Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İslahatlar aparılarsa...

13.03.14, 13:06
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Arzu Şirinova

Bu yazımda heç də kiminsə tərəfindən çıxış etmək fikrim yoxdur. Sadəcə dünyada və ölkəmizdə müşahidə elədiklərimdən yazacağam. Ərəb ölkələrində, eləcə də Ukraynada, bir-birinin ardınca baş verən inqilablar və bu inqilablardan sonra yaşanan faciələr, sıxıntılar, dağıntılar, hələ də səngiməyən silahlı toqquşmalar hər birimizin yaxından izlədiyi gündəlik hadisələrdir. Gəlin etiraf edək ki, bu sayaq hadisələri izlədikcə ürəyimizdən bunlar keçir:"Allah bizdən iraq eləsin". Ərəb ölkələri rəhbərlərinin dövlətlərini idarə edə bilməmələrindən və yaxud super dövlətlərin apardıqları siyasətdənmi, yoxsa nədənsə bu ölkələrdə şəhərlər dağıdıldı, on minlərcə insanlar qətlə yetirildi, yüz minlərcə insanlar yaralandı, əlil oldu. Belə qırğınlar indi də davam edir. Qırğınlara son veriləndə isə dağıdılmış ölkələrin ayaqda durması üçün neçə illər lazım olduğu da kimsəyə sirr deyil.
Ancaq maraqlı burasındadır ki, bizim ölkədə də bu cür inqilabların baş verə biləcəyi xülyası ilə yaşayanlar var. Onların kimliyi hər birimizə bəllidir. Və bu kəslərin ruporuna çevrilən mətbuat orqanlarında hər gün demək olar ki, bu və digər mənada dağıdıcı inqilaba çağırışlar səslənir. Hansısa bir avropalının, qərblinin və yaxud daha kiminsə bu sırada hansısa bir ifadəsi pəh-pəhlə qəzet səhifələrində yer alır. Sanki uğurlu bir yolun təbliğiylə məşğuldurlar...
Xatırlayırsınızsa, iki il bundan öncə Bakıda Avronest Parlament Assambleyasının iclasları keçirildi. Milli Məclisdə baş tutan növbəti iclasdan əvvəl Avronest Parlament Assambleyasının prezidenti bolqarıstanlı teputat Vigenin Kristian Bakını inqilab üçün gözəl məkan adlandırdı. Sədarət kürsüsündə ətrafına çoxsaylı insanların yığışdığını görən Vigenin Kristian bunları bildirdi:"Burda nə baş verir? Deyəsən, burada inqilab olacaq. Buradakı vəziyyət dünyada hamıya aydındır".
Avronest PA prezidentinin ikibaşlı və ironiya ilə dediyi ifadələri başlığa çıxaranlar bir qədər də ümidləndilər.
Belə ümid sahibləri bu gün də Ukraynada baş verən son hadisələrdən ümidləniblər.
Qisas qarışıq bu ümidlərin puç olması üçün hakimiyyətin də nəhayət, islahatlar aparması şərtdir.
Elə ən birincisi, bir müddət əvvəl hər kəsin ürəyincə olan, ancaq sonra yenidən əvvəlki vəziyyətə doğru istiqamət alan korrupsiya və rüşvətin aradan qalxması (kökünün kəsilməsi demirəm, ona görə ki, bu mümkünsüzdür-A.Ş.) üçün kosmetik deyil, əməli tədbirlər həyata keçirilməlidir.
İkincisi, məmur özbaşınalığına son verilməlidir. Yerlərdə icra hakimiyyəti başçılarının özlərini şah, padşah kimi aparmasının qarşısı alınmalıdır.
Üçüncüsü, büdcədən maliyyələşən işçilərin-əsasən də müəllimlərin, həkimlərin-əməkhaqqıları hiss olunacaq səviyyədə artırılmalıdır.
Dördüncüsü, insanların sərbəst toplaşmaq hüquqlarına hörmətlə yanaşılmalı və bərpa olunmalıdır.
Beşincisi, proporsional seçki sistemi bərpa olunmalı, parlamentdə çoxluqda olan partiya hökumətin formalaşdırılmasını həyata keçirməlidir.
Əgər bunlar mərhələ-mərhələ həyata keçirilərsə Azərbaycanda və ölkədən kənarda inqilab həvəskarlarının həvəsləri gözlərində qalar. Elə isə...

Bu xəbər oxundu
- - -