“Cırıq qaşıq” Hadisə

“Cırıq qaşıq”

Yaxud ölüləri şahid gətirənlərə dirilərin cavabı

Dünyasını dəyişmiş şəxsləri şahid gətirmək, onların fikirlərini təhrif etmək, qəbul etdiyi qərarları kiminsə, yaxud kimlərinsə maraqlarına uyğun şəkildə təqdim etmək bütün dünyada əxlaq naqisliyi kimi qəbul olunur. Burda milli-mənəvi dəyərlər, mental xüsusiyyətlər kimi anlayışlar keçərli deyil. Yəni bir adam dünyasını dəyişibsə və haqqında irəli sürülən ittihamlara cavab vermək imkanı yoxdursa, onu mümkün qədər rahat buraxmaq lazımdı...
Amma təəssüf ki, bir çox hallarda bu bəşəri kodeksin də pozulduğunun şahidi oluruq. Həm də mətbuat nümayəndələri və ya jurnalist olduqlarını iddia edən şəxslər tərəfindən...
Deməli belə...
Nə zamansa "Azərbaycan dünyası" adlı qəzetin baş redaktoru olduğunu bildirən Amil Avoğlu adlı şəxs xəbər saytlarından birinə verdiyi açıqlamada Türkiyənin ermənilərə o zamankı prezident Əbülfəz Elçibəyin razılığı ilə taxıl verdiyini bildirib. Bununla bağlı "iştirakçısı olduğu" bir hadisənin detallarını da nəql edib. Nağılvari nəql edib, yəni... Hətta özünü qəhrəman kimi təqdim etməyi də unutmayıb. Avoğlunun nəqlinə görə, Vətən təəssübkeşliyinin cuşa gələrək göyü yumruqladığı bu hadisənin 2 şahidi olub – Əbülfəz Elçibəy və Nəcəf Nəcəfov... Onların da heç biri indi dünyada yoxdu...
Avoğlunun 90-cı illərin bəsit dələduz təfəkkürü və üslubu ilə öz "qəhrəmanlığını" ictimai rəyə sırımaq üçün "haqqını müdafiə etdiyi" Süleyman Dəmirəl də haqqın rəhmətinə qovuşub...
Amma sağ qalanlar, ermənilərə taxıl verilməsi hadisəsinə bilavasitə şahidlik edənlər da var və onlar sapsağlam həyatlarını davam etdirirlər.
Türkiyənin ermənilərə taxıl verməsi ilə bağlı hadisəyə həmin dövrdə qardaş ölkənin xarici işlər naziri olmuş Hikmət Çətin bir neçə il öncə, Mehmet Ali Birandın verilişində aydınlıq gətirib. Doğrudur, Mehmet Ali Birand da dünyasını dəyişib, amma kanal "D"-nin arxivi "ölməyib" və müxtəlif dövrlərdə Türkiyənin xarici işlər naziri görəvini daşımış 5 nüfuzlu siyasətçinin iştirak etdiyi həmin verilişin videoyazısını əldə etmək bir o qədər də çətin deyil.
Hikmət Çətin Birandın verilişində deyib ki, 1992-ci ildə Süleyman Dəmirəlin başçılıq etdiyi Türkiyə hökumətinə Avropa Birliyindən və Rusiyadan Ermənistanın ehtiyacı olan 41 min ton taxılı vermək üçün təkidli müraciətlər olub:
"Həmin vaxtlar Rusiyanın bu ehtiyacı ödəmək imkanı olmadı, Avropadan Ermənistana taxıl gətirmək üçünsə xeyli vaxt gərək olduğundan Türkiyə variantı ortaya çıxdı. Süleyman Dəmirəl isə mənə bununla bağlı Azərbaycanla əlaqə saxlamağı tapşırdı. Əbülfəz Elçibəy mənə bunun insanlıq məsələsi olduğunu bildirdi və etiraz etmədi".
Qeyd edək ki, Hikmət Çətinin həqiqətən də Əbülfəz Elçibəylə əlaqə saxladığını indiyədək həmin dövrdə Azərbaycanda hakimiyyətdə olan bir kimsə təsdiqləməyib. Elçibəy hökumətinin baş naziri olan Pənah Hüseyn Hikmət Çətinin məlum açıqlamasından sonra ona ünvanlanan suallara cavabında bu barədə məlumatlı olmadığını bildirib. Sitat: "Sözün doğrusu, mən Hikmət Çətinlə prezident arasında həmin söhbətin olub-olmadığını xatırlamıram. Proseslər necə cərəyan edib, bu barədə dəqiq bir söz deyə bilmərəm. Məsələdə adı hallanan prezident Elçibəy dünyasını dəyişib və bu barədə mülahizələrlə şərh vermək çətindir".
Çətindir, təbii ki... Hətta Hikmət Çətinin Elçibəylə telefon danışığı olubsa da belə, bu danışıq zamanı Ermənistana taxıl verilməsi ilə bağlı məsələnin necə əsaslandırıldığı da kimsəyə bəlli deyil. Çox güman ki, Süleyman Dəmirəl Hikmət Çətinə "Elçibəyin razılığını al" tapşırığını verib. O, isə sözgəlişi də olsa bu razılığı almaq üçün, Türkiyəyə ciddi təzyiqlərin olduğunu bilidirib və Elçibəydən dəstək istəyib... Vəssalam!
Guya Elçibəy razılıq verməydi nə olacaqdı?
Bəlkə bu gün Türkiyə ilə Ermənistan arasındakı 300 milyon dollarlıq ticarət dövriyyəsinə də Azərbaycan hökuməti razılıq verib? Yaxud Türkiyədən Ermənistana çarter reyslərini, sərnişin və yükdaşınma şirkətlərini azərbaycanlılar təşkil ediblər? Və ya Azərbaycan hökuməti Türkiyədən xahiş edib ki, Ermənistandan bu ölkəyə köç edən ermənilərin miqrasiya haqqında qanunun tələblərini necə pozduqlarına göz yumsun?

P.S. Əslində Amil Avoğlu adlı kimsənin tanımadığı və xatırlamadığı birisinin sərsəmləmələrinə cavab verməmək də olardı... Təbii ki, əgər Avoğlunun ittiham etdiyi və şahid gətirdiyi şəxslər sağ olsaydı. Amma ittihama tuş gələn və şahid gətirilən şəxslərin haqqın rəhmətinə qovuşduqlarını nəzərə alıb və dişimizi sıxıb bu "yuyulmamış qaşığa" cavab vermək məcburiyyətində qaldıq. "Yuyulmamış qaşıq" demişkən, Azərbaycanın çox kaloritli guşələrindən birində çəngələ "cırıq qaşıq" deyirlər... Bunu da sözgəlişi yazdıq.

BayMedia