Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Özbəkistanda Azərbaycan mədəniyyətinin təqdimatı olub

22.02.19, 10:18
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Daşkənddəki Toxuculuq və Yüngül Sənaye İnstitutunda Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbir keçirilib. Mərasimdə Amerika Birləşmiş Ştatları, Almaniya, Hindistan, Böyük Britaniya və digər ölkələrin səfirlikləri də iştirak edib. Ölkəmizi bu tədbirdə səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) təmsil edib. Öncə institutun foyesində müxtəlif Mədəniyyət Mərkəzinin hazırladığı foto, nəşr və milli suvenirlərə dair sərgisi nümayiş etdirilib. Kitab sərgisində ölkəmizin bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər, suvenirlər təqdim olunub. Sərgidə Qarabağın milli və qadın geyimləri, musiqi alətlərimiz tələbə və müəllimlərin diqqətini cəlb edib. Ekspozisiyada Azərbaycanın mənzərəli guşələrini əks etdirən fotolar da yer alıb.
Sonra institutun tələbələri Qarabağın milli qadın və kişi libaslarını nümayiş etdirib. Mərkəzin əməkdaşı Kifayət Pirməmmədova geyimlər haqqında məlumat verib. İnstitutun rektoru Baxodirjon Onorboev Beynəlxalq Ana Dili Günü haqqında məlumat verib. Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov deyib ki, hər bir xalqın dili onun milli kimliyinin, mənsubiyyətinin göstəricisidir. Ana dilinə hörmətimiz daimidir və bu dil bizim üçün həmişə əzizdir. O, ana dilimizin çətinliklərdən, çoxsaylı sınaqlardan uğurla çıxdığını, müstəqillikdən sonra hər iki dövlətdə ana dilində ali məktəblərin, KİV-in artdığını, dilimizin inkişafı istiqamətində çoxsaylı layihələrin həyata keçirildiyini söyləyib. Diplomat ulu öndər Heydər Əliyevdən sitat gətirib: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir, şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”. Sonra S.Abbasov Bəxtiyar Vahabzadənin “Ana dili” şeirini söyləyib.
Söz musiqiyə verilib. Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” rəqs ansamblının üzvləri rəqslərimizi, İlham Abdullayev isə milli saz havalarını ifa edib. Digər xalqların nümayəndələri də öz musiqilərini təqdim ediblər.

Bu xəbər oxundu
- - -