Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Elektron satınalma modelinin tətbiqinə başlanılır

18.01.19, 13:49
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycanda elektron satınalma modelinin tətbiqinə başlanılır. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) analitiki Nərmin Kazımlı deyib. O bildirib ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmana əsasən, dövlət satınalmalarının vahid internet portalının yaradılması, həmin portalın əsasnaməsi və dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin davranış kodeksi layihələrinin hazırlanması, dövlət satınalmaları ilə bağlı digər metodiki sənədlərin qəbul olunması nəzərdə tutulub. Bu Fərmandan irəli gələn məsələlərin effektiv və vaxtında icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 2019-cu il yanvarın 10-da Sərəncam imzalanıb. Sərəncamla dövlət satınalmaları üzrə yeni mexanizmin tətbiqi məqsədilə aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilib.
“Bu çərçivədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın nəzdində yaradılan, eləcə də əlaqədar qurumların nümayəndələrinin təmsil olunduğu işçi qrupunun görüşləri, müzakirələri təşkil olunub. Belə ki, ölkədə yeni elektron satınalma modelinə keçid və bu əsasda dövlət satınalmalarının effektiv planlaşdırılması, icrası nəzərdə tutulur. Yeni modeldə dövlət satınalmalarının həyata keçirilməsi zamanı tətbiq edilən qaydalar bərabər, ədalətli və rəqabətli iqtisadi imkanların yaradılması məqsədini daşıyır. Fərmana müvafiq olaraq elektron satınalma ilə bağlı bütün prosedurlar və qarşılıqlı informasiya mübadiləsi vahid internet portal vasitəsilə onlayn qaydada həyata keçiriləcək. Bu məqsədlə satınalan təşkilat illik satınalma planını dövlət satınalmalarının vahid internet portalında yerləşdirəcək. Tender komissiyasının iclasları isə virtual şəkildə təşkil olunmaqla dövlət xərclərinin istifadəsi zamanı şəffaflığın daha da artmasını təmin edəcək”, - deyə N.Kazımlı bildirib.
Onun sözlərinə görə, yeni elektron satınalma modeli çərçivəsində dövlət satınalmasının planlaşdırılması, tender təklifinin qəbul olunması və iddiaçıların hüquqlarının qorunması üzərində təkmil nəzarət mexanizmi yaradılır. Dəyişikliyə əsasən, tender təklifinin təminatı 1-5 faizdən 1 faizə endirilib, malgöndərənlərin şikayətlərinə baxılması müddəti 20 bank günündən 10 bank gününə və çıxarılan qərarlar elektron qaydada təqdim olunmaqla müddəti 3 bank günündən 1 bank gününədək azaldılıb. Bütövlükdə, dövlət satınalması üzrə yeni modelin tətbiqi ölkədə rəqabətli satınalma metodlarından istifadəyə imkan verir, tam, etibarlı və vaxtında olan satınalma məlumatlarına ictimai çıxışı əhəmiyyətli dərəcədə yaxşılaşdırır.

Bu xəbər oxundu
- - -