Qədim Şamaxı ilə bağlı soraqlar Avropada Hadisə

Qədim Şamaxı ilə bağlı  soraqlar Avropada

I yazı

Mahmud Ağa haqqında ilk dəfə geniş məlumatı görkəmli yazıçı-alim, xeyirxah ustadım Əzizə Cəfərzadənin söhbətlərindən eşitmişəm. Sonra ötən əsrin 70-ci illərində onun danışdıqlarının bir qismini yazıçının "Aləmdə səsim var mənim" romanından oxudum, öyrəndim ki, bu şəxş öz xeyirxahlığı, əliaçıqlığı, qonaqpərvərliyi, poeziyaya, musiqiyə, muğamlarımıza bağlılığı ilə XIX əsrdə təkcə Şamaxı, Şirvan mahalında deyil, bütün Qafqazda ad çıxarıb, hörmət-izzət sahibi olub.
İnstitutda oxuduğum illərdə sevimli müəllimim F.Qasımzadə bizə "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi" fənnini tədris edərkən Şamaxıdakı iki - Mahmud Ağanın musiqi və Seyid Əzim Şirvaninin "Beytüs-Səfa" məclisi barədə verdiyi məlumatlar məni bir daha cani-dildən Şamaxı ədəbi-musiqi mühitinə bağladı. Odur ki, bu mühiti əvvəl sevdim, sonra öyrəndim, daha sonra da dərindən araşdırmağa səy göstərdim.
F.Qasımzadə ilə ayrıca Şamaxı ədəbi mühiti, S.Ə.Şirvani, M.B.Nadimlə, B.Şirvani, M. Səfa, A.Səhhət və b. Şirvanilərin sağ olan doğmaları ilə bağlı çox söhbətimiz olurdu. O, Şamaxının keçmişindən, "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi" dərsliyinə, S.Ə.Şirvaniyə aid dərsliyinə salmadığı bəzi materiallardan, Şamaxı qocalarından eşitdiyi xatirələrdən, baməzə, maraqlı əhvalatlardan söz salardı. Tanınmış alim XIX əsrin II yarısında Şamaxı ədəbi mühitini öyrənmək üçün 1930-50-ci illərdə Şamaxıya etdiyi səfərlərdən, S.Ə.Şirvani, M.A.Bixud, Didə, M.Ə.Sabir, M.Hadi, A.Səhhətin əqrəbaları, dostları, həmyaşıdları ilə görüşlərindən ürəkdolusu danışardı. Şamaxıdakı ziyalı-müəllim tanışlarına mənim vasitəmlə salamlar da göndərirdi. Əhməd Veysov, Hacı Quliyev, Ələsgər Sadıqov, Əjdər Nemət oğlu, Xaliq Xaliqov, İsmayıl bəy Fitdağlı, böyük rəssam Uğurlu Adil oğlu, Baxış Əliyev, Fəxri, Əziz Seyidov, Ağalar Nuhov, Baba Əfəndiyev və başqalarına...
Bu illərdə dostum, filologiya elmləri doktoru Əhməd Cəfərzadədən də Mahmud Ağanın məclisi barədə bəzi məlumatları öyrəndim. Beləliklə, müəllimliyə başladığım ilk vaxtlardan Şamaxı ədəbi, pedaqoji, aşıq, muğam mühitini öyrənməyin təməlini qoydum. Bəxtim bir də onda gətirdi ki, aspiranturada oxuduğum illərdə elmi rəhbərim arxivlərimizə - XIX-XX əsr əlyazmalarına dərindən bələd olan, səriştəli, ciddi alim, professor Xeyrulla Məmmədov oldu. O, Şamaxı ədəbi mühitini uzun illər araşdıran, onun incəliklərinə dərindən bələd olan, bütün arxivləri mükəmməl bilən mütəxəssislərdən biri idi.
Bir sözlə, tanıdığım ziyalılar, tarixçilər və tədqiqatçılarla qurduğum ünsiyyət muğamsız bir gün yaşaya bilməyən Mahmud Ağa məclisi, o məclisin üzvləri, qonaqları ilə bağlı məlumatların əldə edilməsi, toplanması, öyrənilməsinin təməlini qoymaqda mənə uzun illər yardımçı oldular.
Bu illərdə "Beytüs-Səfa" məclisi üzvləri, haqqında da xeyli məlumat əldə edə bildim. Şamaxıda fəaliyyət göstərmiş hər iki məclisin üzvlərinin ötən əsrin 70-90-cı illərində bu şəhərdə yaşayan qohumları və tanışlarını axtardım, birlikdə keçmişi vərəqlədik. Əldə etdiyim materialların, xatirələrin zənginliyinə heyrətlənməmək mümkün deyildi...
Topladığım məlumatlar əsasında belə qərara gəldim ki, ilk əvvəl Mahmud Ağanın ən yaxın dostu, səsinin, avazının vurğunu görkəmli xanəndə Mirzə Məhəmməd Həsən haqqında kitab hazırlayıb oxuculara çatdırım. Mahmud Ağa haqqında da Səadət xanım Veysova ilə xeyli maraqlı və nadir məlumatlar topladıq. Həm atasının, həm də özünün şeirlərindən nümunələr əldə etdik, nəvə, nəticələri haqqında bilgilər öyrəndik, xatirələr topladıq, nəsil şəcərəsinin böyük qismini müəyyənləşdirə bildik....
Təbii ki, ötən əsrin 70-ci illərində XIX əsr musiqi, poeziya təsnələri, xeyriyyəçi bəy-bəyzadələrin bir çox uzaq qohumları, qonşuları, tay-tuşları, 80-90 yaşında məhəllə dostları hələ sağ idilər. Dünyagörmüş belə insanların yaddaşları maraqlı xatirələrlə zəngin idi. Ümumiyyətlə, Şamaxının son yüz ilinə aid bilgilər, məlumatlar, şəxsi arxivlərində isə əlyazmalar, sənədlər, şəkillər hələ də mövcud idi. O zaman onlara sual verib dinləmək, onlarla birlikdə sənədləri vərəqləmək, keçmişi xatırlamaq sadəcə, maraqlı və dəyərli idi. Bu gün isə zamanın aynasından keçmişə nəzər salanda topladığımız xatirə və sənədlərin əvəzsiz sərvət olduğuna sevinməmək mümkün deyil. Xalq artisti A.Gəraybəyli, Yavər Kələntərli, tarzən Hacı Məmmədov, general Tərlan Əlyarbəyovun oğlu Pərviz, xanəndə Sənəm, tarzən Qulam, Molla Məmmədağa, Şeyx Bayram, xanəndə Atamoğlan Fətəliyev, görkəmli pedaqoqlardan Əhməd Veysov, Davud Orucov, Ələsgər Sadıqov, İsmayıl bəy Fitdağlı, Ağasəf Məmmədov, Məhəmməd Əfəndiyev (Sündü), Bilal Nuriyev (Söylər), Xəlil Rəhimov (Şamaxı), Baba Əfəndiyev, Gülsüm Əfəndiyeva, Firidə xanım Paşabəyova-Veysova, Gülalı Əmrahov, Aşıq Barat, Əlhəmzə və başqalarından zamanında az da olsa müəyyən bilgilər, məlumatlar əldə edə bildik. Çox əfsuslar olsun ki, onların bildiklərini, danışdıqlarını bizdən asılı olmayan səbəblərə görə videokameranıın yaddaşına köçürə bilmədik. Əgər bu insanların xatirələrini, danışdıqlarını videogörüntülərdə, günümüzədək qorumaq mümkün olsaydı, tariximizin qaranlıq səhifələrinə nur çiləyərək erməni faşistlərinin 1918-ci ildə Şamaxıda törətdikləri vəhşiliklərin miqyas və amansızlığına ətraflı aydınlıq gətirmək olardı.
Stalin xofu ötəndən 30 il sonra, təxminən 70-80-ci illərdə 37-ci ilin repressiyası haqqında ömürləri boyu vahimədən susan insanlar artıq cəsarətə gəlib danışırdılar. Onların gözlərinin dərinliyindəki iztirablar, üzlərinin ifadəsi və bildikləri minlərlə fakt onlarla sənədli filmin ən faciəvi epizodlarını, ana xəttini və süjetini təşkil edə bilərdi. Etiraf etməliyik ki, biz həmçinin Azərbaycan mədəniyyətinin, musiqisinin tarixi ilə bağlı onlarla məşhur sənətkarın canlı görüntü və xatirələrini kinolentin yaddaşına almaq şansını birdəfəlik itirdik. Təəssüf ki, zamanın öz hökmü və insanların da öz qisməti var...
Uzun illər sonra yazdığım "Şamaxı", "Şirvanın 350 şairi", "Aşıqlar, el şairləri", "Şirvanlı Aşıq Mirzə Bilal", "1918-ci il Şamaxı soyqırımı", "Şirvan folklor mühiti", "Mirzə Məhəmməd Həsən Nalə" və s. kitablarımda həmin xatirələrdən xeyli istifadə etsəm də, şahidlərin canlı görüntülərinin qalmamasına bir vətəndaş kimi dərindən təəssüflənirəm. Çünki oxumaqla, canlı şahidləri görmək arasında yerlə göy qədər fərq var.
Bir çox dünya səyyahları kimi Avropa səyyahları da Azərbaycanı kəşf etmək, tanımaq və öyrənmək üçün ölkəmizi ziyarət edirdilər. Marko Polo, Klavixo, Kafarino, Zeno, İosof Varbaro, Antom Çenkinson, Aleksand Düma, Silberger, Engelbert Klimpoer, Adam Oliar və başqalrı müxtəlif əsrlərdə Azərbaycana gəlmiş, bir çox şəhərlərlə yanaşı, Şamaxıda da olmuşlar. Şamaxının tarixi, təbiəti, sənət elm və iman sahibləri, milli bayramları haqqındakı təəssüratlarında dəyərli və qiymətli fikirlər söyləmişlər…
Belə qərara almışdım ki, yayda oğlumun yanına Almaniyaya gedəndə bu ölkənin səyyahlarının şəxsi arxivləri ilə maraqlanım, onların əsərləri, əlyazmaları olan kitabxanalarda mütləq axtarışlarımı davam edim. Səfərimin uğurlu olacağına inamım da güclü idi. Ankara "Hacat Təpə" Universtetinin alman dili (tərcüməçi) ixtisası üzrə magistr təhsilini başa vuran oğlumdan şad xəbər aldım: "Ata, anamla səni yay tətilində Almaniyaya dəvət edirəm. Mütləq gəlin ha". Biz hazırlığa başladıq. İkinci bir xəbər səfərimizə əlavə bir sevinc də qatdı. Belə ki, may ayının ortalarında alim dostum İbrahim İbrahimov məni şad xəbərlə muştuluqladı ki, Almaniyadan səyyah-alim dostumuz – Jothar Veiss qonaq gəlir, özü də Şamaxını görmək üçün...
May ayının 15-də qonaqlarımı qarşlıladım. Jothar Veiss həyat yoldaşı, alim dostum Cəfər Qiyasi ilə Azərbaycana gəlmişdi. Onları tərcüməçi və bir də İbrahim müəllim müşayət edirdi. Haşiyə: XVII əsrdə daha dəqiq desək, 1683-cü ildə Şamaxıda bir aya qədər qonaq qalmış səyyahlardan biri də Engelberq Kempfer (1651-1717) olub. Bu tədqiqatçı alım Almaniyanın Zemqor şəhərində anadan olub. Ömrünün böyük hissəsini səyahətlərə həsr edib: Rusiya, Azərbaycan və İranda uzun müddət olub. Orta Asiyanı gəzib, İranı dolaşıb və hətta uzaq Yaponiyaya qədər gedib çıxıb. Sonda səyahətləri maraqlı tədqiqatlara, əsərlərə çevrilib. Bizim qonağımız professor Jothar Veiss də artıq neçə il idi ki, Kempferin olduğu ölkələrə onun marşrutu ilə səfərə çıxmağa qərar verir. İllər uzunu Veiss səyyahın bütün marşrutu boyu gəzib-dolaşır, onun olduğu ölkələri gəzir. Axırda Şamaxıya gəlib Kempferin xəritəsi üzrə araşdırmalar aparmağı qarşısına məqsəd qoymuşdu ki, biz də bu müqəddəs işində ona əlimizdən gələn yardımı etdik. Onunla birlikdə Şirvanşahlar sarayında olduq, İşərişəhərin qədim küçələrini gəzdik, Qız qalasına qalxdıq və onu maraqlandıran bütün suallara ətraflı cavab verdik. Jother Veiss Almaniyaya qayıdanda bizə mütləq məktub yazacağına söz verdi. Alman səyyahını yola saldıqdan bir neçə ay sonra - 2011-ci ililn yayında həyat yoldaşımla Almaniyaya yola düşdük.
Orada professor Veislə görüşdüm. O, bir daha Azərbaycanda keçirdiyi günləri səmimiyyətlə xatırladı, ona verdiyimiz məlumatlara, köməyə görə təkrar minnətdarlığını bildirdi. Eyni zamanda Almaniyada bizi maraqlandıran məlumatların əldə edilməsində bələdçilik etdi. Bizi Detmold şəhərindəki böyük kitabxanaya apardı. Orada oğlumun köməyi ilə vaxtilə Şamaxıda olmuş, böyük səyyah Kempferin arxivi ilə tanış oldum. Onun əsərindən Şamaxı şəhəri ilə bağlı maraqlı məlumatlar yazıb götürdüm. Bundan başqa Jothar Veissin köməyi ilə böyük alman səyyahının atası Ollearın (1599-1671) arxiv əlyazmaları ilə tanış oldum. Öyrəndim ki, türk dilində yaxşı bilən Ollear 1836-cı ilin dekabırında Şamaxıya gəlib və burada üç aya qədər qalıb. O əlyazmalarında bu şəhərdəki insanların hamısının "türkcə" danışdığını qeyd edir. Şamaxıdakı karvansaralar, hamamlar, Gülüstan qalası və şəhərdə olan mədrəsələr barədə ətraflı məlumat verir. Ollear Şərqin yeni ili - Novruz bayramının keçirilməsini öz gözləri ilə görüb, şamaxılıların Novruz bayramını necə keçirdiyini ətraflı təsvir edə bilib. Azərbaycan və Şamaxı ilə bağlı qədim səyyahların xatirələrinin toplanmasında Jothar Veissin mənə əvəzsiz yardım göstərdiyini mütləq qeyd etmək istəyirəm. Bundan başqa o, bizə öz qonaqpərvərliyini də elə şərqsayağı nümayiş etdirdi. Dəfələrlə evinə dəvət etdi, bizim üçün çay süfrələri açdı. Əyləşdiyimiz qonaq otağında Şərq, Azərbaycan ab-havası var idi. Divanın qənşərindəki Azərbaycandan gətirilmiş "al palaz" isə özümüzü evimizdəki kimi hiss etməyə imkan verirdi. Bir sözlə, doktor Jothar Veiss və alman dili mütəxəssisi, oğlum Təhmasibin köməyi və tərcüməçiliyi ilə vaxtilə Şamaxıda olmuş səyyah Kempfer, Adam Ollearın arxivindən Şamaxı ilə bağlı xeyli dəyərli materiallar əldə etdim…

Seyfəddin Qəniyev,
filologiya üzrə elmləri doktoru, professor