Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Millət vəkilləri avstraliyalı həmkarlarına Xocalı soyqırımı barədə məlumat verilib

21.02.19, 11:30
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Milli Məclisin Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərindən ibarət nümayəndə heyəti Avstraliyada işgüzar səfərdədir. Nümayəndə heyətinin tərkibinə işçi qrupunun rəhbəri, deputat Xanlar Fətiyev və deputat, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə daxildir. Fevralın 20-də Azərbaycan nümayəndə heyəti Kanberra şəhərində Avstraliya federal parlamentinin üzvləri ilə bir sıra görüşlər keçirib. Görüşlərin əsas məqsədi Avstraliya parlamentində fəaliyyət göstərən Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərinə Xocalı soyqırımı barədə məlumat vermək, iki ölkə arasında münasibətlərin hazırkı durumu və inkişaf perspektivlərini müzakirə etmək, eləcə də hər iki ölkənin qanunverici orqanları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparmaq olub.
İlk görüş Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Kreq Kelli ilə keçirilib. Kreq Kelli 2018-ci ildə Azərbaycana etdiyi səfər barədə xatirələrini bölüşüb, ölkəmizin inkişafının onda xoş təəssüratlar doğurduğunu qeyd edib. O, ötən ilin aprelində Azərbaycanda keçirilmiş prezident seçkilərini müşahidə etdiyini deyib və bununla bağlı fikirlərini bölüşüb. Avstraliyanın Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib, bu münasibətlərin siyasi, iqtisadi, elm və mədəniyyət sahələrində böyük potensiala malik olduğunu deyib.
Nümayəndə heyətinin növbəti görüşü Avstraliya Senatının üzvü xanım Konçetta Fierravanti-Uels ilə olub. Senator 2017-ci ildə Azərbaycana etdiyi səfəri xatırladıb, ölkə rəsmiləri və parlamentin rəhbərliyi ilə bir sıra görüşlər keçirdiyini bildirib. İki ölkənin parlamentləri arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Sonra nümayəndə heyəti Avstraliya parlamentinin Nümayəndələr Palatasının üzvü Milton Dik ilə görüşüb. 2018-ci ildə Avstraliya parlamentinin nümayəndə heyətinin tərkibində Azərbaycanda səfərdə olan Milton Dik iki ölkə arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü xanım Ənn Ali ilə görüş zamanı avstraliyalı deputat ölkəsinin Azərbaycan ilə çoxşaxəli əməkdaşlığa maraq göstərdiyini qeyd edib və bu münasibətlərin həm humanitar, həm də siyasi və iqtisadi sahələrdə həyata keçirilməsi üçün lazımi dəstəyin göstərilməsinə hazır olduğunu bildirib. O, Azərbaycanın regionda sülhün və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını və ölkənin bu istiqamətdə əldə etdiyi uğurların qonşu dövlətlər üçün nümunə olduğunu vurğulayıb. Azərbaycanın multikulturalizm modelinin regionda yayılması üçün böyük potensialın olduğunu qeyd edib. Xatırladıb ki, Azərbaycan bir sıra Qərb ölkələrindən əvvəl qadınlara seçmək və seçilmək hüququ verib. O, Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin dinc yanaşı yaşadığını vurğulayaraq, bu kimi dəyərlərin regionda dini münaqişələrin aradan qaldırılmasına müvafiq töhfə verə biləcəyini qeyd edib. Xanım Ənn Ali Azərbaycanın terrorizm və dini radikalizm ilə mübarizədə oynadığı rolu xüsusi vurğulayıb.

Bu xəbər oxundu
- - -