Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Kiçik çillə

21.02.19, 12:27
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Kiçik çillə qışın fevralın 1-dən 20-nə qədər sürən dövrünün xalq arasındakı adıdır. Qırx gün sürən Böyük çillədən fərqli olaraq, o, iyirmi gün davam edir. Kiçik çillə adı da bununla əlaqədar ona verilib. Ömrünün az olmasına baxmayaraq, Kiçik çillə soyuqluğu, kəskin şaxtası ilə böyük çillədən seçilir. Kiçik çillənin soyuqluğu hətta xalq arasında gəzən rəvayətlərdə də öz əksini tapıb. Deyilənə görə, Böyük çillə ilə qaşılaşan Kiçik çillə deyir: “Əgər sənin ömrün məndə olsaydı, gəlinlərin əlini xəmir təknəsində, atların balasını qarınlarında dondurardım. Amma neynim, pömrüm azdır, qabağım yazdır”.
“Kiçik qardaş hovlu olar” məsəli də, çox guman ki, Kiçik çillə üçün deyilib. Çox sərt, şaxtalı keçməsinə görə həmin dövrə “qışın oğlan çağı”, “qışın zəla-zəla vaxtı”, “girəvəli qış” da deyirlər. “Kiçik çillənin soyuğu, təndirə təpər toyuğu”, “Qış qulun (at balası ) salır” deyimləri də Kiçik çillə üçün deyilmişdir. Ümumiyyətlə, Kiçik çillənin ilk ongünlüyu fəslin ən sərt, çovğunlu, dondurucu çağı sayılır. Elə buna görə də deyirlər:

Xıdır girdi, qış girdi,
Xıdır çıxdı, qış çıxdı.

Kiçik çillə həm də təsərrüfat həyatının oyanması ilə xarakterikdir. Xüsusən də Kiçik çillənin ilk ongünlüyündə keçirilən Xıdır Nəbi bayramından sonra Azərbaycanın bəzi bölgələrində müəyyən əkin işləri başlayır. İnama görə, qış yarı olanda, yəni Xıdır Nəbi bayramında yerə isti buğ gəlir, torpaqda hərarət yaranır. Bu dövrdən sonra ağaclar yavaş-yavaş tumurcuq atmağa başlayır, müəyyən bitkilər çiçək açır. Azərbaycanın cənubunda – Lənkəran-Masallı bölgəsində kartof əkini də məhz bu dövrdən sonra başlayır. Torpağın oyanış, məhsuldar dövrü olduğu üçün həmin vaxt əkilən kartof daha yaxşı məhsul verir. Xıdır Nəbiyə qədər yağan qar torpaqda qalırdısa, bu dövrdən sonra yağan qar tez əridiyi üçün onun təsərrüfata heç bir qorxusu olmurdu.
Kiçik çillə həm də bir sıra mərasimləri ilə yadda qalır. Bunlardan biri qışın yarı olması münasibəti ilə keçirilən “Xıdır Nəbi” bayramıdır. Bu mərasim qədim əkinçilik görüşləri ilə bağlı yaranıb. Üç gün sürən Xıdır Nəbi bayramının birinci günü torpaq təriflənərdi. Torpağın üstündə od qalanar, ocaq yandırılardı ki, nəfəs qızsın. Bağlar təmizlənər, çör-çöpü, xəzəli yığılıb yandırılardı. İkinci gün boyunduruğa qoşulacaq hər öküzün adına üç duzsuz kömbə bişirib öküzlərin qarnının altından diyirlədərdilər. Üçüncü gün cütçü və əkinçilərin şəxsində torpağı becərən, yer şumlayıb, əkin əkənlər tərif olunardı. Ağ atın belində gələcək Xıdır Nəbinin əlində məşəl olacağı guman edilərdi. Onun torpağı isidən məşəllə yanaşı, ulusa Günəş və Su, adamlara sağlamlıq gətirəcəyinə inam bəslənərdi. Mərasimdə əkinçi, cütçü və saya nəğmələri oxunar, Xıdır Nəbiyə xalq söz qoşardı. Bayramın hər üç günündə cavanlar əkin yerlərindən keçib Xıdır Nəbini axtarmağa gedərdi. Onlara “Xıdırçı” da deyərdilər. Xıdırçılar Xıdırın (bəzi rayonlarda Xızırın) dalınca səhər açılmamış əllərində məşəl gedərdilər.
Kiçik çillədə keçirilən digər mərasimlərdən biri xalq arasında yalançı çərşənbə, müjdəçi çərşənbə adlanan bayramdır. Dörd əsas çərşənbənin xəbərçisi olan həmin bayram kiçik çillənin sonuncu çərşənbəsində qeyd olunur.
Sevinc Qasımova
filologiya üzrə fəlsəfə doktoru

Bu xəbər oxundu
- - -