Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İnkişaf edən Qəbələ

13.03.19, 13:58
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycanda dövlətin iqtisadi siyasətinin priaritet istiqamətlərindən biri də regionların sosial-iqtisadi inkişafıdır. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı ölkə Prezidentinin sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində regionların inkişafına 24,2 milyard manat vəsait ayrılıb. Dövlət proqramlarının icra olunduğu 2004–2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artmışdır. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enmişdir. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaratmışdır. Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” əsasında regionların inkişafı üzrə tədbirlər davam etdirilir.
Son illər öz inkişafı ilə diqqət çəkən bölgələrimizdən biri də 2500 illik qədim və şanlı bir tarixə malik Qəbələ rayonudur. 107 min əhalisi olan Qəbələ rayonunun iqtisadiyyatında və sosial-mədəni həyatında nəzərəçarpacaq müvəffəqiyyətlər əldə edilmiş, iqtisadiyyatın bütün sahələrində istehsalın həcmi artmış, yeni təsərrüfat və sosial-mədəni obyektlər istifadəyə verilmiş, yeni iş yerləri açılmış, əhalinin sosial-iqtisadi vəziyyəti yaxşılaşmışdır. Rayonda 1 şəhər, 3 qəsəbə, 60 kənd yaşayış məntəqəsi var.

Qəbələdə sənaye və kənd təsərrüfatı

Son statistikaya əsasən, 2018-ci ildə Qəbələ rayonunda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 246,1 milyon manat, adambaşına həcmi isə 2307 manat təşkil edib. Məhsul və xidmətlərin 81,9 faizi istehsal sahələrinin, 18,1 faizi isə xidmət sahələrinin payına düşür. Məhsul və xidmətlərin 28.7 faizi tikinti-quraşdırma, 15.2 faizi ticarət və xidmətlər sahəsində, 25 faizi sənayedə, 28.9 faizi kənd təsərrüfatı və balıqcılıq təsərrüfatında, 1.6 faizi nəqliyyat və anbar təsərrüfatında, 0,6 faizi isə informasiya və rabitə xidmətləri sahəsində istehsal edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sənayedə 82.6 faiz, kənd təsərrüfatı və balıqçılıqda 3,3 faiz, ticarət və xidmət sahəsində 16,5 faiz, nəqliyyat və anbar təsərrüfatında 4,9 faiz, informasiya və rabitədə 7,3 faiz, tikintidə isə 13 faiz azalma müşahidə edilmişdir.
Qəbələ rayonunun iqtisadiyyatında taxılçılıq, meyvəçilik və heyvandarlıq aparıcı rol oynayır. Bununla yanaşı, təsərrüfatlarda bostan məhsulları, tərəvəz, üzüm və kartof da istehsal edilir. Rayonda 2018-ci ilin payızında 20100 hektar sahədə payızlıq və yazlıq taxıl əkilmişdir. Əkilmiş taxıl sahələrinə payız-qış dövrlərində yüksək keyfiyyətli aqrotexniki qulluq göstərilmişdir. 2018-ci il ərzində 64646,1 ton taxıl, 8215,2 ton kartof, 5508 ton tərəvəz, 17726,4 ton meyvə, 1533 ton qarğıdalı, 73 ton bostan, 2115 ton şəkər çuğunduru, 101 ton tütün və 2535,4 ton üzüm istehsal olunub. Heyvandarlıq məhsullarından 6265 ton diri çəkidə ət, 40472 ton süd,22956 min ədəd yumurta, 413 ton yun istehsal edilib. 2018-cü ilə nisbətən ət istehsalı 3 ton və ya 0,1 faiz, yun istehsalı 1 ton və ya 0.2 faiz, yumurta istehsalı 8822 min ədəd və ya 205 faiz, süd istehsalı isə 306 ton və ya 1 faiz artıb. Rayonun təsərrüfatlarında 45511 baş iri buynuzlu mal-qara, o cümlədən 22550 baş inək və camış, 189919 baş qoyun və keçi və 750 baş donuz saxlanılır.
Rayonun sənayesi əsasən meyvə şirələrinin istehsalı, qida məhsullarının istehsalı, elektrik enerıisi, qaz və buxarın istehsalı, bölüşdürülməsi və suyun yığılması və paylanması sahələri ilə təmsil olunmuşdur. 2018-cü ildə Qəbələ rayon sənayesində fəaliyyət göstərən müəssisələr tərəfindən 61548 min manatlıq və ya əvvəlki ilin müvafiq dövründən 82.6 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Ümumi məhsul istehsalında və xidmətlərin göstərilməsində özəl sektorun xüsusi çəkisi 76,0 faiz təşkil etmişdir. 2018-cü il ərzində Qəbələ rayonunda 46 milyon manatlıq qida məhsulları emal edilmişdir. Sənaye müəssisələrində çalışan 1397 nəfərin orta aylıq nominal əmək haqqı 336 manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 0.1 faiz çoxdur.

Yeni iş yerləri yaradılır

Regionların sosial-iqtisadi inkişafı həm də bölgələrdə qeyri-neft sektorunda sahibkarlığın, özəl sektorun tərəqqisi hesabına mümkündür. Belə ki, sahibkarlar rayonlarda sərmayə yatırmaqla istehsal və xidmət müəssisələri yaradır, yeni iş yerləri açır, məşğulluq, rəqabət qabiliyyətli məhsulların buraxılması, əhaliyə yüksək xidmətlərin göstərilməsi, dövlət büdcəsinə vergilərin ödənilməsi və s. bu kimi mühüm əhəmiyyət daşıyan məsələlərin həllini öz üzərinə götürür. Bu baxımdan Qəbələdə də mühüm işlər görülür, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən yerli sahibkarlara güzəştli kreditlər verilir, yeni iş yerləri yaradılır.
Qeyd edək ki, 2003-cü ilin oktyabrın 1-dən 2019-ci il yanvarın 1-nə dək rayonda 18642 yeni iş yeri açılmışdır ki, onun da 16843 daimi iş yerləridir. 2018-cı ildə rayon iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 355 manat təşkil etmiş və 2017-ci ilin həmin dövrünə nisbətən 22 faiz artmışdır. Yüksək orta aylıq əmək haqqı rayon iqtisadiyyatının elektrik enerjisi və qaz istismarında, rabitə, maliyyə vasitəçiliyində, dövlət idarəetməsi və müdafiə, məcburi sosial təminatda, təhsil sahəsində çalışan işçilərə məxsus olmuşdur.
Əlbəttə, işsizlik problemi də var. Qəbələ rayon Məşğulluq Mərkəzində 01 yanvar 2019-ci il tarixə 1530 nəfər işsiz vətandaş qeydiyyata alınmışdır. Qeydiyyata alınanlardan 239 nəfəri qadınlardır. Mərkəz tərəfindən işsiz kimi müraciət edən vətəndaşların öz arzusuna əsasən 541 nəfəri müxtəlif peşələr üzrə işə düzəldilmişdir. Onlardan 128 nəfəri qadındır. 2018-ci il vəziyyətinə Qəbələ rayonunda məşğul əhalinin sayı 50913 nəfər təşkil etmişdir. Məşğul əhalinin 12431 nəfəri muzdla işləyənlərdir. Muzdla işləyənlərin 7007 nəfəri, yaxud 56.3 faizi dövlət mülkiyyətində, 5424 nəfəri və ya 43.7 faizi isə özəl sektorda fəaliyyət göstərir. Məşğul əhalinin 75.5 faizi və ya 38482 nəfəri muzdsuz işləyənlərdir. Muzdsuz işləyənlərin 28053 nəfəri və yaxud 72.9 faizi kəndli təsərrüfatlarda, 22.8 faizi yaxud 8774 nəfəri fiziki şəxslər, 1655 nəfəri və ya 4.3 faizi isə digər sahələrdə çalışanlardır.

Qəbələ "KOB Dostu"

Qəbələdə sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirləri də davam etdirilir. Belə ki, 2019-cu il il fevralın 12-də Qəbələdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) "Kiçik və Orta Biznesin Dostu" ("KOB Dostu") fəaliyyətə başlayıb. Bu, Şəki-Zaqatala iqtisadi rayonu üzrə ilk "KOB Dostu"dur və Qəbələ rayonu ilə yanaşı, ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlara da xidmət göstərəcək. Qəbələ "KOB Dostu" ilə birlikdə hazırda agentliyin ölkənin 9 şəhər və rayonunda 12 "KOB Dostu" fəaliyyət göstərir. "KOB Dostu" fəaliyyət göstərdiyi regionlarda mikro, kiçik və orta biznes subyektləri ilə birbaşa ünsiyyətdə olur, onların inkişaf təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılması, yeni KOB subyektlərinin yaradılması və inkişafının bütün mərhələlərində, eləcə də sahibkarların hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərir. KOB dostları mütəmadi olaraq sahibkarlarla görüşlər keçirir və indiyədək 120-dən çox bu cür görüş təşkil olunub. Qəbələdə və ətraf rayonlarda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlar "KOB Dostu" ilə fəal əməkdaşlığa dəvət olunur. Burada sahibkarlara hərtərəfli xidmətlərin göstərilməsi üçün hər cür şərait yaradılıb, ofis lazımi avadanlıqlar və maarifləndirici materiallarla təchiz edilib. "KOB Dostu" ilə birgə ofisdə “KOB könüllüləri” də fəaliyyət göstərəcək.

Qəbələ regional “ASAN xidmət” mərkəzi

Rayonlarda əhaliyə göstərilən xidmətlərin də kefiyyəti yüksəlir, əhatə dairəsi genişlənir, bu sahədə müasir texnologiyalar tətbiq olunur. Bu işdə regional "ASAN Xidmət" mərkəzləri mühüm yer tutur. Qəbələdə regional "ASAN Xidmət" mərkəzi 2016-cı ildən fəaliyyət göstərir. Bu mərkəzin fəaliyyətinin əsas məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində yerli əhalinin razı salınması, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının tam aradan qaldırılması, müasir texnologiyaların, “bir qapı” prinsipinin tətbiq olunmasıdır. Əsas prinsipləri operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıq olan Qəbələ “ASAN xidmət” mərkəzi öz fəaliyyətini yüksək standartlar çərçivəsində quran və inkişaf etdirən dövlət orqanı qismində “vahid məkan” prinsipinə əsaslanır.
Bu ilin sonunadək Azərbaycanda daha 5 rayonda - Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndə "ASAN Xidmət" mərkəzi açılacaq. Beləliklə də mərkəzlərin sayı 20-yə çatacaq və ölkənin böyük hissəsini əhatə edəcək. Onu da nəzərə almaq lazımdır ki, "ASAN Xidmət"ə alternativ xidmətlər artıq ləğv olunub, tezliklə əksər dövlət orqanları öz xidmətlərini "ASAN Xidmət" vasitəsilə göstərəcək. Nəzərə almaq lazımdır ki, həmin xidmətlərə ölkənin bütün ərazisində olduğu kimi Qəbələdə də çox böyük təlabat var.
“ASAN xidmət” vətəndaşın hər hansı bir sənədi əldə etməsi üçün vaxt itkisini və bürokratik əngəlləri aradan qaldırır, sənəd üçün xərclərini və prosedurların sayını azaldır. Bunlar hamısı insanların rahatlığı üçündür. “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların razı salınması, şəffaflığın təmin edilməsi, müasir texnologiyaların, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasıdır. Yaxın gələcəkdə qeydiyyat ünvanından asılı olmayaraq şəxsiyyət vəsiqələrinin istənilən “ASAN xidmət” mərkəzindən alınması ilə bağlı məhdudiyyətin aradan qaldırılacağı gözlənilir. Bu halda başqa şəhərlərdə işləyən, təhsil alan, yaşayan vətəndaşlar üçün daha bir rahatlıq yaranacaq, bir yerdən başqa yerə getmək üçün vaxt itkisinin və əlavə xərclərin qarşısı alınmış olacaq.

Mahir Həmzəoğlu

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur

Bu xəbər oxundu
- - -