Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İrəvan xanlığının iqtisadiyyatı

15.03.19, 9:47
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

2-ci yazı

Bostançılıq İrəvan əhalisinin əsas kənd təsərrüfatı məşğuliyyəti sahələrindən biri idi. Burada müxtəlif növdə tərəvəz məhsulları yetişdirilirdi. Bostanlarda müxtəlif göyərtilər, soğan, çuğundur, lobya, xiyar, kələm, noxud, yer kökü, xardal, badımcan, qarğıdalı, qarpız, yemiş və s. tərəvəz bitkiləri əkilirdi. İrəvan qarpızı və yemişi daha məşhur idi. Qarpız qışda və yayda əkilirdi. Bu bostan bitkisinin xuni, ağabəy, qurbanağası, həsənbəy və digər növləri vardı. Yemiş isə dörd - şallax, dostucan, carcar və tutma növü ilə məşhur idi. Yerli əhali əkinçilikdə müxtəlif kənd təsərrüfatı alətlərindən istifadə edirdi. Mənbələrdə kənd təsərrüfatı alətləri haqqında ətraflı məlumat verilmişdi. İrəvan xanlığında torpaq kotan və xışla şumlanırdı. Şumlama əsasən, payızda və yazda həyata keçirilirdi. Kotan çox ağır olduğundan onunla torpağı şumlamaq çətinliklə başa gəlirdi. Bu işdə beş adamın iştirakı vacib idi. Dördü qoşqu heyvanlarını dartır, beşincisi isə kotanı idarə edirdi. Maraqlıdır ki, ağır kotanı dartmaq üçün on dörd cüt kəl və camış lazım gəlirdi. Xışla torpağı şumlamaq isə asan idi. Ondan yazlıq əkin zamanı istifadə edilirdi. Xışı bir və ya iki kəl dartırdı. Şumlanmış torpaq qollu budaqlı ağacla malalanırdı. Aran yerlərində isə malalamaq əsasən, səliqə ilə sarınmış çubuqlarla həyata keçirilirdi. Taxıl biçilərkən isə oraqdan istifadə edilirdi.
Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasınıda bildirilir ki, məhsul yığıldıqdan sonra onu xüsusi qayda ilə döyür və emal edirdilər. Belə ki, «xırmanda məhsulu açıb və dağıdaraq döymək üçün hazırlayırdılar. Aşağı hissəsinə böyük olmayan qırıq çay daşları yerləşdirilmiş ağır taxtaya (vəl-E.Q.) bir neçə cüt öküz bağlayırdılar. Sonra taxtanın üstünə uşaqları oturdurdular, onlar dairəvi öküzləri dərz üzrə o vaxta qədər qovurdular ki, nəhayət, iti daş dərzi samana çevirirdi. Sonra küləkli gündə samanı havaya atırdılar, külək yüngül, doğranmış samanı bir neçə addım kənara sovurur, bununla bərabər ağır olduğundan buğda toplu halında ayaq altına düşürdü».
İrəvan xanlığının kənd təsərrüfatında sünü suvarma sistemindən geniş istifadə edilirdi. Bol sulu çayların olması xanlıqda kənd təsərrüfatının inkişafına təsir göstərən əsas amillərdən biri idi. Dağlıq ərazilərdə əsasən, dəmiyə üsulundan istifadə edilsə də, aran yerlərində süni suvarma geniş yayılmışdı. İrəvanlıların əkin sahələrini suvarmaq üçün göstərdikləri əziyyətlərə toxunan İ.Şopen yazırdı: «Belə ki, təlabat hünər yaradırdı. Yerli əhali həm geodezi (yerin forma və ölçüsünü öyrənən elm-(E.Q.), həm də hidravlik (suyun müvazinət və hərəkəti şəraiti və qanunlarından və onların praktik tətbiqindən bəhs edən elm-E.T.) nəzəri məlumat olmadan, bəzən vaterpasın (səthin üfqi vəziyyətini yoxlamaq üçün cihaz-E.Q.), bəzən də gözəyarı çox çətinliklə, lakin sadə üsulla müvəffəqiyyətlə süni arxlar çəkirdilər».
İrəvan xanlığı Rusiya tərəfindən işğal edildikdən sonra burada həyata keçirilən kameral siyahıyaalınmada iri çaylardan ayrı-ayrı mahallara çəkilən müxtəlif arx və kanalların adları qeyd olunmuşdu. Siyahıyaalınmada Araz çayı İrəvan xanlığının kənd təsərrüfatının inkişafında böyük rol oynayan əsas su mənbəyi kimi göstərilir. İrəvanlılar Araz çayından Sürməli və Sərdarabad mahallarını başdan başa su ilə təmin edən onlarla arx çəkmişdilər. Bu arxların bəziləri birbaşa Arazdan, digərləri isə ondan çəkilmiş kanallardən götürülmüşdü. Qeyd etmək lazımdır ki, Araz sahilləri daşlı və hündür olduğundan arxların çəkilişi çətinliklə başa gəlirdi. Beləliklə, İrəvan xanlığında çaylardan çəkilən arx və kanallar bunlardır: Araz çayından Sürməli mahalına çəkilən arxlar belə adlanırdı: Qul-Yusif, Sərbaz arxı, Zülfüqar arxı, Evçilər arxı, Ağ arx, Məmiş gön arxı, Molla Məhəmməd arxı, Yayçı arxı, Əli Qəmərli arxı, Xan xəbər arxı, Xəlfəli arxı, İğdır arxı, Anac arxı, Qızıl arx, Daş arxı, Bəhərli arxı, Arhacı arxı, Dilənçi arxı, Ağ çalı arxı. Bu arxlar içində ən böyüyü Qul Yusif arxı idi.
Sərdarabad mahalına çəkilən arxlar isə bunlardır: Zor arxı, Molla Bəyazid arxı, Şitli arxı, Mənzərə arxı, Çaş arxı, Kərim arxı. Araz çayı həmçinin Saatlı mahalının Söyüdlü, Hüseynkənd və Çıraxlı kəndlərini də su ilə təchiz edirdi.
Qərbi Arpa çayı isə Saatlı mahalının kəndlərini su ilə təchiz edirdi. Onun Araz çayına töküldüyü mənsəbindən üç arx çəkilmişdi. Onlardan Hacı Bayramlı və Ərmən arxı bir qədər böyük idi. Hacıçaydan çəkilən suvarma arxları Dərəkənd-Parçenis mahalını suvarırdı. Bu çaydan Parçeniyə çəkilən arxlar Yal arxı, Əkərək arxı, Yüzbaşı arxı, Dərə arxı, Kyəqin arxı adlanırdı.
Bundan əlavə bu mahalı süni göl olan Abbasgöldən çəkilmiş Gödək arxı da suvarırdı. Dərəkəndə isə Pirli çayından Kobak, Pyütkan arxları çəkilmişdi. Şimali Qarasu çayından çəkilən Üç-Türkmənli, Qarxun və Şərifabad arxları Sərdarabad mahalını su ilə təchiz edirdi. Körpü çayından çəkilən arxlar eyni adlı mahalı suvarırdı. Bunlardan ən böyüyü Əştərək, Uşaqan, Xatun və Kəmərli arxları idi. Əştərək və Uşaqan arxlarından Zeyvə arxı, Şah arxı, İnci arxı və Kalderun adlanan əlavə qollar ayrılırdı. Abaran mahalını Qartan çayından çəkilmiş arxlar suvarırdı. Seyidli mahalını Anberd (?) çayından çəkilən arxlar su ilə təmin edirdi. Onlar bunlardır:
Ayarlı arxı, Aramlı arxı, Pirağa arxı, Avanlı arxı, Koytul arxı və Qaracalar arxı. Parpi çayından Ayarlı və Uşaqan arxları çəkilmişdi. Zəngi çayı isə İrəvan şəhərini, Zəngibasar və Qırxbulaq mahallarını su ilə təmin edirdi. Bu çayın sahili daşlı kəsəkli olduğundan suvarma arxlarının çəkilməsi çətinliklə başa gəlirdi. Buna baxmayaraq, Zəngi çayından bir neçə arx çəkilmişdi. Birinci arx İrəvan şəhərindən 8 verst aralıdan axaraq onun Qızılqala bağlarını suvarırdı. İkinci Dəlmə arxı İrəvan şəhəri yaxınlığında olan Dərəbağ qəsəbəsinin əks istiqamətində, çayın sağ sahilindən götürülmüşdü. O, yeraltı yolla axaraq böyük bulaq formasında çıxırdı. Bu arxla Dəlmə bağları, Yeniköy bağları və Eçmiədzin kilsəsinə məxsus torpaqlar suvarılırdı. Üçüncü Abuhəyat arxı xeyli şəhər bağlarını suvararaq Qırxbulaq çayına tökülürdü. Dördüncü Mamırlı arxı isə bütün «Təpəbaşı» məhəlləsini, «Şəhər» məhəlləsində olan bağların bir hissəsini və İrəvan qalasının bir hissəsini su ilə təchiz edirdi. Bundan əlavə bu çaydan götürülən arxlar Zəngibasar mahalının kənd təsərrüfatının inkişafında da böyük rol oynamışdı. Bu mahalı suvaran arxlar bunlardır: Noraqovit, Uluxanlı, Həsənavar, Yeniköy, Orta və Şirabad. Zəngi çayından Qırxbulaq mahalını suvaran arxlar da çəilmişdi.
İrəvan şəhərinin su ilə təchiz edilməsində Qırxbulaq çayının da öz yeri vardı. Bu çaydan Dəlik daş, Dərə, Şahab, Kanakir, Paşalıq, Ağakavar və Çolmakçi arxları çəkilmişdi. Paşalıq və Ağakavar arxları İrəvanın «Şəhər», və «Dəmirbulaq məhəllələrində yerləşən əkin sahələrini, Çolmakçi arxı isə şəhərə bitişik Çolmakçi kəndinin bağ və əkin sahələrini suvarırdı. Gərni çayı Gərnibasar mahalının bütün kəndlərini suvarırdı. Hər bir kəndin öz arxı vardı. Vediçay Vedibasar mahalını su ilə təmin edirdi. Məlumata görə, İrəvanın son sərdarı Hüseynqulu xan xanlığın süni suvarma sisteminin inkişafında əvəzsiz xidməti olmuşdu. Xüsusilə, İrəvan şəhərində təkmilləşdirilmiş su kəmərlərinin və ayrı-ayrı məhəllələrə arxların çəkilməsi onun adı ilə bağlı idi.
E.Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında daha sonra bildirilir ki, Azərbaycanın digər xanlıqlarında olduğu kimi, İrəvan xanlığında da sudan istifadədən dövlət nəzarəti sistemi yaradılmışdı. Əhali arasında suyun bölüşdürülməsinə xan tərəfindən təyin olunmuş mirab rəhbərlik edirdi. Fars dilində mirab iki sözdən – “mir” – “idarə etmək”, “ab”-“su” deməkdir. Bu vəzifəyə hər hansı bir şəxs təyin oluna bilərdi. O, bütün mahalların suvarma təsərrüfatının başçısı idi. Mirablar müxtəlif kəndlər arasında həm xüsusi, həm də ümumi arx və kanallardan istifadə qaydalarını müəyyən edir və bu qaydaların pozulmasına imkan vermirdi. Eyni zamanda onlar arx və kanalların işlək qaydada olmasının qayğısına qalırdılar. Sudan istifadə qaydasına görə bir sıra kəndlər arasında baş verən mübahisələr, su növbəsinin pozulması və özbaşnalıq kimi məsələləri mirablar həll edirdi.
Miraba kəndlərdə su sisteminə rəhbərlik edən cuvarlar tabe idi. Cuvarlar bir növ suvarma sistemində polis vəzifəsini yerinə yetirirdilər. Mirab kimi cuvar da sərdar tərəfindən təyin olunurdu. Bu vəzifə bir illiyə təsdiq olunurdu. Əhali hər il sudan istifadəyə görə vergi verirdi. Digər sahələrdə olduğu kimi suvarma sistemində də rüşvətxorluq və özbaşnalıq geniş yayılmışdı. Mirab və cuvarların günahı üzündən su üstündə əhali arasında tez-tez mübahisələr olurdu. Daha çox rüşvət verənlər sudan bol istifadə edirdilər. Varlı bağ və mülk sahibləri suya nəzarət edənləri rüşvətlə ələ almışdılar. Məhz onların günahı üzündən sadə xalq su çatışmamazlığından daimi əziyyət çəkirdi.
İrəvan xanlığının kənd təsərrüfatında maldarlığın əvəzolunmaz yeri vardı. Geniş otlaq sahələrinin olması burada maldarlığın inkişafı üçün əlverişli şərait yaratmışdı. Maldarlıq üçün Qırxbulaq, Göyçə, Abaran, Dərəçiçək, Gərnibasar, Vedibasar, Talın, Sürməli, Dərəkənd-Parçenis mahallarında əlverişli otlaqlar yerləşirdi. Maldarlar daha çox xırda və iribuynuzlu mal-qara saxlayırdı. İrəvan xanlığında maldarlıq ev şəraitində saxlanılan, köçmə və köçəri olmaqla üç qrupa bölünürdü.
Bütün əhali ev şəraitində mal-qara saxlayırdı. Hər bir ailənin qoyunu, inəyi və s. ev heyvanları var idi. Köçmə maldarlıqda isə vəziyyət bir qədər başqa cür idi. Bu sahə ilə məşğul olanların bir hissəsi yaylaq-qışlaq həyatı keçirir, digər hissəsi isə kəndlərdə qalaraq əkinçiliklə məşğul olurdular. Köçmə maldarlıq ilə əsasən, azəri türkləri məşğul olurdu. Köçəri maldarlıqla məşğul olanların isə daimi yaşayış yerləri yox idi. Onlar yaylaq-qışlaq həyatı keçirir və alaçıqlarda yaşayırdılar. Bu sahə ilə kürdlər məşğul olurdu.

Elçin Qaliboğlu

Bu xəbər oxundu
- - -