Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Dağlıq Qarabağdakı separatçıların rəhbəri və nümayəndələri Fransaya dəfələrlə səfər edib”

16.11.18, 10:41
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Akif Nağı: “Bu dövlət ATƏT-in Minsk qrupunun həmsədri ola bilməz”

Fikrət Sadıqov: “Hər kəsə yaxşı məlumdur ki, Bako Saakyan Ermənistan pasportu ilə səfər edir”

Qarabağ separatçıların başçısı Bako Saakyan Fransya səfərə gedib. Dünən o, Erməni Həmkarlar İttifaqları Koordinasiya Şurasının həmsədrləri ilə görüşüb. Paytaxt Parisdə baş tutan görüşdə separatçılarla Fransa hökuməti arasındakı münasibətlər və Ermənistan-Azərbaycan münaqişəsi müzakirə edilib. Saakyan Koordinasiya Şurasına Qarabağ separatçılarına yardım etdiyinə görə təşəkkür edib. Görüşdə Ermənistanın Fransadakı Asmik Tolmacyan da iştirak edib.
Bu isə təbii ki, Azərbaycanda ciddi narazılıq doğurub və sərt etirazla qarşılanıb.
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib ki, Fransa həmişə ermənilərin yanındadır, bu ölkənin missiyası Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yönəlməyib: “Birmənalı şəkildə bütün fəaliyyətləri Dağlıq Qarabağdakı qondar rejiminə və Ermənistana yardımla bağlıdır. Dəfələrlə Dağlıq Qarabağdakı separatçıların rəhbəri və nümayəndələri Fransaya səfər edib, görüşlər, pulyığma mərasimi keçirirlər. Bu dövlət ATƏT-in Minsk qrupunun həmsədri ola bilməz”.
Onun sözlərinə görə, Fransanın ayrı-ayrı şəhərləri ilə Azərbaycanın işğal olunmuş şəhərlərini erməni şəhəri adı ilə qardaşlaşır: “ Bütün bunlar aydın şəkildə göstərir ki, onlar Ermənistanı və bu ölkənin Azərbaycana qarşı işğalını dəstəkləyirlər”.
Akif Nağı qeyd edib ki, Fransa Azərbaycanın yaşadığı problemlə üz-üzə olsa da, Ermənistanın işğalçılıq siyasətinə dəstək verir: “Yeni Kaledoniya, Korsika, Mayorka Fransadan ayrılmaq uğrunda mübarizə aparırdı. Bu yaxınlarda reallaşan Yeni Kaledoniyadakı referendumu ermənilər başqa prizmadan təqdim etməyə çalışdılar. Qeyd edirdilər ki, Fransa demokratik ölkədir və ərazisinin bir hissəsində əhalinin fikrini nəzərə alaraq referenduma imkan verdi. 1998-99-cu illərdə bu üç ərazinin hər birində Fransadan ayrılmaq barədə hərəkat başlamışdı. O dövrdə Fransa Prezidenti Jak Şirak hərəkatçıların lideri ilə razılığa gəldi ki, bu məsələ 2013-2018-ci ilədək təxirə salınsın. Artıq bu məsələnin vaxtı gəlib çatdı, Yeni Kaledoniyada referendum keçirildi, təbii ki, iş aparmışdılar, əhalinin əksəriyyəti ayrılmanın əleyhinə səs verdi”.
Onun fikrincə, dünyada separatçılığa, dövlətin ərazi bütövlüyünün pozulmasına meyl yoxdur: “Ermənilər də bundan özünə nəticə çıxarmalıdır. Fransa belə bir problemin içində ola-ola ermənilərin separatçılığını dəstəkləyir. Belə bir situasiyada Fransanın Qarabağ məsələsində ədalətli mövqe tutacağına heç kəs inanmır. Onun sərgilədiyi mövqe Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı nəzərdə tutulan siyasətə uyğun gəlmir. Fransa birmənalı şəkildə həmsədrlikdən çıxarılmalıdır”. QAT sədri qeyd edib ki, Azərbaycan tərəfindən adekvat cavab verilməlidir: “Cəmiyyət də öz mövqeyini ortaya qoymalı, fransız mallarının boykotu gündəmdə ola, Fransanın Azərbaycandakı səfirliyinin qarşısında piketlər keçirilə bilər”.
Politoloq Fikrət Sadıqov bildirib ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədri olaraq, özünü bitərəf oyunçu kimi nümayiş etdirərək birmənalı şəkildə separatçı rejimin “rəhbəri” Bako Saakyanı qəbul etməməlidir: “Əvvəlcə Parisdə onun hansı sənədlə bu ölkəyə gəldiyini soruşmalıdır. Çünki, qondarma “Dağlıq Qarabağ Respublikası” heç bir dövlət tərəfindən tanınan qurum olmadığı və separatçı rejim olduqları üçün onun pasportu yoxdur”.
Politoloqun sözlərinə görə, hər kəsə yaxşı məlumdur ki, Bako Saakyan erməni pasportu ilə səfər edir və həmin sənədə Fransa tərəfindən viza qoyulur: “ Bu açıq şəkildə həm beynəlxalq hüquq normalarının tapdalanması, həm faktiki olaraq diplomatik münasibətlərə bir zərbədir, həm də Vyana Konvensiyasına zidd hərəkətdir”.
Fransa tərəfindən belə addımların qəbul olunmaz olduğunu deyən F. Sadıqov söyləyib ki, separatçı rejimin rəhbəri Vaşinqtona, Londona, Parisə getmək niyyətində ola bilər: “Amma Fransa buna imkan verməməlidir. Fransa tərəfindən atılan bu addımlar Azərbaycanla bu ölkə arasında olan münasibətlərə zərbədir. Bu bizim münasibətlərimizi korlayan, xələl gətirən bir addımdır. Çünki, Fransa həmsədr kimi bunu etməməlidir. Biz buna biganə qalmamalıyıq”.
Politoloq qeyd edib ki, artıq Fransa öz bitərəfliyini itirir: “Bu da əlbəttə ki, münaqişənin həllinə mənfi təsir göstərir. Ümumiyyətlə, ATƏT-in Minsk qrupuna daxil olan ölkələr arasında Almaniya, Böyük Britaniya, Türkiyə də təmsil olunsa idi, yaxşı olardı. Amma iş orasındadır ki, bu ssenari 1990-cı ilin əvvəllərində elə qurulub ki, heç kim bura müdaxilə edə bilmir. Faktiki olaraq qeyri-rəsmi şəkildə qəbul olunan qərara görə, əgər Minsk qrupunda hər hansı həmsədr dəyişilsə, mütləq gərək münaqişə tərəflərinin hər ikisinin də razılığı olmalıdır. Amma təcrübə göstərir ki, burada rotasiya şəklində digər Avropa ölkələrinin nümayəndələri təmsil olunmalıdır”.
Politoloq Nəzakət Məmmədova isə diqqətə çatdırıb ki, Qarabağdakı separatçıların başçısı Saakyanın Fransaya son səfərinin daha çox Ermənistanda gedən siyasi proseslərlə bağlı olduğunu düşünmək olardı, nəinki Qarabağ məsələsi ilə bağlı: “Şübhəsiz ki, Qarabağ məsələsi ilə bağlı geniş müzakirələr aparılmamış olmaz. Lakin hazırda həm xaricdəki erməni diasporunu, həm Ermənistandakı erməniləri düşündürən məsələ hakimiyyət məsələsidir. Qarabağ məsələsini isə onlar seçkilərdən sonra yenidən gündəmə gətirməyi düşünür, vaxt qazanmağa çalışırlar”.
O bildirib ki, Bako Saakyanın səfər proqramının gündəminə nəzər yetirəndə separatçıların başçısının Fransa erməni ittifaqlarının koordinasiya şurasının həmsədrləri, Daşnaksütyun üzvləri ilə görüşdüyünü də bilirik: “Daşnaksütyun Sarkisyanın hakimiyyəti illərində Ermənistanda iqtidarla yaxınlaşıb, Rusiyayönümlü hakim Respublika Partiyası ilə parlamentdə ittifaqda olub, hökumətdə bir neçə nazirlə təmsil olunub. Fransa erməni diasporu Bako Saakyandan "Qarabağ klanı"na deyil, Paşinyana dəstək verməyi tələb edə bilər. Eyni zamanda, Saakyana və separatçı Qarabağ ermənilərinə bunun qarşılığında diaspora tərəfindən maliyyə və başqa sahələrdə dəstəyin davam etdirilməsi vəd oluna bilər”.
Politoloq söyləyib ki, Ermənistanın Fransaya yeni təyin olunmuş səfiri Asmik Tolmacyanın Saakyanı görüşlərdə müşayiət etməsi, Saakyanın Ermənistan pasportu ilə Fransaya səfər etməsi onu göstərir ki, bu səfər Ermənistan hakimiyyəti, Paşinyan tərəfindən dəstəklənir, Bako Saakyan özbaşına gedib erməni diasporu ilə görüşmür. Qeyd etdiyimiz kimi Bako Saakyanın səfərinin mahiyyətinə, onun orada kimlərlə görüşməsinə diqqət yetirsək, görərik ki, onun səfərinin məqsədi ehtimal ki, Ermənistandakı siyasi vəziyyət və seçkilərlə bağlıdır. Fransadakı erməni diasporu indiyədək Saakyanın qondarma rejiminə milyonlarla avro pul verib İndi isə verilən bu pulların qarşılığında ondan diasporanın namizədi olan Paşinyana qarşı çıxmamaq, ona hərtərəfli dəstək göstərmək tələb olunur”.
N.Məmmədova qeyd edib ki, lakin səfərin məqsədindən asılı olmayaraq, separatçı rejim başçısı Bako Saakyanın Fransaya qeyri-qanuni səfəri beynəlxalq hüquq normalarının, Avropa Birliyinin norma və prinsiplərinə hörmətsizlik olmaqla yanaşı, Fransa-Azərbaycan ikitərəfli münasibətlərinə, bu dövlətin BMT Təhlükəsizlik Şurasının Daimi üzvü kimi statusuna, ən əsası isə Minsk qrupunun həmsədr ölkəsi olaraq öz üzərinə götürdüyü öhdəliklərə ziddir.
Politoloq əlavə edib ki, son dövrlərdə böyük dövlətlərin - xüsusilə, ABŞ, Fransa, Rusiyanın Cənubi Qafqaz regionu uğrunda nüfuz savaşı, xüsusilə Azərbaycanla müqayisədə zəif olan və böyük dövlətlərin nüfuz dairəsinə keçməyə meylli olan Ermənistan və Gürcüstan uğrunda xeyli şiddətlənərək açıq geosiyasi müstəviyə keçib: “Fransa prezidenti Makronun Frankofoniya adı altında baş tutan tədbirdə iştirak etmək bəhanəsi ilə Ermənistana gəlməsi, Paşinyanla görüşməsi, Fransada yaşayan erməni diasporunun üzvlərini də hərəkətə gətirib. Fransa Gürcüstanda seçkilərdə də Rusiyaya bağlı İvanaşvilinin partiyasının Fransa vətəndaşı olmuş, bu ölkənin Gürcüstanda keçmiş səfiri Salome Zurabiaşvilinin namizədliyini dəstəkləməsi onu deməyə əsas verir ki, Fransa-Rusiya ittifaqı Cənubi Qafqazda ABŞ-a qarşı birləşib. Gürcüstan və Ermənistanda Fransa və Rusiyanın razılaşaraq hakimiyyətə öz yaxın adamlarını - Zurabiaşvili və Paşinyanı gətirmək istəməsi müşahidə olunur”.

Bu xəbər oxundu
- - -