Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İkinci İrəvan döyüşündən sonra baş verən hadisələr

20.11.18, 11:32
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

20-ci yazı

İkinci İrəvan yürüşündə rus qoşunlarının biabırçı məğlubiyyəti qraf Qudoviçin baş komandan vəzifəsindən istefa verməsinə səbəb oldu. 1809-cu ilin fevralın 14-də çarın fərmanına əsasən, general A.P.Tormosov baş komandan təyin olundu. Yeni baş komandan bu vəzifəyə başlayan kimi, vəziyyəti düzgün qiymətləndirərək sələfinin hücum taktikasından imtina etdi. Eyni zamanda iki dövlətlə - həm Osmanlı, həm də Qacar dövlətləri ilə müharibənin rus qoşunu üçün ağır olacağım dərk edərək şah hökumətilə danışıqlara başladı. 1809-cu il iyunun 27-də danışıqlar aparmaq üçün podpolkovnik baron Vrede xüsusi məktubla Təbrizə göndərildi. Məktubda Rusiya tərəfi yenə də, sərhəddin Kür, Araz və Arpaçay çayları boyunca keçməsi şərtilə sülh bağlamağa hazır olduğunu bildirirdi. Lakin Qacar İran dövləti nəinki bu təkliflə razılaşmadı, eyni zamanda Kartli-Kaxetiyanın da ona məxsus olduğunu bir daha bəyan etdi.
Məğlub durumda olmasına baxmayaraq, şah hökuməti müharibəni davam etdirmək əzmində idi. 1809-cu ilin martında İngiltərə-Qacar dövləti arasında bağlanan müqavilənin şərtlərinə görə, ingilislər Rusiyaya qarşı müharibədə şaha maliyyə cəhətdən kömək etməyi öhdəsinə götürmüşdü. İki ölkə arasında gedən danışıqlara ingilislərin mane olmasına rus komandanlığı da başa düşürdü. General A.P.Tormasovun yazdığına görə, «buna səbəb İngiltərə dövlətinin şah hökumətinə göstərdiyi güclü maliyyə dəstəyi idi. Buna görə də şah qoşunu bu il də müharibəni davam etdirərək, Gürcüstanın ətrafındada yerləşən bütün qonşuları bizim qoşununmuza qarşı qaldırmaqa cəhd edirdi».

Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmada bildirilir ki, rus qoşunlarının Cənubi Qafqazda müvəffəqiyyəti Qacar İran dövlətini buraya əlavə qüvvələrin göndərməsinə səbəb oldu. 1809-cu ilin iyul ayında şahın əmrinə əsasən, şah qoşunu rus qoşunlarına müxtəlif istiqamətlərdən hücum etmək üçün üç dəstəyə bölünmüşdü. Birinci dəstə Abbas Mirzənin komandanlığı altında Qarabağ istiqamətində hücum etməli idi. İkinci dəstəyə şahın böyük oğlu Məhəmmədəli xan rəhbərlik edirdi.
Onun dəstəsi İrəvan xanlıqı ərazisindən keçməklə Pəmbək və Şuragöldə yerləşən rus qarnizonlarına hücum etməli idi. Şahın özünün başçılıq etdiyi üçüncü dəstə isə Göycə gölü ətrafından keçərək Gəncə xanlığı istiqamətindən Şəmşəddil və Qazaxa yürüşə başlamalı idi. Hərbi əməliyyatlarda Osmanlı paşaları da öz qoşunu ilə birlikdə çıxış etməli idi. Bu məqsədlə Bəyazid və Ərzurum ətrafında on minə qədər qoşun toplanmışdı. İki tərəfdən rus qoşununa hücum planı ingilis diplomatı Harfort Consa məxsus idi.
Bu hərbi kompaniyada İrəvan xanlığının Qacar dövləti üçün özünəməxsus yeri vardı. Xanlığın nəinki hərbi meydan kimi, eyni zamanda şah qoşununu əlavə qüvvələrlə və ərzaqla təmin edilməsində əhəmiyyəti misilsiz idi. Bacarıqlı dövlət xadimi, sərkərdə olan Hüseynqulu xan və qardaşı Həsən xan şah qoşunu ilə birləşərək rusların sərhəd məntəqələrinə qəflətən hücumlar təşkil edərək, onlara böyük itkilər verirdi. 1809-cu il iyunun axırlarında şahın böyük oğlu Məhəmmədəli xanın başçılığı ilə 15.000 Qacar qoşunu İrəvana gəldi. Bu qoşunun məqsədi irəvanlılarla birləşərək Pəmbək və Şuragöldə yerləşən rus sərhəd məntəqələrinə hücum etmək idi. İrəvanda bu qoşun üçün 1000 xalvar, digər xanlıqlardan isə 7000 xalvar ərzaq tədarük edilmişdi. Bundan əlavə, Hüseynqulu xan xanlığın taxıl ehtiyatını qorumaq üçün onun qonşu dövlətlərə satışını qadağan etmişdi. O, əhali arasında yayılan xəstəliyi bəhanə gətirərək rusların nəzarəti altında olan Şuragöl əyalətinə taxıl ixracını dayandırdı.
1809-cu il iyulun 16-da İsmayıl bəy Damqanlının başçılığı ilə şah qoşununun üç minlik ön dəstəsi Hamamlı və Bəykəndi yaşayış məntəqəsində yerləşən rus qarnizonlarına hücuma keçdi. Lakin bu hücum rus dəstəsi tərəfindən dəf edildi və məğlub olan şah qoşunu geri çəkilməyə məcbur oldu. Məğlubiyyətə baxmayaraq, İrəvan istiqamətində yürüşlər davam etdirilirdi. İyulun 21-də şah qoşunu Nağı bəyin başçılıq etdiyi İrəvan qoşunu ilə birləşərək yenidən Pəmbək və Şuragöl ərazilərinə hücuma keçdi. Lakin bu hücum da baş tutmadı.
E.Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında daha sonra bildirilir ki, ön dəstənin məğlubiyyətini görən şahzadə İrəvan süvarilərinin də iştirak etdiyi əsas qüvvələrlə iyulun 22 və 23-də üç istiqamətdə Pəmbək və Şuragöldə yerləşən rus məntəqələrinə irimiqyaslı hücum təşkil etdi. Lakin rus komandanlığı müdafiəyə vaxtında hazırlaşa bilmişdi. Şah qoşununa qarşı general-mayor Portnyaginin rəhbərliyi altında güclü qoşun çıxarıldı. Görülmüş tədbirlər nəticəsində rus qoşunu hücumun qarşısını ala bildi və hətta əks hücuma keçdi. Lakin general Portnyagin bir neçə dəfə şah qoşununa hücum təşkil etsə də, onlar açıq döyüşə girməkdən çəkindi. Məğlub olmuş şah qoşunu İrəvanda yerləşən Abaran düzündə düşərgə saldı. Ruslar isə İrəvan xanlığına yaxın sərhəddə güclü dəstələr yerləşdirməklə kifayətləndi.
Şahzadə Abbas Mirzənin Gəncə xanlıqına hucumu da baş tutmadı və İrəvana çəkilməyə məcbur oldu. Beləliklə, 1809-cu il hərbi kompaniyası şah hökuməti üçün uğursuzluğa düçar oldu. Məğlubiyyətə baxmayaraq, Hüseynqulu xanın dəstələri tez-tez rus qoşununun işğalı altında olan ərazilərə hücumlar təşkil edirdi. Onun göstərişinə əsasən 1810-cu il iyunun əvvəllərində Nağı bəyin başçılığı altında iki minlik İrəvan qoşunu Qazax sultanlığına göndərildi. Bu yürüşdə İrəvan qoşunu çoxlu xırda və iribuynuzlu mal-qara və atlar qənimət ələ keçirməyə nail oldu. Lakin irəvanlılar bu qələbədən faydalana bilmədi. Belə ki, Qazax süvarilərinin köməyi ilə mayor Corayevin başçılığı altında bir dəstə rus qoşunu yolda ikən irəvanlılara hücum edərək qənimətin böyük əksəriyyətini geri qaytarmağa nail oldu. Qəflətən hücuma məruz qalan irəvanlılar bu toqquşmada Nağı bəyin qardaşı Həsən ağa ilə birlikdə 40 nəfərə qədər adam itirmiş, 1 nəfər isə əsir düşmüşdü. Qazax yürüşündən geri qayıdan Nağı bəy tezliklə, Hüseynqulu xandan Pəmbək və Şuragölə hücum etmək üçün yeni göstəriş aldı. Lakin İrəvanda naməlum səbəbdən ərzaq ambarı və artilleriyanın yerləşdiyi saray yandığına görə bu hücum baş tutmamışdı. Lakin şimal istiqamətində yürüşlər davam edirdi. Abaranda toplaşmış üç minlik İrəvan qoşunu Həsən xanın və Nağı bəyin başçılığı ilə Şuragölün Qarakilsə kəndində yerləşən rus qarnizonuna hücum etdi. Bu əməliyyatda çoxlu mal-qara qənimət ələ keçirən irəvanlılar geri dönərək Qara bəyə və Hüseyn ağaya məxsus Maqizberd kəndində düşərgə saldı. Bundan xəbər tutan rus komandanlığı 1 topa malik 200 piyada tiflis alayını, podpolkovnik Boqaçevin başçılığı ilə 100 nəfərlik kazak alayını, Budaq Sultanın və oğlu Hamonun başçılığı altında olan Şuragöl dəstələri ilə birlikdə onlara qarşı göndərdi. Qəflətən yaxalanmış İrəvan qoşunu əldə etdikləri qəniməti ataraq geri çəkildi. Onların şuragöllülərdən ələ keçirdiyi 1000 baş qoyun, 500 davar geri qaytarıldı. Bu mal-qaranın bir hissəsi rus qoşununa paylandı, 250 baş Budaq Sultana, 250 baş isə əhaliyə qaytarıldı.
İrəvan xanlığı ərazisindən bir başa hücumun boşa çıxdığını görən Qacar İran dövləti hücumun istiqamətini dəyişərək Osmanlı Türkiyəsi ərazisindən keçməklə Pəmbək və Şuragölə hücum etməyi planlaşdırdı. Bu yürüşdə şah hökuməti iki məqsəd güdürdü: birinci, Qars, Bəyazid və Axalsıq paşalıqlarından hərbi kömək almaq; ikinci, rus qoşununa qarşı üsyan qaldırmış İmeretiya hakimi Solomona kömək etmək.
Rus qoşununa qarşı bütün qüvvələr İrəvan xanlığı ərazisində - Abaran düzündə düşərgə salmışdı. Qoşun iki dəstəyə ayrılmışdı. Səkkiz minlik süvaridən ibarət olan birinci dəstəyə İrəvan xanı Hüseynqulu xan rəhbərlik edirdi. Şahın böyük oğlu Məhəmmədəli xanın rəhbərlik etdiyi ikinci dəstə isə 10.000 nəfərdən ibarət idi. Lakin şah hökumətinin planlarından xəbərdar olan rus komandanlığı bu yürüşü qabaqlamağı qərara aldı. Həmin vaxt Pəmbək və Şuragöldə yerləşən rus qoşunlarının sayı isə 18 topu olan 3889 nəfərə çatırdı. Bütün qoşuna general mayor Portnyagin rəhbərlik edirdi. Baş komandan A.P.Tormasov şah qoşununun irimiqyaslı hücumunun qarşısını almaq üçün general Portnyaginə birbaşa Abarana hücum etməyi əmr etdi. Lakin Portnyagin qüvvələrin qeyri- bərabərliyini nəzərə alaraq buna cəsarət etmədi.
1809-cu il avqustun əvvəllərində İrəvan xanı Hüseynqulu xan 5.000 qoşunla Osmanlı sərhəddinə doğru hərəkət etdi. Bu əməliyyatda gürcü şahzadəsi Aleksandr Mirzə də iştirak edirdi. Maqziberd kəndində iki minlik kürd və Qara bəyin başçılığı ilə iki yüz qarapapaq dəstəsi ona qoşuldu. Birləşmiş qüvvələr avqustun 11-də Qarsdan 20 verst aralı, Zərişad deyilən yerdə düşərgə saldı. Vədləşdikləri kimi, burada Hüseynqulu xanın dəstəsinə Qars, Bəyazid və Axalsıx paşalıqlarının qoşunları qoşulmalı idi. Lakin xan gözlənilən köməyi ala bilmədi. Burada bir neçə gün qaldıqdan sonra avqustun ortalarında onun dəstəsi Axalsıx qalasına doğru hərəkət edərək, onun yaxınlığında düşərgə saldı. Bu xəbəri eşidən general Portnyagin Şuragölü hücumdan qorumaq üçün 4 topa malik 140 draqun dəstəsi, 400 nəfərdən ibarət saratov atıcı alayı, 100 kazak və qazaxlılardan ibarət azarbaycanlı süvari dəstəsi ilə Hamamlıdan hərəkət edərək Pəmbəklə Gümrü arasında mövqe tutdu. Lakin onun dəstəsi burada çox qala bilmədi. Hüseynqulu xanın İmeretiya çarı Solomona kömək üçün qoşun göndərəcəyini eşidən general Portnyagin Pəmbəyi qorumağı polkovnik knyaz Urakova tapşıraraq öz dəstəsilə Arpa çayını keçərək yenidən Hamamlıya qayıdır.
Bu yerdəyişmədən Qacar komandanlığı istifadə etmək fikirinə düşdü. 1810-cu il avqustun axırlarında Abbas Mirzə 15 topa malik 15 minlik qoşunla Naxçıvandan İrəvana gəldi. Osmanlı paşalarını ruhlandırmaq və rusların diqqətini Hüseynqulu xanın qoşunundan yayındırmaq üçün şahzadənin əmrinə əsasən, Abaranda dayanmış Məhəmmədəli xanın dəstəsi Pəmbəyə hücum etdi. Lakin knyaz Urakovun dəstəsi bu hücumun qarşısını ala bildi. Məğlub edilmiş şah qoşunu bir neçə taxıl zəmisini məhv edərək, çoxlu mal-qara qənimət ələ keçirərək yenidən Abaran düzünə qayıdır. General Portnyagin öz dəstəsilə rus qoşununa köməyə gələndə artıq şah qoşunu bu yerləri tərk etmişdi.

Elçin Qaliboğlu

Bu xəbər oxundu
- - -