Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Gənc ifaçıların musiqi müsabiqəsi keçiriləcək

15.03.19, 13:25
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Aprelin 2-dən 8-dək Bakı şəhərində MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (МФГС), Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin birgə təşkilati dəstəyi ilə Gənc ifaçıların «WORLD HARMONY» Beynəlxalq Klassik və folklor musiqisi müsabiqəsi keçiriləcək.
Müsabiqənin təşkilat komitəsi artıq öz işinə başlayıb, sənədlərin qəbulu və müsabiqənin təşkili məsələləri ilə bağlı iş aparılır.
«WORLD HARMONY» Beynəlxalq musiqi müsabiqəsi instrumental solo – fortepiano, simli alətlər, nəfəs və zərb alətləri, xalq çalği alətləri, vokal - akademik, milli, estrada), rəqs və instrumental ansambllar (klassik və milli), vokal ansambllar (akademik, milli və estrada), xor və rəqs kollektivləri nominasiyaları üzrə təşkil ediləcək. Yarışmada müxtəlif yaş qrupları üzrə respublikamızın və dünyanın müxtəlif ölkələrindən (Belarus, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Rusiya, Ukrayna) təqribən 300 nəfərə yaxın ifaçı və bir çox musiqi kollektivlərinin iştirakı gözlənilir.
Müsabiqənin münsiflər heyəti Azərbaycan da daxil olmaqla, Belarus, Fransa, Gürcüstan, İsrail, Qazaxıstan, Litva, Macarıstan, Rusiya və Ukrayna kimi ölkələrdən dəvət olunmuş görkəmli mütəxəssislərdən ibarətdir. Müsabiqə ərəfəsində dünyaşöhrətli peşəkar musiqiçilər tərəfindən fortepiano, vokal, simli, nəfəs alətləri ixtisasları üzrə ustad dərsləri təşkil olunacaq.
Aprel ayının 4-də Müslüm Maqomayev adına Azərbaycan Akademik Dövlət Filarmoniyasında Sankt-Peterburq Musiqi Liseyinin Ümumrusiya və Beynəlxalq müsabiqə laureatları olan müəllim və şagirdlərinin iştirakı ilə konsert və aprel ayının 7-də müsabiqə qaliblərinin möhtəşəm qala-konserti, mükafatlandırma mərasimi keçiriləcək, fərqlənən iştirakçılara hədiyyələr və mükafatlar təqdim olunacaq.

Bu xəbər oxundu
- - -