Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azərbaycanda ömür uzunluğu artıb

28.10.14, 12:58
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Səlim Müslümov: “1994-cü ildən sonra ötən dövrdə Azərbaycan əhalisinin sayı 26 faiz artaraq 9,5 milyona çatıb”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) BMT-nin Əhali Fondunun nümayəndələri ilə görüş olub. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “Trend”ə verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanın əldə etdiyi mühüm tarixi uğurları diqqətə çatdırıb.
1994-cü ildən etibarən ƏƏSMN ilə BMT-nin Əhali Fondu arasında fəal əməkdaşlıq həyata keçirildiyini qeyd edən nazir bildirib ki, həmin il Qahirədə qəbul edilmiş “Əhali və İnkişaf” üzrə Fəaliyyət Proqramının prinsiplərinin ölkənin ümumən inkişaf strategiyasında nəzərə alınması üçün müvafiq tədbirlər həyata keçirilib: “1999-cu ildə Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq Azərbaycanda “Demoqrafik İnkişaf Konsepsiyası” və 2004-cü ildə “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” qəbul olunub. Hər iki sənəddə, habelə 2014-2025-ci illəri əhatə edən növbəti "Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı" layihəsində həmin Fəaliyyət Proqramının prinsipləri nəzərə alınıb. Yeni dövlət proqramının əsas məqsədi ölkəmizin demoqrafik sahədə növbəti on il üçün inkişaf istiqamətlərini müəyyən etməkdir”.
S.Müslümov Azərbaycanda sosial-iqtisadi tərəqqi proseslərində insan amilinin ön planda dayandığını, sosial rifah halının mütəmadi yüksəldiyini, yoxsulluq səviyyəsinin kəskin şəkildə azalaraq 5,3 faizə, işsizliyin 5 faizə endiyini qeyd edərək, bunun nəticə etibarilə demoqrafik vəziyyətə müsbət təsir göstərdiyini, respublika əhalisinin sayında sabit artım dinamikasının olduğunu bildirib: “1994-cü ildən sonra ötən dövrdə Azərbaycan əhalisinin sayı 26 faiz artaraq 9,5 milyona çatıb. Hazırda Azərbaycanda əhalinin illik artım tempi 1,3 faiz təşkil edir. Həmçinin körpə və uşaq ölümü halları 2,3 dəfə və 3,5 dəfə azalıb. Müsbət demoqrafik tendensiya doğulanda gözlənilən ömür uzunluğunun da 4,6 il artaraq 74,2 yaşa çatması ilə müşayiət olunub”.
Nazir dövlət başçısının tapşırığına əsasən, ölkənin demoqrafik inkişaf prosesi, əhalinin sabit artım tempi nəzərə alınmaqla ölkədə uzunmüddətli məşğulluq strategiyasının hazırlanmasına başlandığını vurğulayıb: “Azərbaycanın “Əhali və İnkişaf” üzrə Beynəlxalq Konfransda qəbul edilmiş Fəaliyyət Proqramının icrası sahəsində qazandığı uğurlar nəzərə alınaraq, 2015-ci ildə ölkəmizdə “2015-ci ildən sonrakı dövrdə əhali və davamlı inkişaf” və ya “Əhali və İnkişaf” üzrə Beynəlxalq konfransda qəbul edilmiş Fəaliyyət Proqramı və Minilliyin İnkişaf Məqsədlərinin həyata keçirilməsi nəticəsində əldə olunmuş nailiyyətlər: regional baxış” mövzusunda beynəlxalq regional konfrans təşkil oluna bilər”.
BMT-nin Əhali Fondunun icraçı direktorunun müavini xanım Anna Birgit Albrektsen Azərbaycanda sosial-iqtisadi inkişafın mühüm uğurlarından biri kimi, demoqrafik proseslərin müsbət yöndə getməsinin, habelə ölkəmizin BMT-nin Əhali Fondu ilə davamlı və səmərəli əməkdaşlığının təqdirəlayiq olduğunu qeyd edib. O, ölkəmizin gələcək dövrdə demoqrafiya sahəsində strateji hədəflərinə nail olunmasında BMT Əhali Fondu tərəfindən əməkdaşlıq müstəvisində bütün mümkün dəstəyin veriləcəyini bildirib, gələn il Azərbaycanda əhali və davamlı inkişaf məsələlərinə dair beynəlxalq konfransın keçirilməsi təklifini müsbət dəyərləndirib.
Görüşdə əhali sakinliyi və demoqrafik sahədə əməkdaşlıqla bağlı qarşıda duran məsələlər müzakirə olunub.

Bu xəbər oxundu
- - -