Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Almaniyanın Dağlıq Qarabağ tənzimlənməsinə artan marağı...”

21.02.19, 11:43
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Mübariz Əhmədoğlu: “Angela Merkelin Cənubi Qafqaz regionuna səfərindən başlandı”

“Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməmiş qalması Ermənistan üçün yeni təhdidlər yaradıb. Söhbət təkcə Ermənistanın qarşısında duran iqtisadi və digər problemlərindən getmir. Ermənistan məhz Dağlıq Qarabağ probleminə görə çox ciddi tarixi şərəfsizliyə sürüklənir”.
Bunu politoloq Mübariz Əhmədoğlu dünən keçirdiyi “Qarabağ saatı”nda deyib. Politoloq bildirib ki, həm İran, həm də Gürcüstan istiqamətində baş verənlər Ermənistanın uydurma da olsa özləri üçün şərəf bildikləri tarixi ləkələyə bilər: “Paşinyanı Dağlıq Qarabağ tənzimlənməsinə vadar edən ən əsas səbəblərdən biri Avropa İttifaqının mövqeyidir. Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə başlanmasını Paşinyandan ən kəskin şəkildə tələb edir. Almaniya və Avropa İttifaqı heç zaman həm ayrı-ayrılıqda, həm də birlikdə Dağlıq Qarabağ tənzimlənməsinə bu qədər böyük maraq göstərməyiblər. Münhen Təhlükəsizlik Konfransının sədri Volvqanq İşinger konfransın işini yekunlaşdırarkən diqqətçəkən açıqlama verib. O bildirib ki, Prezident Armen Sərkisyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Dağlıq Qarabağ tənzimlənməsi üzrə danışıqlar aparmağa razılıq verib. Bu o deməkdir ki, Avropa İttifaqı və Almaniya Paşinyanın qeyri stabilliyini başa düşür və ehtiyat variant kimi Armen Sərkisyanı Azərbaycanla danışıqlar aparmağa hazırlayırlar”.
Mübariz Əhmədoğlu qeyd edib ki, Almaniyanın Dağlıq Qarabağ tənzimlənməsinə artan marağı Angela Merkelin Cənubi Qafqaz regionuna səfərindən başlandı: “Rusiya qazının Avropaya girməsi uğrunda mübarizə aparan Merkel bunun əvəzində Avropa İttifaqını Cənubi Qafqazda yeni formatda möhkəmləndirir. Merkelin Azərbaycanda olarkən verdiyi bəyanata görə, bunun yolu Dağlıq Qarabağ tənzimlənməsindən başlayır. Dağlıq Qarabağ tənzimlənməsinin cari mərhələsində Paşinyan üçün 2 məsələ vacibdir. Birincisi, Paşinyan bilir ki, əgər tənzimlənmə prosesi yubanarsa, o halda Rusiya və digər dövlətlər ortalığa əlavə variantlar qoya bilərlər. Münaqişənin belə ildırım sürətli tənzimlənməsi Rusiyaya sərfəli deyil. Eləcə də Paşinyan başa düşür ki, Köçəryanın və Sərkisyanın dəfələrlə atmaq istədiyi addımları indi o, atmalıdır. Köçəryan 1999-cu ildə ATƏT-in İstanbul sammitində Azərbaycan Respublikasının Prezidenti ilə sülh müqaviləsi imzalamağa hazır idi. Ermənistan parlamentindəki terror hadisəsi bunun qarşısını aldı. İkincisi isə, tənzimlənmə Ermənistandan deyil, məhz Dağlıq Qarabağın özündən başlamalıdır və tənzimlənmənin məsuliyyətini Dağlıq Qarabağ erməniləri özlərinin üzərilərinə götürməlidir”.
Politoloq Mübariz Əhmədoğlu həmçinin əlavə edib ki, Rusiyanın Gürcüstana olan münasibətində narahatlıq kifayət qədər göz qabağındadır: “Qara dəniz akvatoriyasına Qərbin müdaxiləsi Ukrayna və Gürcüstan istiqamətlərində baş verir”. Politoloq qeyd edib ki, Gürcüstanın hərəkətləri Rusiya üçün dözülməz olur: “Amma Gürcüstan ərazisindən cavab vermək üçün isə əsas vasitə Ermənistandır. Rusiya istənilən anda Ermənistanı Gürcüstanın üzərinə qaldıra bilər və əgər Gürcüstan ərazisi vasitəsilə Qərb Qara dəniz akvatoriyasında hərbi müdaxiləni genişləndirsə, o zaman Ermənistan Cavaxetiya ermənilərinin vəziyyətini əsas götürərək Gürcüstana hücum edəcək. Abaşidze və Q.Karasinin fevral ayında keçirilən növbəti görüşündən sonra bəlli oldu ki, Ermənistanın ümid etdiyi yol açılmadı. Cənubi Osetiya Gürcüstanın ərazisini işğal etməyə başlayacaq. Bu ərazi Gürcüstanın ermənilərlə məskunlaşmış Cavaxetiya regionu ilə Cənubi Osetiyanın arasındakı ərazidir. Bu ərazi işğaldan sonra Cənubi Osetiyanın və yaxud Cavaxetiya ermənilərinin nəzarəti altına keçəcək. İşğal aksiyasında Cənubi Osetiya hərbçiləri adı ilə rus hərbçiləri öndə olsalar da, erməni hərbçiləri də vacib rol oynayacaqlar. Gürcüstan ordusunu işə salacağı təqdirdə Ermənistan ordusu Gürcüstanın üzərinə yeriyəcək. Çünki Cavaxetiya erməniləri özlərinin soyqırıma məruz qaldığını iddia edəcəklər və bu məqsədlə Ermənistandan kömək istəyəcəklər. Ermənistan Rusiyanın təkidi ilə hərbisini Gürcüstanın üzərinə yeridəcək”.
Politoloq bildirib ki, Gürcüstanda siyasi mühitin böyük bir qismi ermənilərin təsiri altındadır: “Gürcüstan rəhbərliyi kifayət qədər ciddi korrupsiya ilə məşğuldur. 2008-ci il avqust hadisələri - 5 günlük Cənubi Osetiya müharibəsi zamanı Ermənistanda taxıl və benzin qıtlığı yarandı. İndi Gürcüstan hal-hazırda Ermənistanda belə vəziyyət yaratmaqla Ermənistanla Gürcüstan arasında bir-birinə qarşılıqlı hücum etməmək haqqında müqaviləni imzalatdıra bilər. Yeri gəlmişkən deyək ki, Gürcüstanda bir müddət əvvəl belə müqaviləni imzalamaq aktual idi. Ermənistan isə razılaşmadı. Rəsmi Tbilisi bundan özü üçün müəyyən nəticə çıxarmalıdır. Azərbaycanın işğal olunmuş ərazilərindən qoşununu çıxaran Ermənistan, həm də Gürcüstan üçün təhlükəsiz qonşuya çevrilə bilər”.

Bu xəbər oxundu
- - -