Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“İlk növbədə, Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır”

23.01.19, 8:26
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Ermənistan baş nazirinin qarşısında duran ən mühüm məsələ iqtisadiyyatı dirçəltməkdir. O, vəd etdiyi iqtisadi islahatları həyata keçirməlidir”.
Bu sözləri politoloq Arzu Nağıyev deyib.
Politoloq bildirib ki, Nikol Paşinyan həm mitinqlərdə, həm parlamentdə, həm də hakimiyyət başına keçdikdən sonra iqtisadi problemlərin həlli məsələsini ortaya qoydu:
“İkinci məsələ kimi korrupsiya ilə mübarizənin genişləndirilməsini, üçüncü məsələ kimi isə Dağlıq Qarabağ münaqişəsinin həllini ön plana çəkdi. Hazırkı vəziyyətdə Paşinyan üçün əsas məsələ iqtisadi problemlərin həllidir. Məlumdur ki, indi Rusiyadan alınan qazın qiymətləri ilə bağlı problemlər var. Eyni zamanda, Gürcüstan və Rusiya arasındakı avtomobil yolu bağlanıb. Habelə Gürcüstan öz ərazilərindən daşınmaların formasını dəyişdirib, buna görə də qiymətlər qalxa bilər.
Bu problemləri nəzərə alan Paşinyan ötən həftə Gürcüstana təcili səfər etdi və həmkarı Mamuka Baxtadze ilə görüşdü. Lakin bu görüşdə də ümumi razılığa gələ bilmədilər. Yəni, Paşinyanın qarşısında duran əsas məsələ ölkəsinin iqtisadi problemlərini həll etməkdir. Lakin Ermənistanın yeni hakimiyyəti ilə xarici ölkələrdəki erməni diaspor təşkilatları arasında narazılıqlar var. Əsas məqsəd isə ölkəyə investisiya cəlb etmək və iqtisadiyyatı dirçəltməkdir. Paşinyan bunu edə bilmir. Çünki Azərbaycandan təzyiqlər və bu təzyiqlərdən doğan faktorlar var”.
Arzu Nağıyev vurğulayıb ki, Paşinyan Ermənistanda iqtisadi rifaha nail olmaq üçün Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmalıdır:
“İlk növbədə, Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır. Digər qonşu dövlətlərlə də münasibətlər qaydasında deyil. Donald Tramp Paşinyana təbrik məktubunda da təxminən belə bir fikir irəli sürdü ki, “Qonşu dövlətlərlə sülh içində yaşasanız, bir dövlət kimi yaşayacaqsınız”.
Hazırkı situasiyada isə Ermənistan İran və Rusiyadan asılı vəziyyətdədir, Türkiyə kimi böyük bir güclə sərhədləri bağlıdır, Azərbaycanla müharibə şəraitində yaşayır. Bütün bu məsələlər həll edilməmiş islahatlardan danışmaq mümkün deyil. Bu vəziyyətdə də, o, iqtisadi problemləri həll etməlidir. Hesab edirəm ki, Paşinyan vəd etdiyi islahatları həyata keçirib iqtisadi problemləri həll edə bilməsə, bu, Ermənistan daxilində vəziyyəti gərginləşdirəcək”.

Bu xəbər oxundu
- - -