Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Dövriyyəyə yenilənmiş 10 manatlıq pul nişanı buraxıldı

18.03.19, 11:54
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan Respublikası Mərkəzi Bankı yenilənmiş 10 manatlıq pul nişanı dövriyyəyə buraxır. Bankdan bildirilib ki, yenilənmiş 10 manatlıq pul nişanı martın 18-dən tədavülə buraxılır. Bu pul nişanı hazırda tədavüldə olan 10 manatlıq pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq və hər iki pul nişanı tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.
Mərkəzi Bank tərəfindən dizayn mövzusu “Azərbaycan tarixinə” həsr olunmuş 10 manatlıq pul nişanının təkmilləşdirilməsi və mühafizə elementlərinin müasirləşdirilərək daha yüksək standartlara uyğulaşdırılması həyata keçirilib. Yenilənmiş 10 manatlıq pul nişanında əsas dizayn elementləri (İçərişəhərin və Qız qalasının sxematik təsviri, Azərbaycanın xəritəsi və Avropaya inteqrasiya, bir sıra milli xalça naxışları) saxlanılıb. Mühafizə sistemlərinə gəldikdə isə, mövcud 10 manatlıqdan fərqli olaraq yeni pul nişanında su nişanı kimi Azərbaycanın Dövlət Gerbi təsvir olunub.
Pul nişanının ön tərəfində Qız qalasının təsvirini, hərəkət edən dalğaları və rəngi dəyişən nominalı əks etdirən 3D effektli yeni holoqram (LEAD) yerləşir. Holoqramın müxtəlif hissələrində rəngi dəyişən mini-mətnlər və nominalın rəqəmləri görünür. Eyni zamanda, banknotun ön tərəfində İçərişəhərin qala divarlarını əks etdirən, rəngi yaşıldan göyə dəyişən, 3D hərəkət və dinamik işıq effektləri saçan möcüzəli boya (SPARK LİVE®) yerləşir. Pul nişanının kənarlarında isə görmə qüsuru olan insanlar üçün qabarıq xətlərdən ibarət tanınma elementi əks olunur.
Pul nişanının arxa tərəfində isə üzərində işıqda görünən “10” rəqəmi və “AMB” yazısı olan pəncərə tipli, rəngi yaşıldan göyə dəyişən yeni mühafizə sapı (Rolling Star®) yerləşir. Eyni zamanda, üzərində “10 AZN” yazıları olan sayrışan bənövşəyi və qızılı rəngli zolaqlar əks etdirilib.
Qeyd edək ki, Mərkəzi Bank tərəfindən 2006-cı il yanvarın 1-də denominasiya tədbirləri çərçivəsində tədavülə yeni nəsil pul nişanları buraxılıb. Tədavülə buraxılmasından 13 il keçməsinə baxmayaraq bu pul nişanları öz estetik görünüşünə, konseptual mövzusuna, müasirliyinə və mühafizə sistemlərinə görə aktuallığını hələ də qoruyur. Bununla yanaşı, hazırda dünyada pul nişanlarının yaradılması və istehsalı sahəsində bir çox yeniliklər baş verir, pulların dizaynının və mühafizə sistemlərinin təkmilləşdirilməsi istiqamətində yeni innovasiyalar, nano və mikro texnologiyalar geniş tətbiq olunur. Dünyanın aparıcı mərkəzi bankları kimi Azərbaycan Mərkəzi Bankı da bu çağırışlardan irəli gələrək dünya təcrübəsində mövcud olan ən son texnologiyalar və innovasiyaları nəzərə almaqla pul nişanlarımızın dizaynının və xüsusilə mühafizə sistemlərinin təkmilləşdirilməsini daim diqqət mərkəzində saxlayır. Bu istiqamətdə ölkə iqtisadiyyatının dinamik inkişafını, dövriyyədə olan nağd pulun strukturunda baş verən dəyişiklikləri nəzərə alaraq, eləcə də nağd pul sferasında səmərəliliyin yüksəldilməsinin təmin edilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankı tərəfindən 2018-ci il mayın 24-də tədavülə 200 manatlıq pul nişanı buraxılıb.

Bu xəbər oxundu
- - -