Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

21 ilin həsrətlisi...

12.08.14, 12:58
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Arzu Şirinova

20 ildir avqust ayının 31-i tarixi - Qubadlının işğal günü eyni ünvana baş çəkirəm, Səmayə nənəyə. Bu il isə bu tarixi ertələdim. Səmaya nənə məni özü çağırtdırdı. Bəlli gündə gələcəyimi söyləsəm də, əl çəkmədi ki, tez gedim. Məni tez-tələsik çağırmağının səbəbini təxminən bildim, ancaq telefonda müzakirə açmadım. Dediyi vaxtda qapısını döydüm. Nəvəsi açdı. Özü divanda oturub yolumu gözləyirdi...
...Uzaq qohumum olan Səmayə nənənin rayonda çox hörmətini görmüşəm. Əllərilə bişirdiyi ləziz yeməklərə hər dəfə məni qonaq edən Səmayə nənə həm də qəlb sirdaşım olub. Bütün mənalarda özümə yaxın bildiyim bu nənənin yaralı yeri Qubadlının işğal tarixidir. Həmin tarixdə doğma bildiklərinin hamısını ətrafında görmək istəyir. Sanki bununla ağrısını dindirir, təskinlik tapır, ümidi artır ki, bəlkə yaşadığı müddətdə torpaqlar geri alına bilər. Elə buna görə də həmin tarixdə Səmayə nənəyə baş çəkirəm...
...Bu 20 ildə ondan eyni sualı eşidirəm, "bala torpaqların alınmağından nə xəbər?" Elə zənn edir ki, jurnalist olduğum üçün hər şeyin yaxşısını bilirəm. Hətta lap dərinliyinə kimi. Bu 20 ildə də eyni cavabı verəsi oluram- hələ heç bir xəbər yoxdur, ancaq deyirlər yaxşı olacaq. Və söhbətimiz davam edir. Yenə xəyalımızda o yerlərə dönürük, o yerlərin torpağından, suyundan, havasından danışarıq. Olmuş hadisələri bir daha xatırlayıb gah kövrələr, gah da gülərik...
...Səmayə nənənin 96 yaşı olar. Beli bükülüb, özü demiş ayaqları sözünə baxmır. Ancaq yaddaşına söz ola bilməz. Neçənci ildə harda nə baş verdiyini çox gözəl bilir. Çox ali təhsillilərdən mütaliəlidi. Həmişə deyir ki, həyat yoldaşı oxumuş olduğu üçün o da kitaba meylini salıb. Özü ali təhsil almasa da, uşaqlarının hər biri ali təhsilli mütəxəssizlərdi. Deyir ki, dünyanın ən xoşbəxt anasıdır. Ancaq onu da deyir ki, dünyanın bədbəxt insanlarından biri də odur. Çünki elindən-obasından, yurdundan-yuvasındam məcburən köçürülüb...
...Bu dəfə Səmayə nənə eyni sualı vermədi. Ancaq verəcəyi sualına doğru cavab gözlədiyini də üz-gözündən hiss etdirdi.
- Deyilənlər doğrudur?
- Hansını deyirsən?
- Özün yaxşı bilirsən. Ağdamın iki kəndinin bizimkilərin almağını deyirəm.
- Yox, düz çıxmadı.
- Nəvəm həmin gün internetdən cəbhədə baş verənləri mənə oxudu. Az qala ürəyim dayanacaqdı. Şəhidlərimizin hər birinə bayatı qoşub ağladım. Nə gizlədim, bir tərəfdən də sevinirdim ki, itki versək də əsgərlərimiz torpaqlarımızı almağa başlayıb.
...Artıq 21 il olacaq ki, bu xəbəri-ordumuz torpaqlarımızı işğaldan azad etməyə başlayıb-gözləyən Səmayə nənəyə bütün baş verənləri necə anladacağımı bilmirdim. Necə deyim ki, bəzi jurnalistlər yalan informasiya yaymaqla sənin kimilərin hesiyyatı ilə oynayıb. Necə deyim ki, bəzi jurnalistlər bir qədər də qabağa gedərək yalanlar üzərində həqiqət qurmağa alışdırmaq istəyirlər bu cəmiyyəti. Məhz onların yalanlarının nəticəsidir ki, sabah həqiqət olacaq nəyəsə artıq inam qalmayıb...
Mənim bütün düşündüklərimi və deyə bilmədiklərimi Səmaya nənəyə anlatmağa ehtiyac qalmadı. Özü o sayaq jurnalistləri necə lazımdı "tənbeh" elədi və ənənəvi olaraq yenə də Qubadlının o günlərindən danışdıq. Həmin günlərdən ki, Səmaya nənənin uşaqlığı, gəncliyi, cavanlığı və yaşlı dövrü boylanır. Və bu boylanan illər 21 ildir həsrət çəkir...

Bu xəbər oxundu
- - -