Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycan elmi müasir dövrdə” mövzusunda seminar

19.03.19, 11:56
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) təşkilatçılığı ilə “Elm günü”nə həsr olunan "Azərbaycan elmi müasir dövrdə" mövzusunda elmi seminar keçirilib. İnstitutdan bildirilib ki, tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq Azərbaycan elminin tarixi ənənələri və bugünkü inkişaf dövrü barədə danışıb. O, Azərbaycanın ali elmi qurumu olan AMEA-nın Mirəsədulla Mirqasımovun dövründə möhkəm təməllərinin yaradıldığını, Yusif Məmmədəliyevin zamanında nüfuzlu quruma çevrildiyini, Həsən Abdullayevin dövründə isə özünün qızıl dövrünü yaşadığını söyləyib. İ.Həbibbəyli bu gün akademik Akif Əlizadənin rəhbərliyi ilə akademiyada mühüm islahatların aparıldığını, dünyanın 50-dən çox ölkəsi ilə elmi əməkdaşlıq müqaviləsinin imzalandığını söyləyib.
Alim ölkəmizdə daima elmə böyük diqqət göstərildiyini, Prezident İlham Əliyevin respublikada “Elm günü”nün təsis edilməsi haqqında 2018-ci il 9 aprel tarixli Sərəncamının bunun bariz nümunəsi olduğunu vurğulayıb. Sonra ETİ-nin direktoru, tarix üzrə elmlər doktoru, dosent Məryəm Seyidbəyli "Elm tarixinin təşəkkülü və təşkilatlanma prosesi" mövzusunda təqdimatla çıxış edib. Alim qeyd edib ki, multidissiplinar sahə olan elm tarixinin əsası XVI əsrdə ingilis filosofu, tarixçi, yazıçı Frensis Bekon tərəfindən qoyulub. Sonralar belçikalı alim Corc Sorton, amerikalı tarixçi Merton Colter, rusiyalı alim Vladimir Vernadski və digərləri tərəfindən bu elm sahəsi təkmilləşdirilib. O, Azərbaycanda elm tarixinin təşkilatlanma prosesinin XX əsrin 60-cı illərində təbiətşünaslıq və texnika tarixi elmi şurasının yaradılması ilə başladığını söyləyib.
Müasir dövrdə dünyada elmlərin inteqrasiyasını qeyd edən Məryəm Seyidbəyli biofizika, biokimya, molekulyar biologiya, molekulyar biofizika kimi yeni elm sahələrinin yarandığını diqqətə çatdırıb. Bundan əlavə, hazırda dünyada 140-dan çox elm tarixi kafedrasının və 5 Elm Tarixi İnstitutunun fəaliyyət göstərdiyini bildirib. Seminarda tarix üzrə fəlsəfə doktoru Ziyad Əmrahovun “Azərbaycanda elm və təhsilin inkişafında Bakı Dövlət Universitetinin rolu”, Dilara Vahabovanın “1960-cı illərdə Azərbaycanda tarix və metodologiya elminin əsas məsələləri”, dosent Ələddin Məlikovun “Epistemologiyanın müxtəlif elmlərin təşəkkülündəki rolu” və Solmaz Namazovanın “Nizami Gəncəvinin əsərlərində tibb elmi” mövzusunda məruzəsi dinlənilib.

Bu xəbər oxundu
- - -