Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

ABŞ-Ermənistan əlaqələri uçuruma doğru gedir

22.02.19, 8:57
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Paşinyan ikili rol oynadığına görə ABŞ onu cəzalandırdı

Vaşinqton Ermənistanın Xarici İşlər Nazirliyinin başçısı Zoqrab Mnatsakanyanın ABŞ-a planlaşdırılan səfərini ləğv edib. Xarici İşlər Nazirliyindəki şəxsi mənbələrin informasiyasına görə, İrəvan bu səfərin təşkili üçün uzun müddətdir işləyirmiş. Bildirilib ki, Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçsi Con Bolton arasında telefon söhbəti mühüm rol oynayıb. Ancaq Suriyaya erməni missiyasının göndərilməsi haqqında qərar səfərin ləğvinə səbəb olub. Hərçənd Xarici İşlər Nazirliyi bütün yollarla vəziyyəti düzəltməyə çalışır, xüsusi halda, ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə Mnatsakanyan arasında telefon danışığı olub, amma vəziyyəti dəyişməyib.
Politoloq, sabiq diplomat Fikrət Sadıqov isə bildirir ki, Paşinyan ikili rol oynadığına görə ABŞ onu cəzalandırıb: “Nikol Paşinyan başda olmaqla, yeni Ermənistan hakimiyyəti elə bilirdi ki, iki masada əyləşmək asan məsələdir. Ola bilsin ki, məişət səviyyəsində mümkündür, amma siyasi və diplomatik səviyyədə bu, olduqca mürəkkəb bir məsələdir. İndiki vəziyyətdə ABŞ-la oturub durmalısan, ya da Rusiya ilə. Və öz prioritetlərini təyin edib xarici siyasətini həyata keçirəsən. Ya da gərək düşünülmüş şəkildə elə bir balanslı siyasət aparasan ki, öz milli maraqlarını müdafiə etdiyin aydın olsun. Paşinyan nə bu yollardan birini seçir, nə də üçüncü bir yol cızır. Ona görə də Ermənistanın Rusiya ilə yaxınlığı Rusiyanın yanında olmaq jestidir. Ermənistan böyük qardaşının tələb və istəklərini həyata keçirməklə onunla mütəffiq olduğunu dünyaya nümayiş etdirir. Ermənistan, bir neçə nəfərlə belə olsa, Suriyada kiminlə öz missiyasını yerinə yetirir? Rusiya ilə, İranla... Bu da təbii ki, ABŞ-ın maraqlarına toxunmaya bilməzdi. Vaşinqton açıq şəkildə Paşinyana və onun xarici işlər nazirinə birmənalı olaraq zərbə endirib. Mən şübhə etmirəm ki, bu zərbə Ermənistanın oyunçu xarici siyasətinə böyük zərbədir”.
Siyasi şərhçi Məhəmməd Əsəsdullazadə isə bildirib ki, ABŞ-Ermənistan əlaqələri uçuruma gedir. Baş nazir Nikol Paşinyanın Rusiya ilə strateji tərəfdaşlığı xarici siyasət konsepsiyasında elan etməsi ABŞ-ın dəstəyindən məhrum olmasına gətirir.
O qeyd edib ki, artıq Vaşinqtonda İrəvanın apardığı siyasətə inam yoxdur: “Demək olar ki, inqilabdan gözlənilən nəticələr əks-effekt verir. ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Cənubi Qafqaz siyasətini kurasiya edir. Burada əsas strateji plan Ermənistanı Rusiyanın siyasi orbitindən çıxarmaq və Qarabağ münaqişəsinin həllinə nail olmaqla Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması daxil idi. Paşinyan əvvəlcədən razılaşdırılmış planın əksinə gedərək, Rusiyanın istəyi ilə Suriyaya hərbçilər göndərdi, Qarabağ danışıqlarından yayındı. Buna cavab olaraq Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyanın ABŞ səfəri Dövlət Departamenti tərəfindən qəbul edilmədi. Bununla yanaşı Suriyaya hərbçilər göndərməsinə sərt reaksiya verdi. Təbii ki, bundan sonra İrəvan Vaşinqton əlaqələri yüksək səviyyədə olmayacaq. Zənnimcə, ABŞ Ermənistana və Qarabağdakı separtçılara maliyyə yardımını kifayət qədər azaldılacaq”.
Şərhçi daha sonra deyib: “Vaşinqton Paşinyana ona görə dəstək vermişdi ki, ölkəsində Qərbə inteqrasiya siyasətini prioritet elan edəcək və problemlərin həllinə çalışacaq. Paşinyan isə problemləri artıraraq beş illik fəaliyyət proqramında Rusiyanın ölkəsində patronajlığına hüquqi zəmin yaratdı. Qarabağ danışıqlarında separatçıların tərəf kimi danışıqlar masasına gətirməyə cəhd edir. Baş verənlər fonunda Azərbaycan İrəvanın bu destruktiv siyasətinə qarşı Qarabağ münaqişəsinin həlli istiqamətində ABŞ-dan tam dəstək ala bilər. Həmçinin, ABŞ-dan silah ixracını genişləndirə bilər”.
M.Əsədullazadə onu da bildirib ki, Gürcüstan və Ermənistanın Rusiya ilə yaxınlaşmaq cəhdləri fonunda regionda ABŞ-ın əsas etibarlı və strateji tərəfdaşı Azərbaycandır: “Zənnimcə, artıq Vaşinqtonda da bunu anlayırlar. Ona görə də son aylarda Vaşinqton sülh qarşılığında Azərbaycana yeddi rayonun qaytarılmasını Ermənistandan tələb edir”.
Qeyd edək ki, rəsmi Vaşinqton Ermənstanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın ABŞ-a səfərini təxirə salıb. Buna səbəb olaraq Ermənistanın Rusiya ilə birlikdə Suriyaya humanitar və hərbi yardım göndərməsi göstərilir.
Rəsmi İrəvan Suriyaya humanitar yardım göndərməsinə haqq qazandırmaq üçün müxtəlif əsaslar göstərsə də ABŞ Dövlət Departamenti hələlik bunları yetərli saymır. Məlumata görə, Z.Mnatsakanyanla ABŞ-ın dövlət katibi Mayk Pompeo arasında telefon danışığı olub, amma bu da vəziyyəti dəyişməyib. “Hraparak” qəzeti yazıb ki, Ermənistan tərəfi xarici işlər nazirinin Vaşinqtona səfərini və ABŞ rəsmiləri ilə görüşləri çoxdan gözləyir və buna hazırlığa xeyli vaxt sərf edibmiş.
Onu da qeyd edək ki, fevralın 8-də Ermənistan 83 nəfərlik heyətlə Suriyaya humanitar yardım göndərib.

Bu xəbər oxundu
- - -