Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Əli Kərimlidən növbəti uğursuz şou

19.11.18, 12:46
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Məlum olduğu kimi, noyabrın 17-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının 150 nəfərə qədər üzvü Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən əvvəlcədən xəbərdarlıq edilmələrinə baxmayaraq Şəhidlər Xiyabanı istiqamətində yürüş-mitinq keçirməyə cəhd göstəriblər.
Ərazidə xidmətdə olan polis əməkdaşlarının operativ olaraq həyata keçirdikləri qabaqlayıcı tədbirlərlə ictimai asayişin pozulması ilə müşayiət olunan icazəsiz yürüş-mitinqin qarşısı alınıb və aksiyanın 52 nəfər iştirakçısı Səbail Rayon Polis İdarəsinə aparılıb. Onlardan 41 nəfəri xəbərdarlıq edilərək sərbəst buraxııb, AXCP-nin sədri Əli Kərimli başda olmaqla aksiyanın təşkilatçıları olan 11 nəfər isə saxlanılıb.
Əli Kərimli İnzibati Xətalar Məcəlləsinin (İXM) 513.1-ci ( Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunla müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulmasına görə) və 513.2-ci (“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə) maddələri ilə ittiham edilib. Digər şəxslər isə İXM-nin 513.2-ci maddə ilə təqsirli bilinib.
Səbail rayon Məhkəməsinin qərarına görə, Əli Kərimli 2500 manat cərimə edilib. Onunla birgə saxlanılanlardan bir neçəsinə cərimə, bəzilərinə isə sutkalıq inzibati həbs cəzası verilib.
Artıq üç gündür ki, sözügedən məsələ ictimaiyyət arasında geniş müzakirə edilməkdədir. Bəziləri aksiya iştirakçılarının saxlanmasını doğru hesab etməsə də, bir çoxları aksiyanın qanunsuz olduğunu əsas gətirərək AXC rəhbərliyini qanunu pozaraq təxribat yaratmaqda günahlandırıb.
Nəzərinizə çatdıraq ki, paytaxtda keçirilən aksiyalar əvvələcədən Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmalıdır. Bu qanunla da təsbit olunub. Belə ki, “Sərbəst Toplaşmaq Azadlığı haqqında” qanuna uyğun olaraq aksiya keçirmək istəyən şəxslər Bakı şəhər İcra Hakimiyyətinə müraciət edərək aksiyanın keçirilməsində niyyətini, aksiyanın tarixini, saatını və məqsədini izah etməlidirlər. Razılaşdırılmamış hər hansı bir aksiya qanunsuz hesab olunur və ictimai asayişin təmin olunması məqsədilə bu cür aksiyaların qarşısı polis əməkdaşları tərəfindən alınır.
İnkişaf etmiş Qərb ölkələrində belə qanunsuz aksiyaların keçirilməsinə icazə verilmir, hətta polis bu cür aksiyaların qarşısını qətiyyətlə alır. İnsan hüquq və azadlıqlarının səviyyəsinin yüksək hesab olunduğu ABŞ-da keçirilən aksiyalar zamanı dəfələrlə bunun şahidi olmuşuq. Bəzi hallarda aksiyalar qarşıdurmaya çevrilib və nəticədə polisin müdaxilə etdiyi hadisələrdə xeyli sayda aksiyaçı yaralanıb.
Uzağa getməyək, noyabrın 17-də Böyük Britaniyanın paytaxtı Londonda hökümətdən iqlim dəyişikliyinə ciddi yanaşmasını tələb edən aksiya iştirakçıları körpünü bağlayıblar. Nəticədə aksiya iştirakçılarından 25-ə qədəri polis əməkdaşları tərəfindən saxlanılıb.
Noyabrın 17-də Yunanıstanın paytaxtı Afina şəhərində isə Politexnik İnstitutun tələbələri etiraz aksiyası keçiriblər. Polisin aksiyaya müdaxiləsi nəticəsində 2 polis yaralanıb, 22 etirazçı isə saxlanılıb. Saxlanılanlardan 13 nəfər barəsində müxtəlif maddələr üzrə cinayət işi açılıb.
Bir neçə gün öncə Fransada da etiraz aksiyaları baş qaldırıb. Qiymət artımına qarşı keçirilən "Sarı jiletlilər"in aksiyası zamanı da analoji hal yaşanıb. Belə ki, polislə aksiya iştirakçıları arasında baş verən qarşıdurma zamanı 409 nəfər yaralanıb. Onlardan 14-nün vəziyyəti ağırdır.
Xəsarət alanlardan 28-i polis, jandarm və təcili yardım əməkdaşlarıdır. Yaralıların böyük əksəriyyəti avtomobillərin hərəkətinə mane olmağa çalışan zaman xəsarət alan aksiya iştirakçılarıdır.
Göründüyü kimi, tək bizdə deyil, hətta ən inkişaf etmiş ölkələrdə belə qanunsuz aksiyaların keçirilməsinə icaz verilmir və qarşısı polis tərəfindən alınır. Bu baxımdan AXC-nin noyabrın 17-də keçirdiyi aksiya da istisna deyil.

Bu xəbər oxundu
- - -