Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Muğam Mərkəzində Novruz seminarı

15.03.19, 13:24
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Martın 15-də Beynəlxalq Muğam Mərkəzində “Novruz ənənələri milli-mənəvi dəyərlərin təcəssümü kimi” mövzusunda elmi seminar keçirilib.
Seminarda sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Rəhimbəyli çıxış edərək Novruz bayramının tarixi əhəmiyyətindən söz açıb.
Bildirib ki, tarixi çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Novruz əsrlərin dərinliyindən gəlib bizim günlərə çıxmış ən gözəl bayramlardan biridir. Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan bu bayram insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərilməsi kimi sağlam bir təməl yaradıb.
Vurğulanıb ki, Birinci vitse- prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində 2009-cu ildə Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməklə Azərbaycan mədəniyyətinin tarixinə daha bir parlaq səhifə yazılıb.
Qeyd edilib ki, 2010-cu il fevralın 23-də BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında 21 mart-Beynəlxalq Novruz Günü elan edilib.
Xalq yaradıcılığının öyrənilməsi sahəsində Beynəlxalq Muğam Mərkəzinin keçirdiyi tədbirlərdən biri kimi bugünkü seminarın mühüm əhəmiyyət kəsb etdiyini deyən natiq, bildirib ki, seminarda təqdim edilən elmi məruzələr Novruzun öyrənilməsində elmi mənbə kimi çıxış edə və gələcək tədqiqatlar üçün yeni perspektivlər aça bilər.
Seminarda filologiya üzrə elmlər doktoru, professor Seyfəddin Rzasoyun “Novruz ənənələri milli-mənəvi dəyərlərin sistemi kimi”, filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədlinin “Novruz çərşənbələrinin ritual mahiyyəti və fəlsəfəsi”, filologiya üzrə elmlər doktoru, professor Füzuli Bayatın “Novruz türk dünyasında”, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Elnarə Dadaşovanın “Azərbaycan bəstəkarların yaradıcılıqlarında bahar mövzusu”, filologiya üzrə elmlər doktoru Nizami Muradoğlunun “Azərbaycan klassik ədəbiyyatımızda Novruz” və sənətşünaslıq üzrə fəlsəfə doktoru Bənövşə Rzayevanın “Musiqi folklorunda Novruz” adlı məruzələri dinlənilib.

Bu xəbər oxundu
- - -