Qarabağın işğalına aparan «Kürəkçay» müqaviləsi… Hadisə

Qarabağın işğalına aparan «Kürəkçay»  müqaviləsi…

1805-ci il mayın 14-də Rusiya imreriyası ilə Qarabağ xanlığı arasında "Kürəkçay" müqaviləsi bağlandı. Bu dönəm Qarabağın Rusiya imreriyası tərəfindən faktiki işğalı tarixidir. Ötən onillərdə Qarabağın başına gələnlər Rusiyanın bu tarixi bölgəyə daim imreriya maraqlarından yanaşdığını dəfələrlə sübut etdi. 1805-ci ilin mayında, eləcə də ondan əvvəl Azərbaycanın tarixi taleyində baş verən hadisələr faciəvi "Gülüstan" müqaviləsinə gətirib çıxartdı. Həticədə 1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində Azərbaycanın tarixi torpaqları Rusiya və İran arasında bölüşdürüldü. Tarixçi-alim Vaqif Abışov bildirir ki, həmişə olduğu kimi o dövrdə də dünyada vəziyyət hədsiz gərgin idi. Azərbaycanı bu faciəyə gətirib çıxaran ən başlıca səbəblərdən biri Azərbaycanın vahid dövlətinin olmaması idi. Qarabağ xanlığı 1748-1805-ci illərdə çağdaş Azərbaycan Resrublikasının ərazisində, Kür və Araz çayları arasındakı sahədə mövcud olub. Başqa Azərbaycan xanlıqları kimi Səfəvilərin süqutundan sonra yaranıb və Rusiyanın Qafqazı işğalı zamanı zəbt edilib. "Gülüstan" və "Türkmənçay" müqavilələri nəticəsində Rusiya imreriyasının, daha sonra Sovet Azərbaycanının tərkibində olub. Qarabağ xanlığı Səfəvilər imreriyasının süqutundan sonra hakimiyyətə gələn Nadir şahın öldürülməsi nəticəsində yaranmış Azərbaycan xanlıqlarından idi. Xanlığın əsasını Pənahəli bəy 1748-ci ildə qoyaraq özünü xan elan etmişdi. Qarabağ xanlığı İrəvan xanlığı, Şəki xanlığı, Gəncə xanlığı, Naxçıvan xanlığı, Qaradağ xanlığı, Cavad xanlığı və Şamaxı xanlığı ilə həmsərhəd idi. Pənahəli xan 1748-ci ildə Kəbirli mahalında Bayat qalasını, 1751-ci ildə Tərnəkütdə Şahbulaq qalasını tikdirdi. Şuşa qalası daha məşhur idi: əlçatmaz dağlarda yerləşirdi, tədricən xanlığın iqtisadi, siyasi paytaxtına çevrildi.

Tarixçi Mirzə Adıgözəl bəyin və başqalarının yazdığına görə, Şuşada həmişə barıt istehsal edən zavod işləyirdi. Xəncər, qılınc hazırlayan sənətkarlar, misgərlər daşdan müxtəlif istehsal vasitələri - dəyirman daşları, kirkirələr, daş qazanlar və başqa əşyaları hazırlayn ustalar da Şuşada yerləşirdilər. Xanlıqda 500-ə yaxın işləyən dəyirmanın ayrı-ayrı hissələri daşdan və taxtadan hazırlanırdı. Bazar günləri isə istər Şuşada (həm də qala ətrafında) və bir çox mahallarda yarmarka tirli ticarət həftə bazarı təşkil edilirdi. İbrahim xanın dövründə xanlığın tacirləri Şəki, Şamaxı, Gəncə xanlıqlarında istehsal olunan irəyi alıb onu xarici bazara çıxara bilmişdilər. Məşhur Qarabağ atları, Qarabağ xalçaları da ticarətin mühüm sahələri idi. İrana ararılan malların şəhərlər üzrə kömrük xərci müəyyən edilmişdi. Türkiyə Qarabağ tacirlərini özünə cəlb etmək məqsədilə onları bu xərcdən azad etmişdi. Qarabağ xanlığının heç yerdə işlənməyən özünəməxsus ölçü vahidləri vardı. Şuşada məşhur daş karxanaları ilə yanaşı 2 kərpic zavodu da vardı. Sabun bişirən müəssisə şəhəri və ətrafı sabunla təmin edirdi.
Qarabağ xanlığının Rusiya tərkibinə daxil edilməsi ərəfəsində Şimali Azərbaycanda əhalinin sayına görə Şirvan xanlığından (135.000) sonra ikinci yerdə olmuşdu. Həmin dövrdə Qarabağda 1 şəhər, 638 kənd olmuşdu, əhali 90 min nəfərə çatırdı. Salnaməçilərin fikrincə, xanlığın varlığı dövründə əhalinin sayı və sıxlığı təxminən iki dəfə artmışdı. 1748-ci ildə yaranmış Qarabağ xanlığı 1805-ci ildə süqut etdi. Rusiya-İran müharibəsinin II hissəsinin qurtarmasını bildirən Türkmənçay sülh müqaviləsinin XV bəndinə əsasən ermənilərin İrandan Cənubi Qafqaza hərəkətinə icazə verildi. Nəticədə İranda məskunlaşmış ermənilər Cənubi Qafqaza köçürüldü. İlk vaxtlar erməni ailələri əsasən Qarabağa, Şəkiyə, Naxçıvana, İrəvana, Göyçəyə və Şamaxıya köçürüldü. Təkcə 1828-ci ilin sonunda Bərdədə mindən çox erməni ailəsi məskunlaşdırılmışdı. Q.D.Lazarev, İ.F.Paskeviç və s. rus generalları erməniləri daha çox İrəvan ərazisinə köçürtməyə çalışırdılar. Bu da təsadüfi deyildi, Osmanlı imreriyası, gürcü xanlıqları, İranla isə Naxçıvan vasitəsi ilə qonşu olan İrəvan xanlığının ərazisi hər üç dövlətə təzyiq etmək üçün gözəl ərazi idi. Buna görə də ermənilər sonradan buraya köçürülməyə başladı.
Tarixçi Qasım Hacıyev yazır: "Kürəkçay müqaviləsi tarixşünaslıqda obyektiv tarixi həllini tapmayıb. Hətta bu problemin lazımi şəkildə tədqiq edilməməsi uydurma erməni "tədqiqatlarının" yaranmasına səbəb olub. Onlar Rusiyanın Qarabağ xanı ilə bağladığı bu müqavilənin bağlanmasında məliklərin rolunu şişirdərək, guya hansısa böyük qüvvəyə malik olan erməni məlikliklərinin müqavilənin bağlanmasında rolundan və iştirakından danışırlar. Hansı ki, bu məlikliklər alban məliklikləri idi və bunlar da müqavilənin bağlanmasında iştirak etmələri heç bir rəsmi sənəd və faktla təsdiq edilmir. İkincisi, bu müqavilənin bundan əvvəlki şərhlərində isə Qarabağ xanının könüllü rəyinin Rusiya hökuməti tərəfindən nəzərə alınaraq könüllülük əsasında rəsmləşdirilməsi kimi qeyd edilirdi. Xanın yaranmış hərbi-siyasi şərait nəticəsində belə bir müqaviləyə qol çəkmək məcburiyyətində qalması məlum olmuşdu.
Gəncənin işğalına qədər və hətta İrəvan xanlığına hücum ərəfəsində İbrahim xana rəğbətlə, mehribanlıqla müraciət edən Sisianovun sonrakı hərəkətlərinin uyğun gəlməməsi Rusiyanın əyalət siyasətinin davamı və buna xidmət edən Sisianovun hiyləgər xarakteri idi. İbrahimxəlil xanı Rusiyanın əbədi müttəfiqi kimi qələmə verərək onu inandırması və Cavad xanla münasibətlərini kəskinləşdirərək birinin digərinə kömək etməsi əvəzində bir-birindən uzaqlaşması və laqeydliyi əvvəl Gəncə xanlığının, onun ardınca isə Qarabağ xanlığının tarixi taleyinin acı sonluqla nəticələnməsinə gətirib çıxardı. Sisianovun hansı yolla olur olsun qələbəsi nəinki, Qarabağın taleyini həll etdi, hətta tarixin də saxtalaşdırılmasına səbəb oldu.
Sovet dövrü tarixçilərinin bunu könüllü birləşmə adlandırmasına baxmayaraq, rus tarixçiləri bunu qəhrəmanlıq, qələbə, fəth adlandırırdılar. P.Q.Butkov yazırdı ki, "bu qəhrəman qələbə polkovnik Karyagin, mayor Kotlyarovski və knyaz Sisianovun adı ilə bağlıdır". Yeri gəlmişkən, Krasnodar şəhərində 1991-ci ildə mərkəzi tarix muzeyində təşkil edilmiş sərgidə "Rusiyanın Qafqazdakı hərbi qələbələri"ni əks etdirən tarixi nümunələr və kitabların nümayiş etdirilməsi bu deyilənləri bir daha sübut edir".
Q.Hacıyev araşdırmasında daha sonra yazır: "10 sentyabr 1806-cı ildə I Aleksandrın fərmanı ilə Mehdiqulu ağa Qarabağın yeni hakimi təyin edildi. İmperatorun fərmanında bunula əlaqədar qeyd edilirdi: "Biz, imperator I Aleksandr bəyan edirik: bütün yüksək üləmalar, hörmətli başçılar, əyyanlar, bəylər, sərkərdələr, kənd ağsaqqalları, kəndxudalar və bütün Qarabağ vilayətinin sakinləri bilirlər ki, keçən il rəhmətlik İbrahim xan bizim çar nümayəndəsi general knyaz Sisiyanovla birlikdə "Andlı öhdəlik" imzaladılar və general indi onu imperator sarayına gətirdi.
XIX əsrdə Azərbaycan əhalisinin vəziyyəti belə idi ki, nəinki Qarabağ, həmçinin İrəvan və Naxçıvan xanlığında əsas yeri Azərbaycan əhalisi tuturdu. Türk səyyahı Evliya Çələbi bu barədə qeyd edir ki, hələ XVII əsrdə İrəvanda 2500 ev, 10000-12000 əhali var idi. Azərbaycan əhalisi bunun yarısını təşkil edirdi. XVIII əsr müəllifləri Momıye və A.Q.Ohanesyan XVIII əsrin birinci rübünə aid məlumatda qeyd edir ki: "Ermənilər İrəvan şəhərinin əhalisinin dördüncü hissəsini, azərbaycanlılar isə çoxunu təşkil edir". Qarabağın Rusiya ilə Kürəkçay müqaviləsi ərəfəsində Qarabağdakı rus qoşunları dəstəsinin rəisi Kotliyarovski baş komandana raportunda qeyd edirdi ki: "1805-ci ildə Qarabağın Rusiyaya daxil olması mənim sorğuma görə 1808-ci ildə düzəldilmiş cədvəl üzrə 10 000 ailə sayılıb".
Qeyd etmək lazımdır ki, həmin illərdə müharibə zamanı çoxlu miqdarda Azərbaycan əhalisi məhv oldu. 19 iyul 1811-ci ildə Rusiya xarici işlər naziri O.P.Kozodavlevə təqdim olunan digər bir sənəddə bu məsələ barədə göstərilirdi: "Qarabağ vilayətində əhali 12 000 ailə qeydə alınıb ki, bunların da 2500-ü erməni ailəsidir (bu erməni adlandırılanlar albanlardır -qeyd müəllifindir), yerdə qalanları məhəmmədi dinli tatarlardır" (Присеодинение восточный Армении к Росии, Ереван, 1972, 560-562). 1822-ci ildə Qarabağ xanlığı ləğv olundu. Onun yerinə eyni adlı əyalət yarandı. "Kürəkçay" (1805-ci il), "Gülüstan" (1913-cü il) və "Türkmənçay" (1828-ci il) müqavilələrindən sonra Qarabağın taleyi ilə bağlı erməniləşdirmə prosesi üçün şərait yaradıldı.
Rusiya dövləti Qarabağa ermənilərin köçürülməsinə hər vasitə ilə səy göstərir, hər cür şərait yaradırdı. Bundan sonra Qarabağda siyasi, iqtisadi və mənəvi cəhətdən müstəmləkəçilik siyasəti gücləndi. İran və Türkiyədən köçürülmüş erməni əhalisinin Qarabağın boşalmış kənlərində yerləşdirilməsi və sonralar tədricən yerli azərbaycanlı əhalisinin sıxışdırılıb çıxarılması hesabına etnik tarazlığın pozulması hesabına Qarabağın azərbaycansızlaşdırma siyasəti yeridildi ki, bu barədə yazılı mənbələrdə kifayət qədər məlumatlar verilir. Alban xristian kilsəsinin ləğv edilib erməni qriqorian kilsəsinə tabe edilməsi də etnik sıxışdırma prosesinin davamı idi.
XX əsrin əvvəllərində Rusiya imperiyasının dağılmasından istifadə edərək müstəqillik qazanan Azərbaycan Cənubi Qafqazda ilk cümhuriyyət qurdu. Lakin onun yaşamasına imkan verilmədi. "Qızıl ordu" adı altında rus bolşevik ordusu Türkiyə ilə əlaqələrin yaranmasına imkan verməmək üçün onların arasında nə yolla olur olsun, erməni dövləti yaratmağa cəhd göstərdi və buna nail odu. Əzəli türk-oğuz torpaqları, əhalisinin dörddə üçü türk əhalisi olan İrəvanda Ermənistan dövləti yarandı, Zəngəzur və Göyçə ona verildi. Yuxarı Qarabağda DQMV yaradıldı. Sovetlər dövründə hər cür köməkliyə arxalanan ermənilər Dağlıq Qarabağı Azərbaycandan ayırmaq planı üzrə fəaliyyətini gizli şəkildə davam etdirdi. Sovet hakimiyyəti süquta uğrayan kimi qriqoryan kilsəsinin, xarici təşkilatların və diaspora qüvvələrinin maddi və mənəvi dəstəyi hesabına Azərbaycanın Qarabağ bölgəsini və onun ətrafındakı 7 rayonu işğal etdi".

Uğur