Gəncədə milli mətbuatın 140 illiyinə həsr olunmuş konfrans keçirilib Hadisə

Gəncədə milli mətbuatın 140 illiyinə həsr olunmuş konfrans keçirilib

İyulun 1-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Azərbaycan Mətbuat Şurasının və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Azərbaycan milli mətbuatı - 140: inkişaf yolu və müasir dövrün çağırışları" mövzusunda regional konfrans keçirilib.
Milli mətbuatın yaranmasının 140-cı ildönümünə həsr olunmuş regional tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, ətraf rayonların icra hakimiyyətlərinin məsul əməkdaşları, yerli nəşrlərin, habelə ¬Bakıda fəaliyyət göstərən 30-dək qəzetin baş redaktorları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ehtiramla yad edərək, önünə gül dəstələri qoyublar.
Sonra milli mətbuatımızın yaranmasının 140 illiyi münasibətilə Gəncə şəhərində "Azərmətbuatyayımı" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat Evinin açılışı olub. Tədbir iştirakçıları binada yaradılan şəraitlə yaxından tanış olublar.
Daha sonra Heydər Əliyev Mərkəzində "Azərbaycan milli mətbuatı 140: inkişaf yolu və müasir dövrün çağırışları" mövzusunda konfrans öz işinə başlayıb. Tədbiri giriş sözü ilə açan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev mətbuat nümayəndələrini əlamətdar yubiley münasibətilə təbrik edib, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıb.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin mediaya göstərdiyi xüsusi diqqət və qayğıdan danışan Elmar Vəliyev bildirib ki, məhz ulu öndərin təşəbbüsü ilə ilk dəfə 2000-ci ildə milli mətbuatın yaranmasının 125-ci ildönümü təntənəli şəkildə qeyd edilib. Şəhər İcra Hakimiyyətinin başçısı bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin milli mətbuatın inkişafına zəruri dəsyək verdiyini vurğulayıb. Milli Mətbuatın 140 illik yubileyi ərəfəsində Gəncədə Mətbuat Evinin istifadəyə verilməsini mühüm hadisə kimi dəyərləndirən Elmar Vəliyev şəhər rəhbərliyi ilə media arasında sıx və məhsuldar əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə inamını ifadə edib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev çıxışında ölkəmizdə KİV nümayəndələrinə göstərilən dövlət qayğısından, son illər medianın inkişafı istiqamətində görülən işlərdən danışıb. Ərəstun Mehdiyev milli mətbuatın 5 ildən bir yubileylərinin keçirilməsini ölkə rəhbərliyinin jurnalistlərə böyük diqqəti kimi dəyərləndirib. Ölkəmizdə mətbuatın inkişafı üçün bütün lazımi addımların atıldığını deyən Prezident Administrasiyasının rəsmisi görülən işlər nəticəsində regionlarda da mətbuatın inkişaf etdiyini, peşəkar kadrların yetişdiyini vurğulayıb.
Xalqımızın milli şüurunun oyanmasında, milli birliyin formalaşmasında misilsiz xidmətlər göstərən "Əkinçi" qəzeti ilə təməli qoyulan Azərbaycan mətbuatının tarixindən, müstəqillik dövründə medianın inkişafı və demokratikləşməsi istiqamətində görülən işlərdən bəhs edən Ərəstun Mehdiyev bildirib ki, cəmi 56 nömrəsi çıxan "Əkinçi" dövrünün mütərəqqi ideyalarının, maarifçiliyin təbliğatçısı olub, ziyalıları azərbaycançılıq məfkurəsi ətrafında bir araya gətirib.
Prezident Administrasiyasının rəsmisi bu cür konfransların keçirilməsini və müzakirələrin aparılmasını milli mətbuatın inkişafı baxımından əhəmiyyətini xüsusi diqqətə çəkib. Ərəstun Mehdiyev ölkə mətbuatının bundan sonra da dövlətçilik maraqlarının müdafiəsi və antimilli qüvvələrə qarşı mübarizə sahəsində əzmkar mövqe tutacağına əminliyini ifadə edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli tədbir iştirakçılarını salamlayaraq media nümayəndələrini milli mətbuatın 140 illik yubileyi münasibətilə təbrik edib. Azərbaycan mətbuatının müstəqilliyin ilk illərində ciddi problemlərlə üzləşdiyini, müxtəlif təzyiqlərə məruz qaldığını xatırladan Fondun icraçı direktoru ümummilli lider Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıdışından KİV-lərin inkişafında yeni mərhələnin başlandığını bildirib. Vüqar Səfərli ümummilli liderin siyasi iradəsi ilə 1998-ci il avqustun 6-da KİV üzərində senzuranın ləğv edildiyini, sonrakı mərhələdə söz və mətbuat azadlıqlarının etibarlı təminatına xidmət edən mükəmməl qanunvericilik bazasının formalaşdırıldığını, qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borclarının dondurulduğunu, əlavə dəyər vergisinin ləğv edildiyini və digər mütərəqqi islahatları xüsusi qeyd edib.
Ümummilli lider Heydər Əliyevin medianın inkişafı sahəsində əsasını qoyduğu mütərəqqi siyasətin son 12 ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən V.Səfərli ötən dövrdə ölkə mətbuatının 135 və 140 illik yubileylərinin yüksək səviyyədə qeyd edildiyini, onlarla jurnalistə fəxri ad və medalların verildiyini, qəzetlərin "Azərbaycan" nəşriyatına olan borclarının dövlət büdcəsi hesabına silindiyini və digər faktları diqqətə çatdırıb.
Fondun icraçı direktoru həmçinin xatırladıb ki, mətbuatın cəmiyyət həyatındaki rolunu yüksək dəyərləndirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008 və 2009-cü illərdə imzaladığı müvafiq sərəncamlarla Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyası təsdiq edilib. Həmin Konsepsiyadan irəli gələn vəzifələrin gerçəşləşdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb.
İcraçı direktor Fondun ötən illərdə ölkə qəzetlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması və sosial vəziyyətlərinin yaxşılaşdırılması sahəsində həyata keçirdiyi çoxsaylı layihələr barədə də ətraflı məlumat verib. Vüqar Səfərli jurnalistlərə dövlət hesabına mənzillərin verilməsini dünyada analoqu olmayan müsbət təcrübə kimi dəyərləndirərək dövlətimizin başçısının bu diqqət və qayğısının mətbuat nümayəndələri tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
Mətbuat Şurasının sədri Əflatun Amaşov milli mətbuatın 140 illiyi münasibətilə ölkə jurnalistlərini təbrik edib, müstəqil Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısından danışıb. Natiq ötən illər ərzində Həsən bəy Zərdabi ideyalarını yaşadan və "Əkinçi" ənənələri ilə qidalanan Azərbaycan mətbuatının uzun və şərəfli bir yol keçərək hazırkı böyük inkişaf səviyyəsinə yüksəldiyini vurğulayıb. Əflatun Amaşov Azərbaycanın söz və mətbuat azadlığı sahəsində dünyanın aparıcı demokratik ölkələri ilə müqayisə edilə biləcək tərəqqiyə nail olduğunu xüsusi qeyd edib. Mətbuat Şurasının sədri respublikamızda mətbuatın sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələrinə geniş imkanların yaradıldığnı vurğulayıb.
"Ədalət" qəzetinin təsisçisi, Milli Məclisin deputatı Aqil Abbas Azərbaycan mətbuatının inkişafına, jurnalistlərə göstərilən dövlət qayğısından söz açıb. O, Azərbaycan Prezidentinin milli mətbuatımızın 140 illik yubileyinin qeyd edilməsi ilə bağlı Sərəncamı jurnalistikamızın daha da inkişafında mühüm rol oynayacağını bildirib. Milli Məclisin deputatı region mətbuatının paytaxt Bakıda daha geniş yayımının təşkili zəruriliyini qeyd edib.
Konfransda paytaxt və bölgələrdə fəaliyyət göstərən qəzet redaktorları və rayon icra hakimiyyəti başçıları aparatlarının nümayəndələri çıxış edərək region mətbuatının bugünkü durumundan, son dövrlərdə bu sahədəki inkişafdan, jurnalistlərə göstərilən dövlət qayğısından söz açıblar.
Tədbirə yekunlaşdıran Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev öldə mediasının qarşısında duran vəzifələrdən söz açıb, jurnalistləri bundan sonra da milli maraqların müdafiəsində layiqincə dayanmağa, dövlətçilik mənafeyindən çıxış etməyə çağırıb.