Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycanda “Nəsimi ili” elan edilməsi təqdirəlayiq hadisədir

11.02.19, 13:07
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin dahi şair və mütəfəkkir, Şərq ədəbiyyatı tarixinə adı qızıl hərflərlə həkk olunan İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə “Nəsimi ili” elan edilməsi müqtədir şairə verilən misilsiz dəyərin, yüksək ehtiramın ən ali göstəricisidir. Dövlət başçısının görkəmli şair ilə bağlı Sərəncamı nəinki ölkəmizdə, eləcə də, dünyada yaşayan azərbaycanlılar tərəfindən böyük rəğbətlə qarşılanır və təqdirəlayiq möhtəşəm addım kimi qiymətləndirilir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Əbu-Dabi Universitetinin (Birləşmiş Ərəb Əmirlikləri) beynəlxalq əlaqələr kafedrasının azərbaycanlı müəllimi, şərqşünas və tədqiqatçı Şəhrizad Süleyman deyib.
Vurğulayıb ki, Prezidentin bu Sərəncamı Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadlarından biri olan İmadəddin Nəsimi yaradıcılığının, zəngin ədəbi irsinin ölkəmizlə yanaşı, əcnəbi məmləkətlərdə də təbliğinə çox böyük töhfədir.
Şəhrizad Süleyman qeyd edib ki, anadilli şeiri yüksək bir zirvəyə ucaldan, ədəbi-bədii dilin, eyni zamanda, klassik türk poeziyasının təkmilləşməsində müstəsna rol oynayan, öz əsərlərində dövrün mütərəqqi fikirlərini, dərin fəlsəfi düşüncələrini tərənnüm edən, öz amalı uğrunda yorulmadan mübarizə aparan və bu yolda mərdliklə ölümə gedən cahanşümül şair, əruz vəzninin bəhrlərini böyük ustalıqla Azərbaycan dilinin xüsusiyyətlərinə uyğunlaşdırmağa nail olub.
O deyib: “Nəsimi yaradıcılığı ilə təmasda olan şəxs sanki sonsuz bir ümmana qədəm qoyur. O, mübhəmlərlə dolu sirli bir həyatdır, əsrarəngiz gözəllikdir, bütün ruhu ilə sevən aşiqi-məcnundur, ucsuz-bucaqsız kainatdır, haqq yolunda mücadilə aparan qəhrəmandır, ali məqama ucalan kamil insandır. Nəsimi fəlsəfəsi elə bir kamillk zirvəsidir ki, “insani-kamil” mərtəbəsinə yüksələn və özünü ruhi təhtəlşüurda dərk edən Adəm övladı, saf, ülvi varlığa çevrilib ilahiləşir”.
Əbu-Dabi Universitetinin müəllimi həmçinin qeyd edib ki, İmadəddin Nəsimi Yaxın və Orta Şərqdə geniş yayılmış üç dildə: ərəb, fars və Azərbaycan dillərində qiymətli söz inciləri yaradan novator şairdir. O, yaşadığı dövrün ictimai-siyasi mənzərəsini, ürfani dəyərləri, təsəvvüfi ideyaları müxtəlif dillərdə qələmə almaqla öz mütərəqqi fikirlərini, dini, fəlsəfi görüşlərini daha böyük coğrafi ərazidə təbliğ etmək imkanı qazanıb. Üç dildə, böyük ustalıqla poetik, fəlsəfi əsərlər yaradan Nəsiminin lisan dühası həqiqətən uca zirvədir. “Ərşlə fərşü kafü nun”, “daim ənəl-həqq söylərəm” deyərək həqiqət yolundan dönməyən, “gövhəri-laməkan” olan və sözün həqiqi mənasında, “kövnü məkanə”, cahana və zamana sığmayan əbədiyyət günəsi İmadəddin Nəsiminin zəngin bəşəri irsi müxtəlif xalqlar, ümmətlər arasında mədəni, tarixi əlaqələrin və fikir vəhdətinin yaranmasında mühüm rol oynayır.
Şəhrizad Süleyman deyib: “Nəsimi şeiriyyatının vurğunu olan bir şəxs kimi dahi şairlə bağlı xeyli sayda ərəb mənbələri ilə yaxından tanış olmuşam. Yaradaçılığı “bəhril-əsrar” olan müqtədir şairimizin zəngin ədəbi irsi, Nəsimi dövrü və onun fəlsəfi görüşləri təəssüflər olsun ki, yetərincə araşdırılmayıb. Çünki, uzun illər sovet ideologiyasının diqtəsi ilə araşdırılan İmadəddin Nəsimi irsi bir çox boşluqlarla, tarixi-elmi mənbələrdən xəbərsiz bəzi alimlərin təxəyyülü ilə tədqiq olunub. Yeri gəlmişkən, onu da diqqətinizə çatdırım ki, bəzi tarixi mənbələrə əsasən, Şərq aləminin qədim kitabxanalarında dahi şairin ərəb dilində qələmə aldığı qəzəllərin mövcud olması ehtimalı var. Məhz bu səbəbdən qüdrətli söz ustadının ədəbi irsinə aid olan qiymətli əlyazmalar dünya kitabxanalarında araşdırılmalı, tədqiq olunmalıdır. Ümid edirəm ki, “Nəsimi ili”ndə bu yöndə müəyyən müsbət addımlar atılacaq”.
“Uzun tarixi dövr, yüzilliklər keçməsinə baxmayaraq Seyid Nəsimi qələmindən süzülüb gələn hər bir qiymətli söz incisi bu gün də öz aktuallığını qoruyub saxlayır. Şərq xalqlarının yaddaşında mübariz, haqq carçısı, həqiqət naminə, fikir azadlığı yolunda mücadilə edən, humanist ideyalar uğrunda qəhrəmanlığın rəmzi kimi əbədiləşən, Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadının dünyaya tanıdılması baxımından ölkədə “Nəsimi ili” elan edilməsi təqdirəlayiq hadisədir. Mən də “Nəsimi ili” çərçivəsində çalışdığım ali təhsil ocağında müəllim və tələbə heyəti ilə birgə “Nəsimi şair il-məftun bil-insən” (Nəsimi - insana məftun olan şair) adlı elmi konfrans keçirtmək niyyətindəyəm. Yaxın zamanlarda keçirilməsi planlaşdırılan bu konfrans “Nəsimi ili”nə və müqtədir şairimizin zəngin ədəbi irsinin xarici ölkədə təbliğinə töhfəm olar”.

Bu xəbər oxundu
- - -