Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“İrana qarşı sanksiyalar Ermənistanda sabitliyi poza bilər”

19.11.18, 13:14
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

ABŞ-ın İrana sanksiyalarının yenidən bərpası regionda Tehranla əlaqəsi daha güclü olan ölkələrə mənfi təsir göstərəcək. Ermənistanı sanksiyalar qarşılığında böyük iqtisadi problemlər gözləyir. Bu, ilk növbədə mühəndislik və informasiya texnologiyaları sahəsi üzrə işləyən şirkətlər üçün narahatlıq yaradacaq. İkincisi isə daha vacib olan qaz və neft bazarına təsir göstərəcək.
Bu fikir “Noravank” Siyasi Araşdrmalar Fondunun rəhbəri, iranşünas Karen Veranyana məxsusdur.
O qeyd edib ki, Ermənistanın yerləşdiyi coğrafiya, o cümlədən dünya okeanına çıxışının olmaması və ciddi təbii resurslardan məhrum olması ona çətinlik yaradacaq: “Ermənistanın enerjiyə olan tələbatının 40 faizini ödəyən “Metsamor” AES artıq köhnəlib. Nəticədə Ermənistanın İran və Rusiyadan enerji asılılığı daha da artıb. ABŞ-ın İrana sanksiyaları regionda və Ermənistanda təhlükəsizlik və sabitliyi poza, İranla Ermənistan arasındakı ticarət dövriyyəsini kəskin şəkildə azalda bilər. Çünki sanksiyalar təkcə İranın dövlət şirkətlərinə yox, həmçinin, İranın öz ərazisindən kənarda fəaliyyət göstərən özəl şirkətlərinə, o cümlədən onlarla əməkdaşlıq edənlərə də tətbiq olunacaq.
Bu baxımdan “Mehri” Azad İqtisadi Zonasında İran şirkətləri ilə birgə iş görmək istəyənləri də təhlükə gözləyir. Bütün bu faktorlar potensial investorları Ermənistana sərmayə yatırmaqdan çəkindirəcək. Onlar öz bizneslərini riskə atmaq istəməyəcəklər. Nəticədə Ermənistan daha ciddi iqtisadi problemlərlə üzləşə bilər”.
İranşünas qeyd edib ki, İrandan ciddi enerji asılılığı olan Ermənistanın rəsmi Moskva tərəfindən qazın bahalaşdırılması ilə qarşı-qarşıya qalması ölkə üçün əməlli-başlı problem deməkdir:
“Baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiya üçün təhdid amilinə çevrilməkdədir. Paşinyan hakimiyyətə gəldiyi gündən Rusiya ilə münasibətlərin yaxşı olduğunu və bundan sonra yüksələn xətt üzrə inkişaf edəcəyini bəyan etsə də, Vladimir Putinin Paşinyana etimadının olmadığı açıq-aydın hiss olunur. Tərəflər bunu gizlətməyə çalışsalar da, ictimaiyyətin gözündən yayındırmaq mümkün deyil. Bundan başqa Türkiyə ilə sərhədlərin bağlanması və diplomatik əlaqələrin yoxluğu, Gürcüstan sərhədi ilə yükdaşımaların çox məhdud səviyyədə olması Ermənistanı regionda iqtisadi cəhətdən daha da təcrid olunmuş vəziyyətə salır. Artıq elə bir durum yaranıb ki, Ermənistan hər tərəfdən blokadaya alınıb”.

Bu xəbər oxundu
- - -