Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İrəvan qalasının mühasirəsi

23.01.19, 10:47
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Uşaqan döyüşündə rus qoşunu 1166 əsgər və zabit itirmişdi


9-cu yazı

Tarixçi-alim E.Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında daha sonra bildirilir ki, irəvanlılar şah qoşununun köməyi ilə ruslara yeni-yeni hücumlar təşkil edirdi. Bir neçə min şah qoşunu Alagöz dağından Sudakəndə hərəkətə başladı. General Krasovski həmin istiqamətdə Paskeviç tərəfindən general adyutant Sipyaqinin başçılığı ilə göndərilən əlavə köməyi gözləyirdi. Güclü süvari dəstəsinin o istiqamətdə hərəkətini görən general 2 batalyon və 4 topla onların ardınca hərəkət edir. Lakin Sipyaqinin dəstəsi yolda şah qoşununu məğlub edərək geri qayıtmağa məcbur etmişdi. Düşərgəyə gəlib çatan Sipyaqin müdafiə toplarının beş gündən sonra bura gəlib çatacağını bildirmişdi.
Bu vaxt Alagöz dağı ilə rus düşərgəsi arasında 4 min süvari dəstəsi dayanmışdı. Onlar rus düşərgəsini güclü atəşə tuturdular. Krasovski 2 batalyon, 1 alay kazak dəstəsi və 50-ə qədər borçalılardan ibarət dəstə ilə onlara hücum etdi. X. İbrahimbəyli bu döyüşdə guya 5000-ə qədər borçalı süvarisinin iştirak etdiyini yazırdı. Lakin hadisənin canlı şahidi olan general Krasovski döyüşdə 50-ə qədər borçalı süvarisinin olduğunu bildirmişdi.
Rus qoşununun dağlara sığınaraq əlverişli müdafiə mövqeyini tutduğunu görən Abbas Mirzə zərbəni birbaşa Eçmiədzin kilsəsinə vurmağa qərara aldı. O, bununla rus qoşununu açıq döyüşə cəlb etmək istəyirdi. Abbas Mirzə kilsəyə yaxın olmaq üçün oraya gedən yoldan yarım vers aralıda yerləşən Uşaqan kəndində qoşunla düşərgə salmışdı. Onun göstərişi ilə sərkərdə Yusif xanın başçılığı ilə böyük bir dəstə Eçmiədzinə göndərildi. Kilsə ətrafında 4 min nəfərdən ibarət mühasirə zolağı yaradıldı və artilleriya quraşdırıldı. Kilsə ilə əlaqəsi olan yollar nəzarətə götürüldü. Şah qoşunu və İrəvan xanının dəstələri bütün şübhəli adamları tutaraq, rus qoşunun kilsə ilə əlaqəsini tamam kəsmişdi. Bu hadisədə Hüseynqulu xan və ona yaxın olan adamlar daha fəal iştirak edirdi. Xan Abbas Mirzəyə Eçmiədzin kilsəsinin açarlarını iki gündən sonra təqdim edəcəyini, Abbas Mirzə isə əvəzində ona ruslardan alınacaq müdafiə toplarını söz vermişdi.
Vəziyyətin qorxulu olduğunu görən ermənilər yenə də yalan məlumatla general Krasovskini qeyri-bərabər döyüşə cəlb edə bildi. Şah qoşununun sayıqlığına baxmayaraq, arxiyepiskop Nerses bir neçə ermənini Krasovskinin yanına göndərərək onu köməyə çağırdı. O, generalı inandırırdı ki, guya rusların mövqe tutduğu kilsədə çox az ərzaq ehtiyatı var və Abbas Mirzənin məqsədi üç gün ərzində Eçmiədzini ələ keçirərək onu tamamilə dağıtmaq və sonra əsas qüvvələrlə Gümrü tərəfdən Tiflisə hərəkət etməkdir. Bu xəbəri eşidən general-leytenant Eçmiədzinə hərəkət etməyi qərara aldı. Lakin onun bu addımı ətrafı tərəfindən birmənalı qarşılanmadı. Onlar əks tərəfin qüvvəsinin çoxluğunu, rus qoşununun vəziyyətinin acınacaqlı olduğunu, digər tərəfdən ərzaq çatışmazlığını dəlil gətirərək onu bu qorxulu addımdan çəkindirməyə çalışdılar. Lakin general Krasovski inadından dönmədi və bununla da qoşunu təhlükəyə saldı. Sonralar Paskeviç rus qoşununun biabırçı məğlubiyyətində arxiyepiskop Nersesi günahlandırmışdı. Baş komandan yazdığı məktubda Nersesi yalan məlumat verməkdə, kilsədə lazımi qədər ərzağın olduğu halda, ərzaq çatışmazlığını bəhanə gətirərək Krasovskini qeyri-bərabər döyüşə cəlb etdiyini bildirmişdi.
E.Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında daha sonra bildirilir ki, inadından dönməyən general leytenant Krasovski 3 min nəfərdən ibarət 4 batalyon, 2 kazak alayı, 4 bölükdən ibarət dəstə, 6 kiçik və 2 at üstü topla avqustun 16-da gecə Eçmiədzinə doğru hərəkət etdi. O, özü ilə 10 günlük ərzaq ehtiyatı götürmüşdü. Qoşunun 230 çetvert buğdası, bir qədər un və qurudulmuş çörəyi vardı. Bəzi əsərlərdə general-leytenant Krasovskinin dəstəsinin ümumi sayının 12 topdan ibarət 2500 nəfər olduğu göstərilmişdi. Digər məlumata görə isə Krasovskinin dəstəsində 2500-3000 arasında, başqa məlumata görə isə 12 topa malik 2000 əsgər olduğu birdirilirdi. H.İbrahimbəyli isə əsərində rus qoşununun daha çox olduğunu qeyd edir. Onun yazdığına görə, Krasovskinin dəstəsinin ümumi sayı 3 min piyada, 6 min süvari və 12 topdan ibarət olmuşdu.
Cəngi kəndindən hərəkət edən rus qoşunu Uşaqandan 2 verst aralıda yerləşən yüksəkliyə gəlib çatdı. Avqustun 17-də burada tərəflər arasında Uşaqan döyüşü adlanan döyüş baş verdi. General-leytenant Krasovski şah qoşununa qəflətən hücum etməyi qərara almışdı. Lakin Uşaqana yaxınlaşan rus qoşunu top atəşi ilə üzləşdi. General Krasovskinin məqsədini bilən Abbas Mirzə qoşunu ilə onu hər tərəfdən mühasirəyə alaraq hücuma keçdi.
Döyüş 5 saata qədər davam etdi. Hər iki tərəfdən çoxlu ölən və yaralanan qeydə alınmışdı. Çoxlu itkilərə baxmayaraq, general Krasovski öz dəstəsi ilə Eçmiədzinə daxil ola bildi.
Məğlub olmasına baxmayaraq, rus hərb tarixçiləri bu döyüşü Krasovskinin qələbəsi kimi qiymətləndirməyə çalışırlar. Lakin hadisələrin canlı şahidinin verdiyi məlumata görə, rus qoşunu Uşaqan döyüşündə biabırçı məğlubiyyətə uğramışdı. Hadisələrin şahidi bu uğursuzluğu gizlətməyərək yazırdı: «İran müharibəsindən yazan hərb tarixçiləri bizim üçün uğursuz olan Krasovskinin Əştərək (Uşaqan-E.Q.) ətrafındakı döyüşünü qələbə elan edirlər. Lakin iran döyüşü bizim üçün elə uğurla aprılmışdı ki, müvəffəqiyyətsiz hadisələri gizlətmək lazım deyil. Belə hadisə yalnız iki dəfə - Gorus və Əştərəkdə olmuşdu».
Daha sonra bu döyüşü ətraflı təsvir edən hərbiçi yazırdı: «Bir avqust səhəri adyutant Krasovskiyə məlumat verir ki, Eçmiədzində az ərzaq qalıb. Ərzaq cədvəlini göstərərək, çoxsaylı müxtəlif ərzaq anbarlarının qeyd edildiyi səhifədə Eçmiədzin anbarında avqustun 1-ə qədər cəmi 40 çertvet ərzaq olduğunu və bu ərzağın artıq tükəndiyını bildirdi. Krasovski arabalara xeyli ərzaq yüklənməsini əmr edir və səhəri günü qoşunun bir hissəsini düşərgədə saxlayaraq, ozü 5-ci və yaxud 6-cı batalyonla ərzaq arabalarını müşayət edir. Bu zaman Pakeviçin qoşununun arxasından hərəkət edən Abbas Mirzə 15.000 qoşunla İrəvan ətrafına gəlmişdi. Uzanan ərzaq arabalarını müdafiə etmək və yolun hər iki tərəfində daşların arxasında əlverişli mövqedə dayanan, top və tüfəng atəşləri ilə bizim qoşuna böyük itki verən düşməni dəf etmək lazım idi. Düşməni dəf eimək üçün bizimkilər süngü döyüşünə girən kimi, onlar geri çəkilirdilər və yenidən hücum edərək daşların arxasından çoxsaylı atıcıları bizə dolu atəş yağdırırdılar. Sınmış və yaxud vurulmuş arabalar bir-birinin ardınca dar cığırları kəsmişdi. Qarışıqlıq gücləndi, əsgərlər istidən, susuzluqdan və çoxlu düşmən gülləsindən taqətdən düşmüşdü. Mərmidən çiynindən kontuziya almasına baxmayaraq, general Krasovski bölüyü şəxsən özü hücuma apardı. Özünün şəxsi igidliyi ilə əsgərləri ruhlandıran krım alayının komandiri polkovnik Qolovin öldü, çoxlu igid zabit də bu cür aqibətə düçar oldu. Hər iki tərəfdən sıxışdırılan dəstə az məsafə qalmış Eçmiədzinə doğru hərəkət edirdi, artıq kilsənin hasarları görünürdü. Ondan 2 verst aralı zəmiləri sulamaq üçün əla suyu olan geniş arx axırdı. Əsgərlər nizamsız halda su içməyə atıldılar. Həmin dəqiqə şah qoşunu isti və susuzluqdan taqətdən düşmüş əsgərləri doğramağa başladı, birinin başını kəsdilər, onun yanında digər əsgər sərilərək su içir və müdafiə olunmaq fikiri belə yox idi. Burada bizimkilərin qırılması dəhşətli idi... Şah qoşunu zəiflərə aman verməyərək başlarını kəsir, hətta yaralıları əsir götürmürdülər. Topçular daldalanmağa yer tapmayaraq kilsəyə doğru çapdı, daha güclülər nizamsız halda onların ardınca qaçdılar. Yalnız şah qoşununun qorxaqlığı və hərbi işdə avamlığı üzündən rus qoşununun sağ qalmış qalıqları Eçmiədzinə gəlib çatdı. Krasovski 2500 və yaxud 3000 qoşundan 1000 nəfərdən çox əsgər, bütün sursat və ərzaq arabalarını itirdi. Bununla bərabər məlum oldu ki, qarnizonu ərzaqla təmin etmək üçün tələsməyə ehtiyac yox idi. Belə ki, kilsədə bir aylıq ərzaq ehtiyatı vardı. Bu suxari və unla zəngin olan səhifəni yarma səhifəsi ilə dəyişik salan adyutantın səhvi idi. Yalnız mühasirə topları ilə Bozabdalı keçən 300 nəfər əsgərə malik kabardin alayını iki gün gözləmək və Krasovskinin dəstəsilə birləşmək lazım idi».
E.Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında bildirilir ki, Uşaqan döyüşündə rus qoşunu 1166 əsgər və zabit itirmişdi. Onlardan 685 nəfəri öldürülmüş, 347 nəfəri yaralanmış, 134 nəfəri isə əsir düşmüşdü. Başqa bir məlumata görə isə, bu döyüşdə rus qoşunu bütün ərzaq arabaları ilə birlikdə 24 zabit və 1130 əsgər itirmişdi. Şerbatov isə qeyd edir ki, bu döyüşdə rus qoşunundan 700 əsgər ölmüş, 300 isə yaralanmışdı. General Krasovski isə öz gündəliyində rus qoşunundan 1131 nəfər öldüyünü, yaralandığını və itkin düşdüyünü yazırdı.
Rus qoşunu Eçmiədzinə sığınsa da, vəziyyəti çox ağır idi. Buna baxmayaraq, Abbas Mirzə yeni bir səhvə yol verdi. Əgər o, ikinci dəfə rus qoşununa hücum etsəydi onu tamamilə məğlub edə bilərdi. Krasovski bunu etiraf edərək yazır ki, «...hücum etsəydi məni dəhşətli məğlubiyyətə uğradardı. Kifayət qədər gücə malik olsa da, o bunu etmədi. Avqustun 19-da gecə Abbas Mirzə qoşunu ilə Uşaqanı tərk edərək İrəvandan 20 verst aralı, Zəngi çayının sağ sahilində düşərgə saldı. Həmin vaxt rusların gözlədiyi mühasirə topları Cəngiyə gəlib çatmışdı. Avqustun 19-u axşamı general mayor Laptev Krasovskinin dəstəsi ilə birləşmək üçün kabardin alayı və 4 topla Eçmiədzinə hərəkət edərək Uşaqana gəldi. Artıq Abbas Mirzə qoşunu ilə buranı tərk etmişdi.

Elçin Qaliboğlu

Bu xəbər oxundu
- - -