Ənənəvi mediadan yalan məlimat yayanlara qarşı vahid mövqe Hadisə

Ənənəvi mediadan yalan məlimat yayanlara qarşı vahid mövqe

Vüqar Səfərli: "Monitorinq Qrupu yaradılmalı, bu saytların fəaliyyəti araşdırılmalı və cəmiyyətə açıqlanmalıdır"

Müşfiq Ələsgərli: "Hər hansı məlumatı pul qarşılığında saytdan çıxardıqdan sonra, dərhal digər saytlara da qoyulur və oradan da çıxarılması üçün pul tələb olunur"

Dünən Mətbuat Şurasının təşkilatçılığı ilə "Media və məsuliyyət: mövcud durum və perspektiv vəzifələrə baxış" mövzusunda dəyirmi masa keçirilib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi qurum daima ölkənin həyatında baş verən istənilən məsələyə həssas münasibət göstərib.
Şura sədri qeyd edib ki, istər yayda Azərbaycan-Ermənistan qoşunların təmas xəttində, I Avropa Oyunları zamanı Azərbaycan mətbuatı daima dövlətçiliyin yanında olub. Mətbuat Şurasının sədri həmçinin qeyd edib ki, qurum mütəmadi olaraq yazılı və internet medianın monitorinqini aparır.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, "APA Holding"in rəhbəri Vüsalə Mahirqızı çıxışında bildirib ki, media özünün ictimai nəzarət funksiyasından daim istifadə etməlidir: "Bu ictimai nəzarət olmayanda, bəzi qurumlar ictimai nəzarətdən kənarda qalanda sonrakı nəticə acınacaqlı olur".
Vüsalə Mahirqızı deyib ki, xəbər varsa, yazılmalıdır: "Bizə indi xəbər yazmaqla bağlı hər hansı məhdudlaşdırma yoxdur. Rəsmi qurumların və şəxslərin çağırışlarındakı narahatlıq yalan yaymaq, dezinformasiya ilə məşğul olmaqla bağlıdır. Yalan məlumat isə xəbər olmur. Xəbər obyektiv, qərəzsiz, tərəfsiz, qarşı tərəfin mövqeyinin işıqlandırıldığı, təsdiqini tapmış məlumata deyilir. Yalan olan artıq xəbər deyil və mediaya aidiyyəti yoxdur. Ona görə də mən də bu narahatlıqları bölüşürəm. Ciddi media strukturları özləri yalan məlumat yayanların olmamasında maraqlı olmalıdırlar".
Şirkət rəhbəri bildirib ki, bu məsələdə əsas istiqamətlərdən biri də cəmiyyətin mütəmadi olaraq ciddi informasiya ilə təmin edilməsi ilə bağlıdır: "Vəziyyətdən çıxış yolu rəsmi qurumların mətbuat xidmətlərinin baş verən istənilən hadisəyə operativ reaksiyasıdır. Baş verən son hadisələrlə bağlı Baş Prokurorluq rəsmi açıqlamalar yayıb. Məsələ belədir ki, onların da hüquq-mühafizə orqanı olaraq öz əsaslandırmaları var. Onlar da bildirirlər ki, ibtidai istintaq bitmədən ilkin informasiyadan başqa informasiya yaymaq qanuna ziddir. Eyni zamanda "KİV haqqında" qanun da ibtidai istintaqla bağlı Baş Prokurorluğun icazə olmadan məlumat yaymağı qadağan edir. Hüquq-mühafizə orqanlarının işinə də müdaxilə və təsir etmədən xəbər yaymağı bacarmalıyıq".
Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirib ki, qurum əksər KİV-lə bağlı monitorinq aparır. O, monitorinqin nəticəsi olaraq bəzi KİV-də qarşı tərəfin mövqeyinin verilmədiyini, qərəzli məlumatların yayıldığını qeyd edib: "Bəzən bir sıra saytlar fəxrlə yazır ki, biz filan nazirin filan vaxtı azad olunacağı barədə məlumatı yaymışıq. Açıb həmin sayta baxanda görürsən ki, o elə əksər nazirlərin işdən çıxması barədə nə vaxtsa məlumat yayıb. Bu cür əməllər yığışdırılmalıdır. Əgər qanunun sərt üzü göstərilsə, o zaman bu gün nə qədər media nümayəndəsi məsuliyyətə cəlb oluna bilər. Son vaxtlar dəb düşüb ki, bəzi "reket" saytlar bir neçə adlarla fəaliyyət göstərir. Hər hansı məlumatı pul qarşılığında saytdan çıxardıqdan sonra, dərhal digər saytlara da qoyulur və oradan da çıxarılması üçün pul tələb olunur".
Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib ki, bu gün Azərbaycan mediasında əsası olmayan xəbərlər yayılır. Bunların da əksəriyyəti onlayn mediada yayımlanır. O bildirib ki, hansı medianın yalan xəbər yaydığı hamıya məlum olsa da, ad açıqlanmır: "Təklif edirəm ki, bununla bağlı Monitorinq Qrupu yaradılsın. Bu saytların fəaliyyəti araşdırılsın və cəmiyyətə açıqlansın. Rabitə və Yüksək Texnologiyaları Nazirliyində baş verənlərlə bağlı şantaj xarakterli məlumatlar yayılır. Hər kəs bilir ki, o saytların arxasında kimlər durur. Mətbuat Şurası bu istiqamətdə ciddi tədbirlər görməlidir".
"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid də çıxışında bildirib ki, əsası olmayan, yalan məlumat yayan media orqanlarının adı açıqlanmalıdır: ""Ziya Məmmədov həbs olunub", "Fazil Məmmədov işdən azad olunub", "Qızlara Məhəmməd adı verilib" başlığı ilə xəbər yayan media qurumlarının adını açıqlamaq lazımdır".
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə bildirib ki, informasiya bu gün hər şeyə təsir edir: "Əgər bu informasiya deyil, dezinformasiyadırsa, ictimai süur da dezinformasiya kontekstində ictimaiyyəti manipulyasiya edir. Xaricdən manipulyasiya edilmiş informasiyalar mediaya, mediadan isə ictimaiyyətə ötürülür".
"Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov "reket qəzetlər"lə mübarizə sahəsində Mətbuat Şirasının ünvanına səslənən tənqidlərə toxunub. O, Mətbuat Şurasının bu sahədə ciddi addımlar atdığını qeyd etsə də, bəzi problemlərin hələ də qaldığını vurğulayıb.
Tədbirdə çıxış edən "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib ki, dəqiqləşdirilməmiş, şantaj xarakterli məlumatlar yayan saytın fəaliyyətində cinayət əməli varsa, ona qarşı hüquqi addımlar atılmalıdır: "Belə əməllərlə məşğul olanlar şəbəkələşmiş formadadırlar. Ona görə də onların üzərinə fərdi formada getmək lazım deyil. Onların üzərinə kütləvi şəkildə getmək lazımdır. Bu günə qədər belə qrupların əməlinə diqqət yetirilməməsi onların himayə olunmasıdır. Yəni, təsadüfi deyil. Ola bilər bu saytlar MTN-dəki artıq ifşa olunmuş qrup tərəfndən himayə olunub. Bunu demək bir qədər çətindir. Amma belə saytların nüfuzlu şəxsləri necə şantaj etdiyinin şahidi olmuşam".
Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev qeyd edib ki, son hadisələr fonunda bəzi xəbər portalları missionerliklə məşğul olub: "Dövlət hüquqi, eyni zamanda maddi baza formalaşdırıb. Lakin müəyyən xəbər saytları var ki, missionerliklə məşğuldur. Onlar xarici kəşfiyyat orqanlarının Azərbaycanda informasiya dövriyyəsinə buraxmaq istədikləri məlumatları həmin portallara ötürürlər. Bu da reketçiliyin başqa növüdür"

XC