Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ey Vətən, ey mübarək Vətən, min yaşa!”

20.11.18, 11:15
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Türk dünyasının azadlıq şairi - Tofiq Fikrət

2-ci yazı

“Qəhrəmanlıq. Əsası qan, vəhşət” deyən Tofiq Fikrət haqlı olaraq tənqid olunub, onun bu fikirlərini “dörd bir tərəfi düşmən olan” millətin qəhrəmanlıq əzminin zəiflədilməsinə təsir edəcək zərərli hal şəklində xarakterizə ediblər. Eyni zamanda müəllifin yaradıcılığında dinə qarşı münasibətlərində də müəyyən ziddiyyətlər özünü göstərib. Lakin hər iki hal Tofiq Fikrət yaradıcılığında ötəri olmuşdur. Tofiq Fikrətin 1905-ci ildə yazdığı “Sabah olursa...” şeiri bilavasitə onun vətəninin sabahına olan inamını əks etdirmək baxımından xarakterikdir. Şairin oğluna müraciətlə yazdığı bu şeirdə ümumən gənclərə üz tutulur, onlarda vətən sevgisi aşılanır. Şeirdə yüksək bir inam hökm sürür. Bu inam vətənin gələcəyinə olan inamdır. Şeirin məzmunundan aydın olur ki, şair arzuladığı günü hələ əldə etməyib. Ancaq o, xoşbəxtliyin açılacaq səhərdə günəş tək doğulacağına şübhəsiz yanaşır:

Əvət, sabah olacaqdır, sabah olur gecələr,
Tüli həşrə qədər sürməz, aqibət bu səma.
Bu mavi göy sizə bir gün açır, məlul olma
Kiçik günəşləri, artıq birər-birər oyanın.
Üfüqlərin əbədi iştiyaqı var nura.

Şeirdə qəhrəmanlıq ruhunun tərənnümü, vətən yolunda ölməyin şərəfı poetik tərzdə əksini tapır:

Tənəvvür. Əsrimizin iştə ruhi-amalı,
Silin buludları, silkin zilali-ehvali
Ziya içində qoşun bir halasi meşkurə
Ümidimiz bu: Ölürsək də biz, yaşar mütləq.
Vətən sizinlə şu zindan qaranlığından uzaq.

Tofiq Fikrət xalqına, elinə hədsiz dərəcədə bağlı olub. Bu səbəbdəndir ki, yaradıcılığının əksəriyyətində o, ölkənin acınacaqlı hala düşməsinə görə narahatçılığını bildirib, səbəbkarları kəskin tənqid atəşinə tutub. “Xani-yağma” şeirində Tofiq Fikrət xalqın malını mənimsəyən, onların zəhməti ilə yaşayan məmur-əfəndiləri tənqid edir. Göstərir ki, bu əfəndilər təkcə zəhmətkeşlərin qazancını yemir, həm də onların həyatını mənimsəyir, qanını sorur:

Bu sofracıq əfəndilər ki iltiqama müntəzir,
Hüzurunuzca titriyorşu millətin həyatıdır.
Şu millətin ki, müztarib, şu millətin ki mühtazir,
Fəqət sakın çəkinməyin, yeyin, yutun hapır-hapır.
Yeyin, əfəndilər, yeyin, bu xani iştəha sizin,
Doyunca, tıksıkınca, çatlayıncaya qədər yeyin.

Müəllif var-dövlət sərməstliyindən gözləri tutulmuş, ruhu ölmüş, insani hisslərdən məhrum olmuş, bu zənginləri şərəfsizlikdə ittiham edir, halal-haram tanımadıqlarını nəzərə çatdırır. Tofiq Fikrət bunları zülmün, istibdadın nəticəsi kimi qiymətləndirir. Şairə görə, nə qədər ki, mütləqiyyət rejimi hakimdir, xalqa heç bir nicat yoxdur. Ona görə də istibdad özbaşınalığından istifadə edib, ölkənin bütün nemətlərini ələ keçirən əfəndilərin harın vəziyyətini təsvir etməklə onlara qarşı xalqda nifrət hissi oyadır:

Verir zavallı məmləkət, verir nə varsa, malını,
Vücudunu, həyatım, ümidini, xəyalım.
Bütün fəraqi-halını, olanca şekvi-balını
Həmən yutun, düşünməyin haramını, halalını,
Yeyin, əfəndilər, yeyin, bu xani iştəha sizin,
Doyunca, tıksırınca, partlayıncaya qədər yeyin.

Şair bu ixtiyar sahiblərinə üz tutaraq onların əllərində cəmlənən sərvətin, ixtiyarlarında olan sarayların nə vaxtsa məhv olacağına şübhəsiz yanaşır:

Bu xırmanın gəlir sonu, qapışdırın gedər ayaq,
Yarın, baxarsınız, sönər bu gün çıtırdayan ocaq.
Bu gün ki mədələr qəvi, bu gün ki çorbalar sıcaq,
Atışdırın, tikişdirin qarış-qarış, çanaq-çanaq.
Yeyin, əfəndilər, yeyin, bu xanipürnəva sizin,
Doyunca, tıksırınca, çatlayıncaya qədər yeyin.


Onu da qeyd edək ki, Tofiq Fikrət varlılar üçün “xırmanı sona yetirəcək” hadisəni inqilabla bağlayırdı. Təsadüfi deyil ki, şairin təxminən 1907-ci ildən sonra yazdığı şeirlərin böyük qismində üsyana çağırış meylləri üstünlük təşkil edir. 1908-ci ildə Tofiq Fikrət “Tənin” qəzetinə redaktor təyin edildikdən sonra özünün inqilabi görüşlərini əks etdirən yazılarla qəzet səhifələrində çıxış edib.
Bu səbəbdəndir ki, inqilabi görüşləri mənimsəyən, xalqın nicatını inqilabda görən şair bütün türk ədəbiyyatında əks-səda doğuran “Millət şərqisi” şeirini yazdı. Dərin məzmun və inqilabi ideyaya malik bu əsər türk gəncliyinin tez-tez müraciət etdiyi və izdihamlı meydanlarda oxuduğu şeir kimi qiymətlidir. Qeyd edək ki, 1908-ci ildə gənc inqilabçı qüvvələr İstanbulun izdihamlı küçələrində Tofiq Fikrətin inqilab himnini əzbərdən demişlər. “Millət şərqisi” şairin vətən məhəbbətindən doğan, vətənin gələcəyini xoşbəxt görmək arzularını əks etdirən bir nümunədir. Şair sinəsi çarpaz dağlanan vətənin dərdinə yanır, onun harayına qalxır. Milləti bu dərdlərə çarə axtarmağa çağırır:

Çeynəndi, yetər, varlığımız cəhd ilə qəhrə,
Doğrandı mübarək vətənin bağrı səbəbsiz.
Birlikdə bu gün bulmalıyız dərdinə çarə,
Can qardaşı, qan qardaşı, şan qardaşıyız biz.
Millət yoludur, haqq yoludur, tutduğumuz yol,
Ey haqq, yaşa, ey sevgili millət, yaşa, var ol.

Demək olar ki, şeirdə ən kəskin deyim və ifadələr özünə yer tapır. Şairin nəzərində əsl dövlət və onun qanunları xalqa xidmət etməlidir. Yaşadığı ölkədə isə bunun əksini gördükdə ölçüyəgəlməz dərəcədə narahatçılıq ifadə edir. Xalqı zülm və istibdadın kökündən qoparılmasına səsləyir:

Haqsızlığın ənvaini gördük... Bumu qanun?
Ən qəmli səfalətlərə düşdük... Bumu dövlət?
Dövlətsə də, qanunsa da, artıq yetər olsun,
Artıq yetər olsun bu dəmi zülmü cəhalət...

Müəllifin şeirdəki inqilabi görüşlərində demək olar ki, hər şey obyektiv qiymətini ala bilir. O, zülmün, haqsızlığın yıxılmasını labüd hesab etsə də, bunun o qədər də asan və rahat başa gəlməyəcəyini başa düşür. Lakin son anda haqqın zülm üzərində qələbəsinə inam nümayiş etdirir, haqqın bir silah kimi bütün odlu silahlardan üstün olduğunu nəzərə çarpdırır:

Zülmün topu var, gülləsi var, qələsi varsa,
Haqqın da bükülməz qolu, dönməz üzü vardır.
Göz yumma günəşdən, nə qədər nuri qalarsa,
Sönməz əbədi, hər gecənin gündüzü vardır.
Millət yoludur, haqq yoludur tutduğumuz yol,
Ey haqq, yaşa, ey sevgili millət, yaşa, var ol.
Vaxtilə baban kimsəyə minnətmi edərdi?
Yox, qalmadı haşa sənə zillətpədərindən.
Dünyada şərəfdir yaşadan milləti, fərdi,
Silkin, şu məzəllət tozu uçsun üzərindən.
İnsanlığı pamal edən alçaklığı yıx, əz,
Billah yaşamaq yerdə sürüklənməyə dəyməz.

Tofiq Fikrətin inqilab ruhlu şeirlərində qadın azadlığı məsələsi özünəməxsus yer tutur. Belə ki, bir Şərq ölkəsi kimi şairin vətəndaşı olduğu Türkiyədə qadına aşağı nəzərlərlə baxılıb, onların həyatı dözülməz olub.
Təbii olaraq Tofıq Fikrət mütərəqqi şəxsiyyət olaraq qadınların halına biganə qalmayıb, həm şeirlərində, həm də publisistik yazılarında onların problemlərinə toxunub. Tofıq Fikrət ilk növbədə qadınların təhsil almasını əsas şərt hesab edib. O, “Bir qız məktəbi üçün’’, “Tibb bacım üçün’’, “Para və həyat’’, “Validə’’, “Ninni” və s. şeirlərində Şərq üçün xarakterik olan qadın problemlərindən bəhs açıb, yeganə ilkin çarə kimi qadınların maariflənməsini təbliğ edib.
Qeyd etdiyimiz kimi həm mövzu, həm də forma baxımından yeni olan Tofıq Fikrət yaradıcılığı “Tənzimat”, “Sərvəti-funun”, “Fəcri-a- ti” və digər ədəbi təşkilatların mövcudluğu şəraitində türk ədəbiyyatında gedən proseslərlə bilavasitə bağlı idi. Tofiq Fikrətin yaradıcılığında nəzirəçilik, təmtəraqlı ifadələrə aludəçiliklə yanaşı, ideya-əqidə mübarizəsi səciyyəsi daşıyan vətən, azadlıq, müharibə və s. mövzular üstünlük təşkil edir. Tofiq Fikrət elə bir dövrdə yaşayırdı ki, ölkədaxili ictimai-siyasi çaşqınlıq və ziddiyyətlər, xarici təzyiq və müdaxilələr ölkənin, həm də millətin gələcək taleyini sual altında saxlayır, mövcud siyasi böhran Osmanlı dövlətinin qüdrətini günü-gündən aşağı salırdı. Heç şübhəsiz, ölkənin bu cür gərgin və ağır zamanı xüsusi şəkildə ziyalıları düşündürüb, onları çarə yolları axtarmağa məcbur edib. Millətin xoş gələcəyini gah “qanlı”, gah da “qansız” mübarizədə görən Tofiq Fikrət müəyyən mənada daha çox “tək bir çarənin” olduğunu əsas sayırdı: “Millətin mədəni səviyyəsini yüksəltmək, ziyalı, yaradıcı və bacarıqlı gənclər yetişdirmək”.
Gənclərə ölkənin gələcəyi kimi baxan Tofiq Fikrət ilk növbədə yeni tipli məktəblərin açılmasını, uşaqların bu məktəblərdə milli, vətənpərvər ruhda tərbiyə almasını “bilim adamı deyil, həm dəiş və həyat adamı” şəklində formalaşmasını istəyirdi. Şəxsən özünün çalışdığı Qalatasaray, İstanbul, Robert məktəblərində bu məqsədlə xüsusi təşəbbüslər irəli sürüb, gənclərin vətənin sabahkı ümidi naminə təhsilin keyfiyyətinin yüksəldilməsi sahəsində ciddi işlər görüb.
Tofiq Fikrət təkcə pedaqoq kimi deyil, həm də vətəndaş şair kimi uşaqlara, gəncliyə xitab etməklə onların “vətən borcunun” nədən ibarət olmasını açıqlayır, mahiyyət etibarilə gənclərdə vətənpərvərlik hisslərini gücləndirməyə təsir göstərən şeirlər yazırdı. Şairin 1911-ci ildə “Xəluqun dəftəri”, 1914-cü ildə “Şərmin” şeirlər toplusunda cəmlənən şeirlər bilavasitə gəncliyə nəsihət, onlarda vətəndaşlıq ruhunun formalaşmasına xidmət və s. baxımından əlamətdardır. Tofiq Fikrətin poeziyasında uşaq şeirlərinin özünəməxsus yeri var. 1914-cü ildə çapdan çıxmış “Şərmin” şeirlər toplusu heca vəznində yazılmış uşaq şeirlərindən ibarətdir. Bu şeirlərdə əsasən uşaq ruhu və uşaq psixologiyasının əksi aparıcı yer tutur. “Şərmin” şeirlər toplusu həm də Tofiq Fikrətin bir növ pedaqoji görüşlərinin əksi və tərənnümü baxımından xarakterikdir. Burada dərsə maraq, bu günkü və sabahkı dərslərə münasibət və onların öyrənilmə metodikası və s. məsələlər pedaqoji prinsiplər baxımından öz həllini tapa bilib. Əməksevərlik, əməyə münasibət məsələləri Tofiq Fikrətin uşaq şeirlərinin əsas mövzusudur. O, “İş salonunda”, “Maranqoz”, “Qırıq at”, “Cırcırama və qarışqa” və s. şeirlərində uşaqları əməyi sevməyə çağırır, onlarda əməyə dərin məhəbbət hissi oyadır. Şairin bu tipli şeirlərində göstərilir ki, insan şöhrətə əməyi ilə çatar. Həyatda zəhmətin qalib gəlmədiyi heç nə yoxdur:

Çalışqan hər işi görür,
İnsan üçün sənət çoxdur,
Edilməyəcək iş yoxdur.

Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor

Bu xəbər oxundu
- - -