“Azərbaycan ərazisinin 20 faizinin işğal olunması...” Hadisə

“Azərbaycan ərazisinin 20 faizinin işğal olunması...”

Nazir Quliyev: "Çoxsaylı qadının öz daimi iş və yaşayış yerini itirməsinə səbəb olub"

Qadınlara qarşı zorakılıq dünya miqyaslı bir bəladır. O nə coğrafi sərhədlər, nə də yaş hədləri tanıyır və heç bir etnik və ya dini qrup bu bəladan sığortalanmayıb. Xüsusən silahlı münaqişələr zamanı qadınlar kütləvi şəkildə qəddar zorakılıq əməllərinin qurbanı olurlar. Bu gün qlobal miqyaslı problemlərdən olan qadınlara qarşı zorakılıq hallarının aradan qaldırılması istiqamətində müəyyən tədbirlər görülsə də, lakin problemi tamamilə həll etmək hələlik qeyri-mümkün olaraq qalır. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycanda da qadınların hüquqlarının pozulması və onların zorakılığa məruz qalması ilə bağlı faktlar mövcuddur. Azərbaycanda qadınlara qarşı zorakılığın əsas səbəbləri maddi və psixoloji asılılıq, erkən nikahlar, qadınların öz hüquqlarını bilməməsi və ailə mədəniyyətinin aşağı olmasıdır. Xüsusilə erkən nikahlar və qeyri-rəsmi nikahlar qadınların zorakılığa məruz qalmasına şərait yaradan əsas səbəblərdən biridir.
"Hüquq Dünyası" Hüquqi Təbliğat İctimai Birliyinin sədri Nazir Quliyev deyir ki, bəzi hallarda işəgötürənlər tərəfindən qadınlarla əmək müqaviləsinin bağlanmaması onların əmək hüquqlarının pozulmasına və müxtəlif zorakılığa məruz qalmasına səbəb olur: "Qadınların öz hüquqlarını yaxşı bilməməsi onların zorakılıq halları ilə barışmasına səbəb olur. Eyni zamanda, Azərbaycan ərazisinin 20 faizinin işğal olunması çoxlu sayda qadının öz daimi iş və yaşayış yerini itirməsinə səbəb olub. Bu isə həmin qadınların çətin həyat tərzi və bəzən zorakılıqla üzləşməsinə gətirib çıxarır. Əsas çətinliklərdən biri də internat müəssisələrini tərk edən gənc qızların cinsi və fiziki zorakılığa məruz qalması ilə bağlıdır. 18 yaşına çatmış belə qızların bir çoxunun daimi yaşayış və iş yerinin olmaması onların müxtəlif zorakılıqla üz-üzə qalmasına səbəb olur". Təşkilat sədri hesab edir ki, mövcud problemləri aradan qaldırmaq istiqamətində bir sıra addımların atılması vacibdir: "Hesab edirəm ki, qadınlara qarşı zorakılıq mövzusunda davamlı maarifləndirmə işi həyata keçirməlidir. Həmçinin insan alveri problemi ilə bağlı maarifləndirmə işi gücləndirilməlidir. Xüsusilə zorakılıq qurbanı olan qadınlara qeyri-hökumət təşkilatları tərəfindən hüquqi və psixoloji yardımların göstərilməsi işi artırılmalıdır. Bu fəaliyyət xüsusən regionlarda genişləndirilməlidir". Nazir Quliyev bildirib ki, zorakılıq qurbanı olan və insan alverinin qurbanı olan şəxslərin sosial adaptasiyası ilə bağlı xidmət mərkəzləri yaradılmalıdır: "Qadınlara qarşı zorakılıq və insan alveri problemi ilə bağlı televiziyalarda sosial reklamlar verilməlidir. Reklam haqqında qanun buna imkan verir. Eyni zamanda erkən nikahlara qarşı mübarizə məqsədilə maarifləndirmə işi gücləndirilməli və nikah yaşı artırılmalıdır və bu sahədə fəaliyyət göstərən QHT-lərə dəstək gücləndirilməlidir. Mütəmadi olaraq risk qrupları arasında araşdırma və sorğular aparılmalıdır". Nazir Quliyevin sözlərinə görə, bir çox hallarda müxtəlif QHT-lər tərəfindən fərqli məlumatlar səsləndirilir. Bunun üçün vahid statistikanın müəyyən olunması çox vacibdir.