Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Bu cür ikili standartlar Avropa Parlamentinin deyil....”

18.01.19, 8:52
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Səməd Seyidov: “Bu qurumun daxilində Azərbaycana qarşı işləyən qüvvələrin növbəti antiAzərbaycan cəhdidir”

Yanvarın 17-də Avropa İttifaqının qanunverici orqanı olan Avropa Parlamentinin iclasında Azərbaycanda insan hüquqlarının vəziyyəti, o cümlədən məhbus bloger Mehman Hüseynovun işi müzakirə olunub. Müzakirələrin yekununda Avropa Parlamenti “Azərbaycanda Mehman Hüseynovun işi” adlı qətnamə qəbul edib.
Milli Məclisin deputatları Avropa Parlamenti (AP) tərəfindən qəbul olunmuş "Mehman Hüseynovla bağlı təcili qətnamə”yə münasibət bildiriblər.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, Azərbaycanla Avropa Parlamenti, Milli Məclislə Avropa Parlamenti, ümumiyyətlə, Azərbaycanla Avropa İttifaqı arasında konstruktiv əlaqələr qurulur.
“Ona görə də hesab edirəm ki, son illər Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıqda əldə edilən uğurlar Avropa Parlamentində Azərbaycanı istəməyən qüvvələri ciddi şəkildə narahat edir”.
Səməd Seyidov qeyd edib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında hərtərəfli əməkdaşlığa dair sazişin hazırlanması istiqamətdə danışıqlar hazırda konstruktiv şəkildə davam edir:
“Avropa Parlamentinin və Avropa İttifaqının qəbul etdiyi sənədlərdə Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları çərçivəsində həll olunması birbaşa öz əksini tapıb. Yəqin ki, Azərbaycan ilə Avropa İttifaqı arasında mövcud olan həm iqtisadi, həm siyasi konstruktiv əlaqələr, yəni, münasibətlərin yüksələn xətlə inkişafı Azərbaycanı istəməyən qüvvələri ciddi narahat etməyə başlayıb və onlar Azərbaycana qarşı növbəti dəfə ikili standartlar mövqeyindən, reallıqdan uzaq çıxışlar ediblər. Ancaq bu müzakirələrə baxarkən gördük ki, Avropa Parlamentinin deputatları tərəfindən aparılan müzakirələr bir istiqamətdə təşkil olunub. Azərbaycan-Avropa İttifaqı danışıqlarının dayandırılması, bu prosesə əngəl törədilməsi və məsələnin gündəmdən çıxarılması. Bu, Azərbaycana qarşı açıq-aşkar qeyri-obyektiv münasibətin göstəricisidir. Halbuki, bu gün Avropa Parlamentinin özünün müzakirəsini gözləyən xeyli problemləri var. Misal üçün, Fransada gedən proseslər. Bu, kifayətdir ki, Avropa Parlamenti Avropa İttifaqı daxilində olan problemləri müzakirə etsin. Ancaq görürük ki, bu dərəcədə ciddi bir məsələ kənara qoyulub və heç bir əsası olmayan, reallığı əks etdirməyən məsələlərlə bağlı müzakirələr təşkil edilir”.
Deputat qeyd edib ki, bu cür ikili standartlar Avropa Parlamentinin deyil, bu qurumun daxilində Azərbaycana qarşı işləyən qüvvələrin növbəti antiAzərbaycan cəhdidir:
“Ancaq əminəm ki, bu cəhd heç bir nəticə verməyəcək. Azərbaycanla Avropa İttifaqı, o cümlədən Milli Məclis ilə Avropa Parlamenti arasındakı konstruktiv əməkdaşlıq davam etdiriləcək. Bir neçə il bundan əvvəl də Azərbaycan ilə Avropa Parlamenti arasında gərgin bir dövr yaşanıb. Həmin dövrdə Avropa Parlamenti tərəfindən Azərbaycan ilə bağlı qərəzli qətnamə qəbul olundu. Azərbaycan da öz növbəsində, hətta Avronest Parlament Assambleyasından çıxdı. Bu proses 2017-ci ildə - Azərbaycan ilə Avropa İttifaqı arasında hərtərəfli əməkdaşlığa dair sazişin hazırlanmasına və bu istiqamətdə danışıqların aparılmasına başlanıldığı dövrdə gedirdi. Avropa Parlamentindəki antiAzərbaycan qüvvələrin ölkəmizlə bağlı qəbul etdirdikləri qətnamələr real vəziyyəti əks etdirmədiyinə və ikili standartlara əsaslandığına görə onların heç bir nəticəsi olmadı. Hazırda Azərbaycan ilə Avropa İttifaqı arasında danışıqlar prosesinin yekunlaşma ərəfəsində bu cür qərəzli bir “qətnamə” qəbul olunur. Onlar Azərbaycanda hansısa aclıq aksiyasından danışırlar. Ancaq belə bir məsələ, ümumiyyətlə, yoxdur. Bu, onu göstərir ki, onlar hər hansısa bir məsələni öyrənməmiş, onun mahiyyətini dərk etməmiş bu cür qərəzli “qətnamələr” qəbul edirlər. Prezident İlham Əliyevin də öz çıxışlarında qeyd etdiyi kimi, son illərdə Ermənistanda ciddi saxtakarlıqla keçirilmiş prezident və parlament seçkilərinə müsbət rəy veriblər. Lakin sonradan erməni xalqı həmin rejimi tarixin zibilliyinə atdı. Bütün bunlar göstərir ki, Azərbaycan Avropa İttifaqı ilə konstruktiv danışıqlar aparmaq cəhdini ortaya qoyan kimi, ölkəmizi istəməyən qüvvələr bu cür ikili standartlara əsaslanan, qərəzli “qətnamələr” qəbul edirlər”.
Milli Məclisin deputatı, Azərbaycanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı (ATƏT) nümayəndə heyətinin sədrinin müavini Tahir Mirkişili bildirib ki, Avropa Parlamenti Avropa Birliyinin bir institutudur və bu qurum birliyin üzv dövlətlərinin vergi ödəyicilərinin hesabına Avropa Birliyinin üzv və tərəfdaş ölkələri ilə birliyin müəyyən etdiyi çərçivədə fəaliyyət göstərir:
“Bu halda Avropa Parlamenti, Avropa Birliyi birliyin strateji tərəfdaşı Azərbaycanla münasibətlərin prioritetlərində razılaşdırılmamış bir mövzu ətrafında dinləmə təşkil etməklə, qətnamə qəbul etməklə qurumun gündəliyindən kənara çıxıb və müəyyən mənada onun mandatına aid olmayan müzakirə açıb və sənəd qəbul edib.Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış tərəfdaşlıq prioritetləri dair baza sənədi məhz imzalanması nəzərdə tutulan sazişə siyasiləşmiş Avropa qurumları tərəfindən mane olmaq istiqamətində qabaqlayıcı siyasətidir. Çünki belə bir təzyiqin və təhrikedici addımların ola biləcəyi ehtimalı hər zaman olub”.
Deputat qeyd edib ki, Avropa Birliyi və Azərbaycan arasında 21 istiqamətdə 8 bənddən ibarət prioritetlər müəyyənləşdirilmiş və prioritetlərdən kənarlaşan istənilən məqam təzyiq və təsir cəhdi olaraq qəbul ediləcək:“Avropa Parlamentinin qəbul etdiyi bu sənəd məhz bu cür də qəbul ediləcək”.

Bu xəbər oxundu
- - -