Mənə xeyir-dua ver Hadisə

Mənə xeyir-dua ver

Dayım şair Vaqif Hüseynovun 80 yaşına sözardı


Səni kim çıxarıb bu mərtəbəyə?
Gözünə qan dolub, gücə düşmüsən.
Dırmana bilmirdin alçaq təpəyə
Uca dağ başına necə düşmüsən?

... Vaqif Hüseynovun bu misralarını oxuyanda orta məktəbin 6-cı, ya da 7-ci sinfində oxuyurdum. Dəqiq xatırlamıram. Amma yaxşı yadımdadır, bu misralar məni o zaman çox təəccübləndirmişdi... Orta məktəbdə müəllimlərimin təbliğ etdiyi dəyərlərlə ziddiyyət təşkil etdiyinə görə...
...O zamanadək tərənnüm şeirləri yazırdım. Hələ ədalətsizliyin, haqsızlığın nə olduğunu bilmirdim. Hələ əxlaqı naqislərin xəyanətkarlıqlarıyla, namərdlikləri ilə qarşılaşmamışdım. Hələ böyüməmişdim...
...O gündən, yuxarıda iqtibas gətirdiyim sətirləri oxuduğum və doğmalarımın verdikləri izahla dərk etməyə başladığım andan böyüməyə başladım. O gündən ağır və sağalmaz bir xəstəliyə, dərdə düçar oldum: Anlamaq dərdinə...
...Masallı rayonunun padişahlıq iddiasına düşən, qarşısındakılara yuxarıdan aşağı, qul-beçə kimi baxan 1-ci katibinin rəzil davranışlarına qarşı təkbaşına dirəniş göstərən və sonda şərəfə mindirdiyi redaktor kürsüsünü tərk edərək, Lənkəran radio qovşağındakı hücrəsinə çəkilən dayımın verdiyi həyat mücadiləsi mənə anlamaq dərdinin nə qədər böyük, nə qədər ağır bir yük olduğunu anlatmışdı...
İçimi, ruhumu, düşüncəmi dəyişən bu çevrilişdən sonra daha tərənnüm şeirləri yazmadım və oxumadım.
O gündən masamın üzərində dayımın qardaşıma və mənə hədiyyə etdiyi əlyazmalar yer almağa başladı. Bəxtiyar Vahabzadənin "Gülüstan" poemasını, Vaqif Hüseynovun və indi adlarını yaxşı xatırlamadığım neçə-neçə şairin qırmızı rus-bolşevik rejimi əleyhinə yazılmış şeirlərini oxuyaraq böyüdüm. İçimdəki sağalmaz anlamaq dərdi ilə birgə... böyüdüm.
...Vətənimizin "göy gözlü, sarı İblis" tərəfindən işğal olunduğunu Vaqif Hüseynovun şeirlərindən öyrəndim. Bir kimsənin rejim əleyhinə danışmağa cəsarət etmədiyi bir zamanda Vaqif Hüseynov həyatını riskə atıb
"Vətənimi çalıb-çapır bir göz gözlü, sarı iblis,
Azad gəzə bilərəmmi əsir olan torpağımda" deyə sual edirdi və əlyazma şəklində yayırdı şeirlərini. Əldən-ələ, dildən-dilə dolaşırdı Vaqifin şeirləri...
...Məhsul bayramlarında "Partiyamızdır" mahnısını, evdə Vaqif Hüseynovun "Gör dünyanın harasıdır?" şeirini oxuyurduq:

"Gör dünyanın harasıdır
Əti şəntir yüstələyib,
Yağı pendir üstələyib.
Yırdığımız zəncirləri
Çürük kəndir üstələyib..."

...Vaxtsız ölümündən 6 il sonra "çürük kəndir" qırıldı, istiqlalımıza qovuşduq, amma təəssüf ki, vətənimizin bir parçası hələ də "göy gözlü, sarı iblis"in tör-töküntülərinin işğalı altındadır...

***

Vaqif Hüseynov tərənnüm poeziyasının ardıcılı deyildi. Əgər olsaydı, uzun bir ömür yaşayardı - özü və doğmaları üçün...
...Vaqif Hüseynov yaşasaydı Vətəninin bir parçasının "göz gözlü, sarı iblis"in işğalı altında olduğunu yazardı! Düşünməyi və anlamağı bacaran hər kəsi narahat edən problemləri qələmə alardı...
Yazardı ki...

P.S. Dayım 49 yaşında vidalaşdı bu dünya ilə... Və mən indi onunla həmyaşıdam. Masamın üzərindəki kitabdan boylanan fotoşəklinə baxıram. Onunla bağlı xatirələrim ağ-qara kino lenti kimi keçir gözlərimin önündən...
Eşidirsən, dayı...
Yəqin ki, duyursan məni...
Sağlığında doyunca danışa bilməmişdim səninlə. Aramızdakı yaş fərqi böyük idi... Sən bu fərqi bir sözünlə, bir baxışınla aşsan da, mən aşa bilmirdim. İndi eyni yaşdayıq. Rahat danışa bilərik, maneəsiz, kənar müdaxilə olmadan...
Bu illər boyu həmişə mənimlə olmusan! Bax, indi ağ-qara kino lenti kimi gözümün önündən keçən xatirələrimdən boylanan taleyin də mənimlə olub. Amma tamamilə fərqli, doğmalarımın belə duymadığı, hiss etmədiyi şəkildə... Məni ayaq üstə saxlayan da sənin yaşadıqlarına və sənə yaşadılanlara etirazım olub! Hər dəfə qarşıma ilk baxışda keçilməsi mümkün olmayan maneələr çıxanda, şərin, böhtanın, qarayaxmanın ən ağlasığmaz təzahürləri ilə qarşılaşanda səni xatırlamışam. Ağ-qara fotolarda donub qalmış gözlərindən boylanan narın bir işıq seli yol göstərib mənə... Tərəddüdün heç bir an belə çəkməyib. Qaranlıqları yarıb keçən o işıq selinin nişan verdiyi bir ömrü yaşamağa çalışmışam.
İndi səninlə eyni yaşdayıq...
İndi sənin 49-da donub qalan ömrünün davamını yaşamaq və "Vaqif Hüseynov yaşasaydı..." sualına öz ömrümlə cavab vermək istəyirəm...
Mənə xeyir-dua ver...

Elçin Mirzəbəyli