Qəbələdə seminar-müşavirə keçirilib Hadisə

Qəbələdə seminar-müşavirə keçirilib

Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) təşkilatçılığı ilə "Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi" mövzusunda regional seminar-müşavirə keçirilib. Müşavirədə rayonların icra hakimiyyətlərinin nümayəndələri, bələdiyyə sədrləri, fermerlər, texniki nəzarət müfəttişliklərinin, meşələrin mühafizəsi və bərpası müəssisələrinin, "Aqrolizinq" ASC-nin təmsilçiləri iştirak ediblər.
Tədbirdə FHN-in fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. FHN-in Şimal-Qərb Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi Qüdrət Əzimov, DYNX-in təbliğat şöbəsinin əməkdaşları Rövşən Bəkirov və Elnur Hacıbabayev çıxış edərək yay mövsümündə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə, həmçinin meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması üçün qarşıda duran vəzifələrdən ətraflı danışıb.
Seminar-müşavirədə yay mövsümünün başlanması ilə əlaqədar respublika ərazisindəki meşə və meşə zolaqlarının, meşə ətrafında yerləşən obyektlərin yanğın təhlükəsizliyini təmin etmək məsələsi geniş müzakirə edilib.
Tədbirdə yanğına qarşı təbliğat işinə də geniş yer verilib. Dənli və texniki bitkilərin yığımı, daşınması, saxlanılması və emalı dövründə yanğın təhlükəsizliyi tədbirləri, meşə sahələrində yanğın təhlükəsizliyi tədbirləri, yanğın təhlükəsizliyi qaydalarının pozulmasına görə hüquqi məsuliyyət, əməyin mühafizəsi və texniki təhlükəsizlik mövzuları ətrafında çıxışlar olub. Tədbir iştirakçılarına "Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi tədbirləri" adlı yaddaş kitabçası paylanılıb.