Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Həlledici mərhələyə daxil oluruq

15.02.19, 11:43
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ermənistan işğalçılıq siyasətini davam etdirərsə bu ölkəni həm iqtisadi, həm də digər sahələrdə daha pis vəziyyət gözləyir

Dünyada ciddi geosiyasi proseslər gedir. Bütün dünyaya, dövlətlərarası münasibətlərə təsir edən bu proseslər fonunda Azərbaycan öz mövqeyini möhkəmləndirir. Bunun əksinə olaraq isə Ermənistan diplomatiyası bölgədə və dünyada uduzmaqda davam edir, fiaskoya uğrayır. Beynəlxalq geosiyasi mənzərə fonunda Azərbaycan diplomatiyasının uğurlu gedişləri Dağlıq Qarabağ münqaişəsinin həll perspektivləri baxımından önəmli nəticələr əldə edilməsinə gətirib çıxarıb. Ermənistan isə işğalçı siyasətini davam etdirməklə, özünütəcrid vəziyyətinə düşüb ki, bu həm də iqtisadi çöküş deməkdir. Eksperlər düşünürlər ki, Paşinyan hakimiyyəti bu gedişlə nəinki Qarabağı işğal altında saxlaya biləcək, ümumiyyətlə Ermənistanın dövlət kimi mövcudluğu belə sual altına düşəcək. Yeganə çıxış yol isə işğal altında olan torpaqları qeyd-şərtsiz sahiblərinə qaytarmaq və Azərbaycanla sülhə nail olmaqdır.
Millət vəkili Elman Məmmədov deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyan rəhbərliyə gələndə düşünürdük ki, cinayətkar, kriminal hərbi cani olan “Qarabağ klanı”nı hakimiyyətdən uzaqlaşdırılması, onların bəzilərinin həbs olunması, bəzilərinin isə vəzifəsindən kənarlaşdırılması onun keçmişdən nəticə çıxardığına işarədir: “Fikirləşirdik ki, yəqin o xalqını, millətini çətin vəziyyətdən çıxarmaq üçün düzgün yol seçəcək. Amma görünür ki, Paşinyan hələ də nəticə çıxara bilməyib”. Onun sözlərinə görə, Paşinyan əksinə əsil erməni xəstəliyinə tutulan biridir: “Onun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində sərsəm bəyanatlar səsləndirməsi, davakar mövqe sərgiləməsi, Azrbaycanla normal münasibətlər göstərmək fikrində olmadığını göstərir. Paşinyanın bəyanatları Azərbaycan torpaqlarını işğal altında saxlamaq niyyətini ortaya qoyur”. Azərbaycan Prezidentinin Real-TV-yə müsahibəsi zamanı ölkəmizin güclü dövlət və güclü orduya sahib olması ilə bağlı fikirlərini xatırladan E. Məmmədov söyləyib ki, əgər Ermənistan işğalçılıq siyasətini davam etdirərsə, bu ölkəni həm iqtisadi, həm də digər sahələrdə daha pis vəziyyət gözləyir: “ Göründüyü kimi Ermənistan hələ də problemin həlli istiqamətində konstruktiv mövqe nümayiş etdirmədiyi üçün danışıqlar hələ də nəticəsiz olaraq qalmaqdadır”. Deputat bildirib ki, Ermənistan üçün düzgün yol onun qonşularla qonşuluq münasibətləri yaratmaq, Azərbaycanın torpaqlarını işğaldan azad etmək və işğalçılıq siyasətinə son qoymaqdır: “Bu gün Azərbaycan ordusu Ali Baş Komandanın əmri ilə istənilən an torpaqlarımızı işğaldan azad etmək qabiliyyətinə malikdir. Gedişat göstərir ki, erməniləri başqa cür başa salmaq mümkün deyil. Onları yalnız Azərbaycan əsgəri başa salacaq”.
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib ki, Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşür, amma saat yarım ərzində ancaq heç nə müzakirə etmədiklərini bildirir: “Və yaxud Azərbaycan və Ermənistanın xarici işlər nazirləri artıq dördüncü dəfədir görüşüblər. Ən az müddətli görüş 3 saat davam edib. Qalan bütün görüşlər 4 saat davam edib. Nikol Paşinyanın fikrincə, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri qeyri-ciddi adamlardır. Üst-üstə 15 saat bir-birinin dünyagörüşünü və Dağlıq Qarabağ məsələlərinə yanaşmalarını öyrənməklə məşğuldurlar.
Onun sözlərinə görə, Paşinyan Avropa İttifaqının Cənubi Qafqazdakı münaqişələr üzrə nümayəndəsi Klaarla görüşdə Dağlıq Qarabağın vətəndaş cəmiyyətinin etimadın möhkəmləndirilməsi tədbirlərinə cəlb olunmasını vacib adlandırdı və bunun danışıqlar prosesində konstruktiv mühitin yaranmasına şərait yaradacağını bildirdi: “Paşinyan Dağlıq Qarabağ ermənilərinin Dağlıq Qarabağın azərbaycanlıları ilə görüşünü mümkün hesab edir. Klaar Dağlıq Qarabağ tənzimlənməsində cari vəziyyəti bilir. Paşinyan da bilir ki, erməni ictimaiyyətinin qarşısında danışılan fikirlər ciddi rəsmilərlə danışılan fikirdən fərqlənir”.
Mübariz Əhmədoğlu deyib ki, Paşinyan çox böyük ehtimalla Dağlıq Qarabağ tənzimlənməsi istiqamətində çalışır və bunu elə manera ilə etmək istəyir ki, Ermənistan cəmiyyəti tənzimlənmənin zəruriliyini başa düşsün: “Nəticədə destruktiv millətçi qüvvələrin müqavimətini minimallaşdırır. Belə davranış modeli Paşinyanda alınır”.
Politoloq əlavə edib ki, Ermənistanın taleyində ən həlledici aktorlardan biri diaspor olub: “Diasporun təmsilçiləri Ermənistanda müflisləşdirilsələr də, həbs olunsalar, qovulsalar da amma yenə diasporun bir əli Ermənistanın üzərində olub. Paşinyanın “məxməri inqilab”ının da maliyyə və siyasi dəstəyi diaspordan gəldi. Bunlara baxmayaraq Paşinyan Diaspor Nazirliyini ləğv etdi”.
Ekspert vurğulayıb ki, diaspor təmsilçilərinin Ermənistanın idarəçiliyinə cəlbi, diaspor ermənilərinin iştirakı ilə ikipalatalı parlamentin təşkili Ermənistanda həmişə aktual müzakirə mövzusu olub: “Bu isə Rusiyanı ciddi narahat edirdi. Çünki diasporun iştirakı ilə seçilən parlament, eləcə də diaspor təmsilçilərinin iştirakı ilə qurulan hökumət istənilən anda Ermənistanı Rusiyadan uzaqlaşdırmaqla bağlı qərar qəbul edə bilərdi və bu qərar da reallaşacaqdır”.
“Rusiya faktoruna görə Paşinyan Diaspor Nazirliyini ləğv etdi”, - deyən Mübariz Əhmədoğlu qeyd edib ki, bununla da və diaspor ilə Ermənistanın arasındakı əlaqələri minimala endirdi, Ermənistan cəmiyyətinə bunun özünəməxsus izahını verdi və cəmiyyət bunu qəbul etdi.
Politoloq Dağlıq Qarabağ tənzimlənməsində Paşinyanın mövqeyinə bu kontekstdən yanaşıb: “Paşinyan Dağlıq Qarabağ probleminin həllinə başlayacaq, bunun özünəməxsus izahını verəcək və Ermənistan cəmiyyətində heç kəs ona etiraz edə bilməyəcək”.
Mübariz Əhmədoğlu əlavə edib ki, Dağlıq Qarabağın statusunun müəyyən olunması Dağlıq Qarabağ ermənilərinin və Dağlıq Qarabağ azərbaycanlılarının birgə əməkdaşlığından keçir: “Bunun başqa variantı yoxdur. Paşinyanın demokratiyası dəyərə malik olsaydı, ona Qərb dünyası pul ayırardı, Qərb dövlətləri Paşinyanı öz ölkələrinə dəvət edərdilər. Paşinyanın demokratiyası yalnız Dağlıq Qarabağ problemi həll olunduqdan sonra dəyərə malik olacaq. Paşinyan bunu bilir. Ona görə də Dağlıq Qarabağ tənzimlənməsində ən əsas məsələdən-Dağlıq Qarabağ erməniləri və azərbaycanlılarının Dağlıq Qarabağda birgə yaşayışının qurulmasından başlayıb. Bu isə işğalçı qoşunların Azərbaycan ərazilərindən çıxarılmasını diktə edir”.
Politoloq Eldar Namazov isə diqqətə çatdırıb ki, hazırda bizim regionda və bütün dünyada iki mühüm proses gedir: “Bu proseslərin nəticəsində həm bizim regionda, həm dünyada çox şeylər dəyişə bilər. Birincisi, Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı həlledici mərhələyə daxil oluruq. Hadisələrin gedişatı göstərir ki, bu problemi dondurulmuş şəkildə saxlamaq qeyri-mümkündür. 2016-cı ilin aprel döyüşləri bütün dünyaya nümayiş etdirdi ki, vəziyyəti dondurulmuş şəkildə saxlamaq cəhdi böyük bir müharibəyə gətirib çıxara bilər. Ona görə də Qarabağ məsələsinin həllində artıq uzun illər gözləmə mövqeyini nə vasitəçilər, nə də Azərbaycan qəbul edir. Bir nüansı qeyd edim. Bu yaxınlarda erməni mətbuatında çox maraqlı sənədlər açıqlandı. Aprel döyüşlərindən sonra Ermənistanın sabiq rəhbəri Serj Sərkisyan Dağlıq Qarabağa səfər edib, “dqr” rəhbərliyi qarşısında iki seçim qoyub. Birinci seçimə görə, Dağlıq Qarabağın ətrafında işğal olunmuş rayonlar bizə qaytarılmalı idi. Sərkisyan açıq bəyan etmişdi ki, ya bunu qəbul edəcəyik, ya da böyük müharibə olacaq. Bütün bunlar aprel döyüşlərindən bir neçə ay sonra baş vermişdi. Ancaq həmin sənədlər ictimaiyyətə hələ indi məlum olur. Ortaya çıxan sənədlərdən sonra Azərbaycan Ordusunun uğurlu əməliyyatının dayanmasında hansı amillərin rol oynaması, Rusiyanın hansı mövqe tutması aydın görünür. Həmin vaxt Azərbaycana ətraf rayonların sülh yolu ilə qaytarmağın mümkünlüyü ilə bağlı vədlərin verildiyi ortadadır. Təsadüfi deyil ki, Sərkisyanın Qarabağa səfəri və işğal olunmuş torpaqların qaytarılması ilə bağlı belə bir tələbi müzakirəyə çıxartmasından sonra İrəvanın mərkəzində müəyyən silahlı dəstələr polis bölmələrinə hücum və dövlət çevrilişinə cəhd etdilər. Maraqlıdır ki, hər dəfə Qarabağ problemi ilə bağlı hansısa irəliləyişə nail olmaq üçün şərait yarananda Ermənistanda terror aktları, qanlı toqquşmalar baş verir və bu şəraitin qarşısı alınır. Levon Ter-Petrosyan da bu məsələni qaldıranda dövlət çevrilişi oldu. Ondan sonra İstanbul sammiti ərəfəsində bu məsələlər müzakirə olunanda Ermənistan parlamentində terror aktı həyata keçirildi, ölkə rəhbərliyində təmsil olunan şəxslərin əksəriyyəti terror aktının nəticəsində öldü. Nəhayət, Aprel döyüşündən sonra da İrəvanın mərkəzində polislərin qətlə yetirilməsi, silahlı toqquşmaların baş verməsi kimi hadisələrin şahidi olduq”. Politooq deyib ki, hazırda Qarabağ ətrafında maraqlı proseslər gedir: “Artıq Qarabağ məsələsində ciddi irəliləyişə nail olmaq üçün həm Azərbaycan, həm də beynəlxalq qüvvələr tərəfindən ciddi addımlar atılır. Bütün bunlar nəticəsiz qalsa, Azərbaycan Ordusu daha böyük, daha genişmiqyaslı hərbi əməliyyat keçirib torpaqlarımızı işğaldan azad etməli olacaq. Təbii ki, bu, müəyyən diplomatik və siyasi dəyişikliklərə də gətirib çıxaracaq. Azərbaycan hakimiyyəti də bunu nəzərə alır. Bu proses çərçivəsində balanslaşdırılmış siyasət prinsipini qoruyub saxlamağın mümkün olub-olmayacağı ciddi sual altındadır. İşğal olunmuş torpaqlarımızı azad etmək naminə hərbi əməliyyatlarla yanaşı, müəyyən ciddi siyasi və diplomatik qərarlar verəcəyimiz də şübhəsizdir”. Politoloq onu da vurğulayıb ki, dövlət başçısının Real.tv-yə müsahibəsində balanslaşdırılmış siyasətlə bağlı yeni yanaşmanın arxasında mühüm məqamlar durur: “Prezidentin bu çıxışını Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək, təhlükəsizliyini təmin etmək, Azərbaycanı təhlükələrdən qorumaq, yaranmış imkanlardan səmərəli istifadə edib, Azərbaycanı gedən proseslərdə daha güclü çıxartmaq üçün ideoloji məhdudiyyətlərin olmadığı, yalnız milli maraqların əsasında qurulmuş bir siyasət yürütməyin vacib olduğuna bir işarə kimi qəbul edirəm. Yəni həm Qarabağ məsələsinin həlli ilə bağlı atılan addımlarda, həm də yeni dünya nizamının formalaşması prosesində gözlənilən təhlükəli qarşıdurmalar fonunda Azərbaycan gərək siyasi və diplomatik manevrlər etmək üçün heç bir məhdudiyyət qoymadan yalnız öz milli maraqlarının təmin olunması naminə istənilən siyasət yürüdə bilsin. Hesab edirəm ki, bu yeni yanaşmanın ətrafında bu amillər dayanır…”.


Əli

Bu xəbər oxundu
- - -