırğızıstan EA Çingiz Aytmatov adına Qırğız Dil və Ədəbiyyatı İnstitutunun aparıcı elmi işçisi, dosent Nurzina İysayeva və digərləri çıxış edərək 85 illik yubiley münasibətilə institut kollektivinə təbriklərini çatdırıb, bu elmi müəssisə ilə əməkdaşlığın perspektivlərindən danışıblar. Sonda Ədəbiyyat İnstitutunun 85 illik yubileyinə həsr olunan sənədli film nümayiş etdirilib.

Bu xəbər oxundu
- - -